Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub Featured

Fariz Əhmədov,

"Ədəbiyyat və İncəsənət" portalının Naxçıvan təmsilçisi

 

Teatrlarımız son dövrlər özlərinə marağı artırmaqdadırlar, xeyli fəal görünən teatrlardan biri də Naxçıvan Dövlət Milli Dram Teatrıdır. Bu günlərdə teatrın direktor müavini, Əməkdar artist və Prezident mükafatçısı Səməd Canbaxşiyev Türkiyənin İzmir şəhərində ustad dərsi aparıb.

 

Səfər Türkiyənin tanınmış kino və teatr aktyoru, İzmir Qarşıyaka Bələdiyyə Teatrının qurucularından olan Zəkəriyə Hocaların dəvəti ilə reallaşıb. Qonaq teatrda təşkil edilən Yay Teatr Təlim Kursunun gənc iştirakçıları ilə bir araya gəlib. Görüş zamanı gənc aktyorlara Naxçıvan teatrının zəngin tarixi, yaradıcılıq ənənələri və teatr sənətində tətbiq edilən Stanislavski sistemi haqqında ətraflı məlumat verilib, müxtəlif tamaşalardan səhnəciklər canlı təqdim olunub.

Türkiyənin tanınmış teatr xadimi Özdəmir Nutkunun qızı Zeynəb Nutkunun rəhbərliyi ilə keçirilən təlimin müəllimləri Yıldırım Önür və Qəmzə Vardar, eləcə də gənc iştirakçılar ustad dərsinin yüksək səviyyədə təşkilinə görə naxçıvanlı qonağa minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində  İzmirdəki Hikmət Şimşək Sənət Mərkəzi və Suat Taşer Açıq Hava Teatrı və Sənət Mərkəzi ilə də tanışlıq keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.