Qağa, kaan, kağan – milli kimliyimizin GİZLİ kodu Featured

 Rauf Zeyni,

“Ədəbiyyat və incəsənət”

 

Son dövrlərdə bəzi araşdırmalar apardım. Maraqlı nəticələri media sahəsində çalışan dostlarım çap etdilər, insanlar oxudular və çox dəyərli, qiymətli fikirlər bildirdilər. Belə ziyalıların, oxucuların və dostların diqqətinə, qayğısına və verdikləri dəyərə görə hər birinə təşəkkür edirəm. Beləliklə, araşdırmalar davam edir.

 

Dünyanın düz vaxtlarından, yəni mənim kiçik yaşlarımdan, ağlımız kəsən dövrlərdən etibarən, əsasən qohum-əqrəba arasında insanların bir-birinə müraciət formaları, xüsusilə də mənasını bilmədiyim sözlər, adlar və deyimlər yaddaşıma həkk olunurdu. Zaman-zaman onların mənasını axtarırdım.

Belə sözlərdən biri də konkret bizim eldə – Zəngəzurda və Azərbaycanın başqa regionlarında babaya, ataya, əmiyə, böyük qardaşa edilən “Ay Qağa!” müraciəti idi. İnsanlar nəyə görə bir-birinə belə müraciət edirdi? Xüsusilə də bu müraciətin müəyyən coğrafiyada geniş yayılması son illərdə məni bu məchulu araşdırmağa daha çox sövq edirdi.

Maraqlıdır, çox maraqlıdır: bu sözün mənbəyi haradan qaynaqlanırdı?

Müasir dövrdə bəzi həmvətənlərimiz bu sözlə bir-birini aşağılayır, hətta təhqir edirdilər: “Bəzi rayonlardan ‘Qağa’lar yığılıb gəliblər şəhərə, bizim auramızı, mədəniyyətimizi korlayıblar”. Biz də onlara izah edirdik ki, həmin regionlar Azərbaycana və bəşəriyyətə böyük dahilər bəxş ediblər. Siz heç olmasa onların adlarını bilirsinizmi?

Beləliklə, mən konkret “QAĞA” sözünü araşdırmağa başladım. Təvazökarlıqdan uzaq olsa da, araşdırmaların nəticəsi olaraq yüz illər boyu gözümüzün önündə olan böyük bir məchulu aşkar edə bildim.

Sən demə, “QAĞA” milli kimliyimizin GİZLİ tarixi kodlarından biri imiş. Təəssüf ki, uzun illər boyu ziyalılarımız və alimlərimiz buna kifayət qədər diqqət yetirməyiblər.

Gəlin sadə məntiqlə sözün ehtimal olunan tarixçəsinə birlikdə baxaq.

QAĞA – KAAN – KAĞAN – XAQAN

Bu adların hamısı qədim türk dilindəki “Xaqan” (böyük hökmdar, xanlar xanı) titulundan yaranmışdır.

Qədim Hun, Göytürk və Monqol imperiyalarında dövlətin başçısına, imperatora “Kağan” və ya “Xaqan” deyilirdi. Bu titul sıravi bir xandan daha üstün, mütləq hakimiyyətə malik hökmdarı ifadə edirdi.

Bu ad coğrafiyadan və tələffüz xüsusiyyətlərindən asılı olaraq müxtəlif formalarda işlənmişdir.

Kağan – adın ən qədim və orijinal türk formalarından biridir. Ortadakı “ğ” hərfi adın tarixi köklərini və əzəmətini qoruyub saxlayır. Daha çox Türkiyədə və tarixi adlara üstünlük verənlər tərəfindən seçilir.

Kaan – “Kağan” adının zamanla yumşalaraq və qısalaraq müasirləşmiş formasıdır. Tələffüzü və yazılışı daha asan olduğuna görə hazırda həm Türkiyədə, həm də Azərbaycanda son illərin populyar oğlan adlarından biridir.

Xaqan (Khagan) – Azərbaycan, İran və Mərkəzi Asiya türkləri arasında daha çox yayılan tarixi formadır. Sərt “X” səsi ilə başlayır və birbaşa imperator titulunu xatırladır.

Qaan (Qağan) – xüsusilə Monqol imperiyası dövründə (məsələn, monqol xaqanları üçün) işlədilən və sərt tələffüz olunan variantdır.

Bu adları daşıyan şəxslərə adətən aşağıdakı xüsusiyyətlər aid edilir:

– Liderlik, güclü iradə və idarəetmə qabiliyyəti;

– Müstəqilliyə meyillilik və cəsarət;

– Ədalətli olmaq və ətrafındakıları qorumaq instinkti.

Kaan, Kağan və bunlarla eyni kökdən gələn adlar qədim türk və monqol dövlətçilik tarixinə əsaslanan, güclü energetikaya və dərin mənaya malik adlardır.

Azərbaycanda Kaan və Xaqan adları fərqli populyarlıq səviyyələrinə malikdir və son illərin statistikasında özünəməxsus yer tutur.

Kaan – son illərdə (xüsusilə Türkiyə seriallarının və mədəniyyətinin təsiri ilə) Azərbaycanda müasir və populyar oğlan adları sırasına daxil olmuşdur. Hər il yüzlərlə ailə yeni doğulan oğlan övladına bu adı verir. Baxmayaraq ki, ölkədə ilk onluqda hələ də Uğur, Raul, Hüseyn və Əli kimi adlar liderlik edir, Kaan “modern və qısa türk adları” kateqoriyasında ən çox seçilən adlardan biridir.

Xaqan – bu forma ölkəmizdə daha ənənəvi və köklü hesab olunur. Sərt tələffüzünə görə Azərbaycanda yaşlı nəsil arasında da bu ada rast gəlinir.

Kağan – “ğ” hərfi ilə yazılan bu orijinal variant isə Azərbaycanda rəsmi sənədlərdə çox nadir hallarda seçilir. Valideynlər daha çox “Kaan” formasına üstünlük verirlər.

 

Tarixə ekskursiya:

Bu adı daşımış tarixi şəxsiyyətlər (Göytürk hökmdarları):

Bumin Xaqan (Kağan) – Böyük Göytürk İmperiyasının (Xaqanlığının) qurucusudur. 552-ci ildə Juan-Juan əsarətinə son qoyaraq müstəqil türk dövlətini elan etmiş və ilk “İl xaqan” titulunu almışdır.

İstəmi Xaqan – Bumin Xaqanın qardaşıdır. İmperiyanın qərb qanadını yabqu kimi idarə etsə də, faktiki olaraq xaqan səlahiyyətlərinə malik idi. İpək Yoluna nəzarət uğrunda Sasani və Bizans imperiyaları ilə apardığı diplomatik siyasəti ilə tanınır.

Mukan Xaqan – Bumin Xaqanın oğludur. Onun dövründə Göytürk dövləti ən qüdrətli mərhələsini yaşamış, sərhədləri Sakit okeandan Qara dənizə qədər genişlənmişdir.

İltəriş (Qutluq) Xaqan – İkinci Göytürk Xaqanlığının qurucusudur. Çin əsarətində olan dağınıq türk tayfalarını bir araya topladığı üçün ona “İltəriş” adı verilmişdir.

Bilgə Xaqan (Kağan) – İltəriş Xaqanın oğludur. Qardaşı Kültigin və məşhur vəzir Tonyukuk ilə birlikdə dövləti idarə etmişdir. Onun adına ucaldılan Orxon-Yenisey abidələri (Göytürk yazıları) türk dili və dövlətçilik tarixinin ən qədim yazılı sənədləridir.

Yekun olaraq, mənim araşdırmalarıma görə aydın olurki, QAĞA sözü KAĞAN sözünün yüzillər boyu müəyyən qədər təhrif olunmuş formasıdır. Böyük Azərbaycan xalqı, xüsusilə Oğuz türkləri, Böyük Xaqan Bilgə Kağanın şərəfinə bu sözü böyük sevgi ilə əsrlər boyu yaşadaraq müasir dövrümüzə qədər gətirib çıxarmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.