Türk Onur Akın Hollivudda dörd nominasiya üzrə dörd birinci mükafata layiq görülüb Featured

Gülnarə Cəmaləddin,

AYB Sumqayıt bölməsinin sədri

“Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə dostumuz, dəyərli şair, yazıçı Fetki Akının oğlu rejissor, ssenarist  Onur Akının Hollivudda dörd nominasiya üzrə dörd birinci mükafata layiq görüldüyü xəbərini aldım. Bu qürurverici xəbərlə bağlı Fethi bəyə zəng vurdum, təbrik etdim və istədim bunu bütün türk dünyası duysun, eşitsin və bilsin. Çünki sənət adına qazanılan hər mükafat hamımızın fəxr edə biləcəyi məsələdir.

 

Və telefonda Fethi bəylə bir xeyli sənət, ədəbiyyat söhbəti etdik. Məlum oldu ki, qızı Damla Akın Yalçın da filmin afişanı hazırlayıb və hazırladığı afişa da ən yaxşı afişalar kateqoriyasında birinci yeri tutub. Bütün türk dünyasını bu uğurlu mükafata görə təbrik edirik və sənət uğrunda, ədəbiyyat uğrunda inadla mübarizə aparıb, millət adına belə uğurlu mükafatlar qazanan bütün gənclərimizə Onur bəy və Damla xanım başda olmaqla təşəkkürümüzü bildirirk və uğurlarınız davamlı olsun deyirik.Fethi bəylə elədiyimiz telefon söhbətini də qələmə aldım, onun fikirləri ilə həmrəy oldum. İstədim ki, onunla etdiyimiz söhbəti oxucularımız da oxusun, duysun...

 

-Gənc rejissor, ssenarist Qürur Akın Hollivuddda “Dörd nominasiya üzrə dörd birincilik” mükafatına layiq görülüb.

 

-Bunun sevincini, qürurunu yaşamağın necə bir hiss olduğunu izah etmək çox çətindir. Çünki qürur, sözlərin daşıya biləcəyindən daha ağır bir duyğudur.Lakin bu gün söyləyəcəklərim yalnız bir ailənin qürur duya biləcəyindən də ötədir. Bu sətirlər, illərdir sənətin içində yaşayan, şeir, musiqi, ədəbiyyat və kinonun böyük zəhmət bahasına başa gəldiyini bilən bir insanın iç mühasibliyidir. Yaşadığımız illər ərzində oğlum Onur Akının ssenarisini yazdığı, baş rolda oynadığı və rejissorluq etdiyi "Mən Mentor" adlı qısametrajlı filmi, Hollivudda Kino Sənəti və Elmlər Akademiyasının Film Avardsda dörd ayrı kateqoriya üzrə dörd birincilik mükafatı qazandı.

Ən yaxşı  qısametrajlı film.

Ən  təsirli qısametrajlı Film.

Ən yaxşı rejissor işi

Ən yaxşı xarici qısametrajlı film.

-Dörd nominasiya üzrə dörd birincilik.

Eyni zamanda Halikarnas Film Festivalında qızım Damla Axın Yalçın tərəfindən hazırlanan "Mən Mentor "filminin afişası, ən yaxşı afişa kateqoriyasında birinci yerə layiq görülüb. Kino insanı  üçün bundan daha böyük bir təqdir düşünmək asan bir iş deyil. Əlbəttə, ata olaraq qürurlandım. Lakin məni düşündürən, mükafatların özündən çox, bu müvəffəqiyyətin ölkəmizdə nə qədər əks-səda verməsi oldu. Çox qəribədir ki, dünyanın təqdir etdiyi bu müvəffəqiyyət, öz ölkəmizdə vizual və yaxud yazılı mətbuatda bir neçə sətirlik  xəbər olaraq  verildi.

Çünki biz, müvəffəqiyyəti alqışlamaq üşün çox vaxt geçikən bir cəmiyyətdə yaşayırıq. Bir sənətkar öz ölkəsində səssizcə film çəkir. Öz imkanlarıyla mübarizə edir.Layihələr hazırlayır.Qapılar döyür.Dəstək axtarır.Çox vaxt " olmaz" cavabını alır.

Sonra bir gün o sənət adamı dünyanın o biri ucunda öz gücünə mükafat qazanır. O zaman dönüb baxırıq. Halbuki o müvəffəqiyyətin yolu o mərasimdən başlamamışdır. O müvəffəqiyyət ilk xəyalin qurulduğu gün, ilk ssenarinin yazıldığı gecə, ilk redd edildiyi zaman xəyallarından vaz keçmədiyi anda, müvəffəqiyyətsiz sınaqdan sonra yenidən ayağa qalxıldığı zaman başlamışdır. Gerçək mükafat əslində böyük çətinliklər, əziyyətlər bahasına qazanılır. Çox təəssüf ki, biz  nəticəni alqışlayır, amma əsil zəhməti  görmürük. Sənətin ən böyük tənhalığı da burdan başlanır. Türkiyə tarix boyunca çox böyük sənətkarlar yetişdirdi. Şairlər, yazıçılar, bəstəkarlar, musiqiçilər, rejissorlar, aktyorlar, rəssamlar…

Bunların bir hissəsi əsl dəyərini ya xaricdə aldı, ya da həyatdan köçdükdən sonra. Yaşayarkən tənha qalan insanların ardınca mədhiyyələr yazmağı sevirik. Bəlkə də ən böyük günahımız budur. Çünki alqışımız çox zaman  gecikir. Halbuki sənət gözləmir. Zaman gözləmir. Gənclik isə heç gözləmir.

Bu gün dünyanın hər hansı bir ölkəsindəki gənc rejissorlarla yarışa bilən türk ssenaristlərimiz var. Beynəlxalq festivallarda mükafat alan gənclərimiz var.Texnologiyanın imkanlarından geniş şəkildə istifadə edən, universal dil bilgisinə malik, güclü hekayələr yazan  yeni bir nəsil yetişir. Bu nəsil köhnə düşüncələrlə qalmır, yeni xəyallara yol alır. Onların ən böyük ehtiyacı təkcə maddi dəstək deyil, inanılmaq, görülmək, dinlənilmək, yaradıcılıqlarına dəyər və qiymət verilməsidir. Çünki sənət, yalnız pul ilə yüksəlmir. Sənət etibarla irəliləyir.

Bir ölkə gənc sənətçilərinə nə qədər güvənsə, mədəniyyəti də o qədər inkişaf edər. Kino bunun ən güclü nümunələrindən biridir.

Bir qısametrajlı film, bəzən iki saatlıq uzun bir filmdən daha çox şey deyə bilir. Çünki məsələ vaxtda deyil. Məsələ deyilə biləcək sözdədir. Bu gün Hollivudda mükafat alan filmləri araşdırdıqda görürük ki, böyük madiyyatdan əvvəl böyük fikirlər əsas əhəmiyyət daşıyır. Kamera dəyişir. Texnologiya inkişaf edir. Efektler yenilənir. Lakin insanın hekayəsi isə heç bir zaman dəyişmir və köhnəlmir.Yaxşı yazılmış bir hekayə, dünyanın hər yerində insanda eyni duyğunu oyadır.Sənətin əsl dili budur. Sənət tərcüməçiyə ehtiyac duymaz. Pasporta ehtiyac duymaz.Sərhəd tanımaz.

 Ssenarist, aktyor və rejissor Onur Akının aldığı dörd mükafat təkcə ailəsi üçün qürur mənbəyi deyil. Bu müvəffəqiyyət ölkəmizdə yetişən gənc sənətkarların doğru yol seçdikləri zaman nələr edə biləcəklərinin dəlilidir.

Bu gün bir rejissor mükafat aldı, sabah bir.bəstəkar, ertəsi gün bir elm adamı, sonra bir idmançı, bir musiqiçi... Müvəffəqiyyət yoluxucudur. Yetər ki onu görməyi bacaraq. Yetər ki qiymətini zamanında anlaya və verə bilək.

Bir cəmiyyətin inkişaf etməsi yalnız onun iqtisadiyyatı ilə ölçülməz.Mədəniyyətə verdiyi dəyərlə ölçülər. Sənətə ayırdığı vaxtla ölçülər. Gənclərə etdiyi etibarla ölçülər.

Bir ölkənin gələcəyi tikdiyi binalar, çəkdiyi yollarla bərabər, yazdığı romalarda, bəstələdiyi mahnılarda və çəkdiyi filmlərdə də gizlidir.

Bu səbəblə bir film üçün Hollivuddan gələn dörd mükafat, təkcə dörd kubokdan ibarət deyil. Onlar səbrin, əməyin, əzmin, inadın mükafatıdır.

Bir ata olaraq əlbəttə, qürur duyuram. Ancaq bununla bərabər, vətəndaş olaraq da bir diləyim var.

Keşkə alqışlarımız müvəffəqiyyət qazanıldıqdan sonra deyil, mübarizə davam edərkən yüksəlsin. Bax, o gün yalnız sənət və sənətkar qazanmayacaq. Bütün türk dünyası qazanacaq. Çünki sənətin və sənətkarın əsl mükafatı  kuboklar deyil, yetişdiyi torpaqların onlara yiyə çıxmasındadır.

Və bütün bunlara baxmayaraq, eyni filmin dünyanın müxtəlif festivallarında qazandığı on yeddi mükafatdan hələlik bəhs etmirəm. Çünki qarşıda tamamlanacaq yeni qısametrajlı filmlər, festivallarda qazanılacaq yeni müvəfəqiyyətlər və mükafatlar var. Gəlin öncədən alqışlamağı öyrənək...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.