Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
TÜRKSOY təkcə beynəlxalq bir təşkilat deyil, eyni zamanda ortaq türk kimliyinin, mədəni yaddaşının və tarixi irsinin qorunmasına xidmət edən ən mühüm platformalardan biridir. Qloballaşmanın milli dəyərləri sürətlə dəyişdirdiyi bir dövrdə türk xalqlarını ortaq dil, ədəbiyyat, incəsənət və tarix ətrafında birləşdirmək missiyasını üzərinə götürən bu təşkilat illərdir türk dünyasının mədəni körpüsünə çevrilib.
TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət nazirlərinin imzaladığı saziş əsasında yaradılıb. Sonrakı illərdə təşkilata müşahidəçi və tərəfdaş statusunda digər türk icmaları da qoşulub. Qurumun əsas qərargahı Ankarada yerləşir. Hal-hazırda quruma Qırğəzəstanın tanınmış yazıçısı Sultan Raev başçılıq edir.
Təşkilatın fəaliyyəti yalnız mədəni tədbirlərlə məhdudlaşmır. TÜRKSOY ortaq türk irsinin araşdırılması, klassik ədəbiyyat nümunələrinin nəşri, folklorun yaşadılması, musiqi festivallarının, teatr günlərinin, rəssamlıq sərgilərinin və elmi konfransların keçirilməsi ilə türk dünyasının mədəni xəzinəsini gələcək nəsillərə çatdırır. Novruz bayramının beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən layihələr də bu fəaliyyətin mühüm hissəsidir.
TÜRKSOY-un ən diqqətçəkən layihələrindən biri "Türk Dünyasının Mədəniyyət Paytaxtı" proqramıdır. Hər il türk ölkələrindən bir şəhər bu ada layiq görülür və həmin şəhərdə il ərzində onlarla beynəlxalq tədbir təşkil edilir. Bu layihə şəhərlərin tanıdılmasına, turizmin inkişafına və ortaq mədəni irsin təbliğinə mühüm töhfə verir.
Azərbaycan TÜRKSOY-un fəaliyyətində xüsusi yer tutur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi, dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli şair Məhəmməd Füzuli və digər sənətkarların yubileyləri təşkilat tərəfindən beynəlxalq səviyyədə qeyd olunub. Şuşanın türk dünyasının mədəni həyatında tutduğu mövqeyin gücləndirilməsi istiqamətində də TÜRKSOY müxtəlif layihələr həyata keçirib.
Bu gün türk dünyası Balkanlardan Sibirin dərinliklərinə, Aralıq dənizindən Altaylara qədər uzanan böyük bir coğrafiyanı əhatə edir. Fərqli dövlətlərdə yaşasalar da, ortaq tarix, oxşar dillər, eyni mənəvi dəyərlər və zəngin mədəni irs bu xalqları bir-birinə bağlayır. TÜRKSOY isə həmin bağları daha da möhkəmləndirən, mədəni əməkdaşlığı siyasi sərhədlərin fövqünə qaldıran nüfuzlu təşkilatdır.
Mədəniyyət bir xalqın yaddaşıdır. Yaddaşını itirən millət gələcəyini də itirə bilər. TÜRKSOY-un fəaliyyəti göstərir ki, ortaq irsi qorumağın ən doğru yolu onu yaşatmaq, öyrənmək və dünyaya tanıtmaqdır. Türk xalqları arasında qarşılıqlı etimadın, dostluğun və həmrəyliyin güclənməsində bu təşkilatın rolu hər il daha da artır. Məhz buna görə də TÜRKSOY təkcə mədəniyyət təşkilatı deyil, türk dünyasının ortaq ruhunu yaşadan və gələcəyə daşıyan mühüm bir birlik simvoludur.
“Ədəbiyyat və incəsənət”
(15.06.2026)


