Bakıda özbək şairin kitabı – “Məktubdur ömrüm” Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ömür sanki bir məktubdur. Yaşayaraq onu yazırsan, sonra da onu göndərirsən. Həyat bitir...

Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni bağların inkişafına daha bir töhfə olaraq yeni nəsil özbək poeziyasının nümayəndələrindən olan, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Jurnalistlər Birliyinin başqanı Şöhrət Arifin “Məktubdur ömrüm” adlı şeirlər kitabı Bakıda, Azərbaycan dilində gün üzü görüb. Bəri başdan deyək ki, kitabda şeirlərin orjinalı da verilib.

 

Kitab barədə məlumat almaq üçün üz tutduq DGTYB başqanı, şair İntiqam Yaşara, O bildirdi ki, kitab müəllifin Azərbaycan oxucusu ilə ilk geniş poetik görüşü olmaqla yanaşı, iki qardaş xalq arasında ortaq ədəbi-mədəni yaddaşın yeni mərhələdə inkişafına xidmət edən əlamətdar layihədir. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmış, sevgi və həsrət, zaman və tale, insan və Tanrı, yol və yaddaş kimi əbədi mövzular çağdaş poetik təfəkkür prizmasından təqdim edilmişdir. 

Nəşr Dünya Gənc Türk Yazarlar Birliyi ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olaraq hazırlanmışdır. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi bağlarının möhkəmləndirilməsi və çağdaş özbək poeziyasının Azərbaycan oxucusuna təqdim edilməsidir. 

Nəşrin redaksiya heyətinə Azərbaycan və Özbəkistanın tanınmış ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri daxildir:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin başqanı, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının Azərbaycan dilinə uyğunlaşdırdığı kitabın redaktoru da Əkbər Qoşalı, məsləhətçiləri RHİMİB sədri Arzu Bağırova və Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Dr. Xasiyyət Rüstəm, bədii rəyçiləri AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, DGTYB başqanı, şair İntiqam Yaşar, koordinatoru RHİMİB sədr müavini Nilufər Lətifdir. 

160 səhifədən ibarət olan “Məktubdur ömrüm”da Şöhrət Arifin poetik dünyasının əsas motivləri – sevgi, ilahi eşq, mənəvi axtarış, zaman, yol, insanın iç dünyası, vətən duyğusu və ümumbəşəri dəyərlər özünəxas bədii-estetik dillə ifadə olunmuşdur.

Kitabın giriş bölümündə Arzu Bağırovanın “Tanıtım” yazısı, həmçinin Əkbər Qoşalının geniş “Önsöz”ü yer alır. Hər iki yazıda yazarın yaradıcılıq özəllikləri, Azərbaycan–Özbəkistan ədəbi-mədəni körpülərinin tarixi və gələcəyi incələnir. 

“Məktubdur ömrüm” yeni şeirlər toplusu olmaq etibarıyla, həm də Türk dünyasının ortaq söz məkanına üz tutan mənəvi layihədir. Bu nəşr Azərbaycan və Özbəkistan arasında son illərdə daha da genişlənən humanitar işbirliyinin, ortaq mədəni yaddaşın və qarşılıqlı ədəbi tanıtımın uğurlu örnəklərindən biri kimi dəyərləndirilir.

“CN Poliqraf”da çıxan kitab geniş oxucu auditoriyası, özəlliklə özbək poeziyası ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.