“Mən kiməm? Bəlkə hamısı, bəlkə də heç biri...” Sümeyye Baştürk Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bugünkü müsahibimiz qardaş Türkiyənin dəyərli yazarlarından biri, Sümeyye Baştürk xanımdır.

 

-Salam Sümeyye xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.

 

Mən Sivasın dağ kəndlərindən birində dünyaya göz açmışam. Beş yaşımdan on iki yaşıma qədər ailəmdən uzaqda, təbiətin qoynunda yerləşən həmin dağ kəndində babam və nənəmlə birlikdə böyümüşəm. Daha sonra, məhz liseyə başlayacağım yaşlarda ailəmin yanına – İstanbula köçmüşəm. Universitetdə Türk Dili və Ədəbiyyatı ixtisasını bitirmiş, məzun olduqdan dərhal sonra isə müəllimlik fəaliyyətinə başlamışam.

Əslində kitablara olan dərin bağlılığım universitet illərindən sonra daha da gücləndi. Əvvəl böyük bir mütaliə sevgisi yarandı, ardınca isə içimdə susdurmaq mümkün olmayan yazmaq həvəsi doğuldu. Bir tərəfdən müəllimlik edərkən, digər tərəfdən ədəbiyyat jurnallarında redaktor və müəllif kimi fəaliyyət göstərməyə başladım. Hazırda da sözlərlə öz dünyamı qurmağa davam edirəm.

Ümumilikdə desək, Sümeyyə Baştürk bundan ibarətdir. Amma yenə də "Mən kiməm?" sualının mənim üçün cavabı hər zaman bir az natamam, bir az artıqdır...

Mən kiməm? Bəlkə hamısı, bəlkə də heç biri...

 

-İlk qələm təcrübənizi necə xatırlayırsınız?

 

Bir çox yazıçı kimi, mənim də yazıçılıq yolum şeirlə başladı. Şeir sanki biz yazıçılar üçün ilk qapını açan, yolu göstərən bir bələdçi kimidir... Mən də uzun müddət şeirin həmin bələdçiliyi ilə irəlilədim. Lakin sonradan, mənim üçün hər zaman sirr olaraq qalacaq bəzi uğursuz səbəblərə görə şeir yazmağı dayandırdım və hekayə janrına üz tutdum.

Əslində, mən həmişə zəngin xəyal dünyasına sahib insan olmuşam. Beynimdə bir süjet qurdum və uşaqlığımdan yaddaşımda iz buraxan insanları, əşyaları öz təxəyyülümlə birləşdirərək kağıza köçürdüm: babamın radiosu, babam yaşlarında qoca bir kişi və onun qovuşa bilmədiyi sevdiyi qadın... Beləcə ilk hekayəm yarandı.

Həmin hekayəni bir ədəbiyyat dərgisinə göndərdim. Uzun müddət heç bir cavab gəlmədiyi üçün qəbul olunmadığını düşündüm. İçimdə dərin bir məyusluq var idi; elə bilirdim ki, bu yolçuluq başlamadan başa çatdı. Amma bir gün aldığım müsbət elektron məktub hər şeyi dəyişdi. Hekayəm qəbul edilmişdi. Məhz o an anladım ki, oxumaq kimi, yazmaq yolunun da qapıları mənim üzümə sonuna qədər açılıb.

İlk yazıçılıq təcrübəmi həmişə belə xatırlayıram: bir az ümid, bir az ümidsizlik, amma hər şeydən çox, o şirin keçid anı...

 

 -Əsərlərinizi yazarkən əvvəlcədən plan qurursunuz, ya əksinə?

 

Əşyalar, insanlar və hadisələr məndə dərin izlər buraxır. Məsələn, hər hansı bir əşya haqqında uzun-uzadı düşünürəm; onun məndə oyatdığı hissi mərkəzə qoyaraq: "Bununla bağlı bir hekayə yazmalıyam", – deyirəm. Başlanğıcda planım adətən yalnız bundan ibarət olur.

Bundan başqa, yazmaq üçün masa arxasına əyləşəndə beynimdə nə qədər dəqiq süjet xətti qursam da, çox vaxt onu olduğu kimi yaza bilmirəm. Yazmaq mənə qəfil gələn bir hissdir və həmin an yetişəndə hər şeyi bir süjetə çevirirəm. Hətta elə olub ki, bir il ərzində yalnız adı mövcud olan bir hekayəni ilham gəldiyi anda bir oturuşda yazıb tamamlamışam.

Yəni yazı prosesində hər şeyi əvvəlcədən planlaşdıraraq irəlilədiyimi demək doğru olmaz. Mən daha çox hisslərimin və həmin anın çağırışının ardınca gedirəm.

 

 -Obrazlarınızı yaradarkən real həyatdan götürürsünüz?

 

Bəli, qəti şəkildə. Hekayələrimin əksəriyyətində baş qəhrəman ya birbaşa mən oluram, ya da ətrafımda rastlaşdığım, müşahidə etdiyim insanlardan biri. Həyatın içindəki bu gerçəklik mənim ən böyük ilham mənbəyimdir.

Ona görə də dostlarıma zarafatla deyirəm ki, əgər həyatlarını hekayələrimdə oxumaq istəmirlərsə, mənimlə çox da yaxın münasibət qurmasınlar. Əlbəttə, bunu zarafatla söyləyirəm. Amma açığını desəm, bu zarafatın həqiqət payı heç də az deyil.

 

-Hansı yazıçılar yaradıcılığınıza təsir edib və ən çox sevdiyiniz əsərlər hansılardır?

 

Məni sözlərin sehri ilə tanış edən və yaradıcılığı ilə ilk təsirləndirən yazıçı Cengiz Dağcı oldu. Daha sonra Emine Işınsu, Cingiz Aytmatov, Ahmet Hamdi Tanpınar, Yaşar Kemal, Sait Faik Abasıyanık, Peyami Safa və Füruzan kimi ədəbiyyatımızın nəhəng simaları mənim yazıçılıq yoluma istiqamət verdilər. Əlbəttə, Cengiz Dağcının mənim yaradıcılıq dünyamdakı yeri hər zaman dəyişməzdir. Digər yazıçılar isə oxu marşrutuma uyğun olaraq zaman-zaman dəyişə bilər. İlk anda ağlıma gələn və mənim üçün ən dəyərliləri bunlardır.

Ən sevdiyim əsərlərə gəlincə isə, əslində siyahı kifayət qədər uzundur. Amma mənim üçün ilk sırada hər zaman mədəniyyətimizin və dilimizin təməl daşlarından biri olan "Dədə Qorqud dastanları" dayanır. Onun ardınca Cengiz Dağcının, xüsusilə "Onlar da insandı" romanı başda olmaqla bütün yaradıcılığını, Cingiz Aytmatovun "Əlvida, Gülsarı" və "Qırmızı yaylıqlı qovağım" kimi tanınan "Selvi Boylum Al Yazmalım" əsərini, Yaşar Kemalin "İlanı öldürsələr", Ahmet Hamdi Tanpınarın "Saatları qurma institutu", Füruzanın "Parasız yatılı" və Peyami Safanın "Tənhayıq" ("Yalnızız") romanını xüsusi qeyd edə bilərəm.

 

-Türkiyəli yazıçıları oxumaqdan zövq alırsınızmı?

 

Bəli, türk yazıçılarını oxumaqdan böyük zövq alıram. Kitablarına sığındığım, sözləri ilə böyüdüyüm bir çox dəyərli yazıçı bu gün həyatda olmasa da, bizə miras qoyduqları əsərlər yolumu işıqlandırmağa davam edir.

Əlbəttə, mən yalnız keçmişin köklü ədəbi simaları ilə kifayətlənmirəm. Müasir türk ədəbiyyatını və bu gün yaradan yazıçıları da yaxından izləyirəm. Yeni nəşr olunan əsərləri əldə etməyə, heç olmasa hər müəllifin bir kitabını mütləq oxumağa çalışıram ki, onun bədii dünyasını, dilini və üslubunu daha yaxından tanıya bilim.

 

 -Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

 

Azərbaycan ədəbiyyatını, əlbəttə ki, çox sevir və yaxından izləyirəm. Füzuli ədəbiyyatımız üçün əvəzolunmaz, təməl simalardan biridir. Bununla yanaşı, Bəxtiyar Vahabzadənin şeirlərini oxumaqdan da böyük zövq alıram.

Yaxın zamanda dəyərli şair Vahid Əziz bəylə tanış olmaq fürsəti qazandım. Bundan başqa, Azərbaycandan olan bir çox gənc nəsil şairlə də əlaqə saxlayırıq. Təsisçisi olduğum ədəbi jurnalda gənc şairlərin yaradıcılığına geniş yer verməyə çalışırıq.

Bir də Şəhriyarın «Heydərbabaya salam» poeması var ki, mənim üçün yeri tamamilə başqadır. Nə vaxt doğma yurduma, uşaqlığımın keçdiyi o dağ kəndinə getsəm, bu əsər beynimdə yenidən səslənir. Xüsusilə bu misralar məni hər zaman dərindən təsirləndirir:

Heydərbaba, yolum səndən kəc oldu,

Ömürüm keçdi, gələmmədim gec oldu,

Heç bilmədim gözəllərin necə oldu.

 Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var

 

 -Sosial media və rəqəmsal platformalar yazıçılıq karyerasına necə təsir edir?

 

Əslində bunun həm müsbət, həm də mənfi tərəfləri var.

Müsbət tərəfi odur ki, yazdıqlarınız oxuculara çox asanlıqla çatır. Oxucuların sizinlə əlaqə saxlayaraq yazılarınızın onlarda necə bir iz buraxdığını bölüşməsi isə olduqca böyük motivasiyadır. Hekayələrinizin kiminsə həyatına toxunduğunu görmək sanki öz əllərinizlə yetişdirdiyiniz ağacın bəhrəsini dadmaq kimidir.

Amma medalın bir də o biri üzü var. Təəssüf ki, çox istedadlı yazıçıların populyarlığın qurbanına çevrildiyinin şahidi oluruq. Təkcə sosial şəbəkələrdən aktiv istifadə etmədikləri üçün kəşf olunmağı gözləyən (və ya bəlkə də bunun heç qayğısını çəkməyən) neçə-neçə qiymətli qələm sahibinin əsərləri çox dar bir oxucu çevrəsində qalır.

Təəssüf ki, bu gün bir yazıçı nə qədər populyardırsa, sanki bir o qədər də yaxşı yazıçı hesab olunur. Halbuki bunun belə olmadığını mən yazıçılıq dünyasının içərisinə daxil olduqdan sonra çox aydın şəkildə dərk etdim.

Bəs bu sahənin içində olmayanlar bunu necə ayırd edə bilərlər? Cavab çox sadədir: Yaxşı oxucu olmaqla...

 

 -Uğurlu nəticə əldə etdiyiniz maraqlı bir təcrübəni bölüşə bilərsinizmi?

 

Bir gün təsvirlərlə həddindən artıq yüklənmiş bir şeir oxumuşdum. Bu gün elə bir təsəvvür formalaşıb ki, guya şeir nə qədər mürəkkəb və anlaşılması çətindirsə, bir o qədər də yaxşı hesab olunur. Mən də bu yanaşmanı tənqid etmək üçün maraqlı bir addım atdım.

Ağlıma gəldikcə bir-biri ilə əlaqəsi olmayan cümlələri yazdığım təsvir dəftərimi qarşıma qoydum. Həmin qeydləri ardıcıl şəkildə alt-alta düzüb, sanki bir şeir imiş kimi tərtib etdim və bir ədəbi jurnala göndərdim.

Bir müddət sonra jurnaldan müsbət cavab gəldi və şeirimi dərc etdilər. Hətta onu bəyənən və paylaşanlar da oldu. Halbuki məqsədim sadəcə həmin mürəkkəb şeir anlayışını tənqid etmək idi; belə bir nəticə ilə qarşılaşacağımı heç gözləmirdim.

Bu, mənim üçün həqiqətən də çox maraqlı və təəccüblü bir uğur olmuşdu.

Məni həm öz sözlərimlə, həm də uşaqlıq xatirələrimlə yenidən görüşdürən, bu səmimi söhbət imkanı yaradan "Ədəbiyyat və incəsənət" portalına təşəkkürümü bildirirəm. Aramızdakı ortaq ruhu ədəbiyyatın qurduğu körpü vasitəsilə yenidən hiss etmək mənim üçün çox dəyərli oldu. Qardaş ölkə Azərbaycanın bütün oxucularına, qəlbi ədəbiyyat sevgisi ilə döyünən hər kəsə sevgi və ən xoş arzularımı çatdırıram.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.