İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yola çıxdıqlarınla yolda tapdıqlarını dəyişərsən — həm yolu itirərsən, həm dostlarını.
İki cür insan vardır — zaman keçdikcə xətalarıyla üzləşən,zaman keçdikcə üzsüzləşən.
Necip Fazıl Kısakürek
Bu gün böyük türk mütəfəkkiri, şair və yazıçısı Necip Fazıl Kısakürekin həm doğum, həm də anım günüdür.
O, 25 may 1904-cü ildə İstanbulda dünyaya göz açıb. Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxan atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçib. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) alıb.
Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransaya göndərilib Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil alıb.
Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləyib. Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik edib.
Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlayıb, ilk şeirlərini "Yeni Məcmuə"də dərc etdirib (1922). "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanıb.
Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi "Hörümçək toru" ("Örümcek Ağı", 1925) və "Səkilər" (bu şeri çox məşhur olduğu üçün ona bəzən "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") də deyirlər) ("Kaldırımlar", 1928) adlı şeir kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi "Mən və ötəsi" (1932) kitabı ilə isə bu şöhrəti daha da artır.
Şöhrətinin zirvəsində ikən fəlsəfi axtarışlarını davam etdirib, içində yeni bir dövrün doğum sancısını hiss edən Nəcib Fazıl üçün 1934-cü il həqiqətən də həyatının yeni bir dövrünə başlanğıc olar. Dərbədər həyatının ən tünd rəngiylə yaşadığı günlərdə Bəyoğlu Ağa Məscidində vəz verməkdə olan Abdülhakim Arvasi ilə tanış olar və bir daha ondan qopa bilməz. Nəcib Fazılın az qala bütün həyat fəlsəfəsinin əks olunduğu dram əsərlərini bir-birinin ardınca ədəbiyyatımıza qazandırması da bu dövrə təsadüf edir.
"Toxum", "Pul", "Bir Adam Yaratmaq", "Rəis bəy" kimi pyesləri böyük əks-sədaya səbəb olur. Bu əsərlərdən "Bir Adam Yaratmaq" türk dramaturgiyasının əsasını təşkil edir. Nəcib Fazılın şairliyi və oyun yazıçılığı qədər əhəmiyyətli istiqaməti, çıxardığı jurnallarla düşüncə həyatımıza qatdığı zənginlik və bu jurnallarda çıxan yazılarla davam etdirdiyi mübarizədir. Həftəlik Ağac jurnalı (1936,17 ədəd) dövrün məşhur ədəbiyyatçılarının toplandığı bir məktəb olub.
Tez-tez bağlanılan və müxtəlif bəhanələrlə yığdırılan Böyük Şərqin çıxmadığı müddətlərdə gündəlik lətifə və müxtəlif yazılarını Yeni İstanbul, Son Məktub, Babıalide Səhər, Bu gün, Milli Qəzet, Hər gün və Tərcüməçi qəzetlərində nümayiş olundu. Böyük Şərqdə çıxan yazılarında öz imzası xaricində Adıdeğmez, Mürid, Əhməd Abdülbaki kimi təxəllüslərdən istifadə edib.
1962-ci ildən etibarən də az qala bütün Anadolu şəhərlərində verdiyi konferanslarla böyük əlaqə yığıb. Başda İdeoloqa Hörgüsü (1959) olmaq üzrə düşüncə əsərləriylə mədəniyyət həyatımıza verdiyi böyük xidmət, digər bütün istiqamətlərini belə geridə buraxacaq üstünlükdədir. 1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilib.
Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin "Böyük Mükafat"ına, "İman və İslam atlası" adlı əsərinə görə fikir əsəri kimi "Milli Kültür Vəqfi mükafatı"na (1981), Türkiyə Yazıçılar Birliyinin "Ali Xidmət mükafatı"na (1982) layiq görülüb. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs Şüara" (Şairlər Sultanı) Fəxri adını alıb. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilib.
Ədib 25 may 1983-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


