Türkiyədə Azərbaycan kinosu rüzgarı əsdi... Featured

 

Meltem Demirkıran (Türkiyə)

Tərcümə və uyğunlaşdırma: Rəqsanə Babayeva

“Ədəbiyyat və incəsənət”

 

 Qardaşlıq bağları ağ pərdədə yenidən canlandı

Türkiyə və Azərbaycan dünyasını kino çətiri  altında birləşdirən “Azərbaycan Kino Günləri” İzmir, Bursa və Ankarada keçirilən yüksək iştiraklı nümayişlərlə başa çatdı. İki ölkənin nazirliklərinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbir ortaq tarixi yaddaşı gənc nəsillərə ötürməyi hədəflədi.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilən “Azərbaycan Kino Günləri” ötən həftə boyunca Türkiyənin müxtəlif şəhərlərində kinosevərləri bir araya gətirdi. Azərbaycan Kino Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin də tərəfdaşları arasında yer aldığı layihə iki qardaş ölkə arasında mədəni diplomatiyaya yeni nəfəs verdi.

Açılış İzmirdə tarixi toxunuşla baş tutdu

Tədbirin ilk ünvanı olan Ege Universitetində açılış filmi kimi “Nargin: Sona Qədər Sirli” sənədli filmi nümayiş olundu. Birinci Dünya Müharibəsi dövründə Nargin adasında yerləşən əsir düşərgəsində saxlanılan Osmanlı əsgərlərinin həyat mübarizəsini və Azərbaycan türklərinin göstərdiyi tarixi fədakarlıqları əks etdirən ekran işi izləyicilərə duyğusal anlar yaşatdı. Nümayiş tarixçilər və akademiklər tərəfindən iki xalqın taleyinin birliyinin ən təsirli nümunələrindən biri kimi qiymətləndirildi.

Bursa və Ankarada klassik və müasir nümunələr

Proqram çərçivəsində Bursa və Ankarada keçirilən nümayişlər Azərbaycan kinosunun həm klassik, həm də müasir istiqamətini nümayiş etdirdi:

Klassiklərin gücü: Uludağ Universitetində təşkil olunan retro nümayişdə Azərbaycan kinosunun əfsanəvi filmi “Qaynana” tamaşaçılara təqdim olundu.

Akademik maraq: Ankarada Gazi Universitetinin tələbələri üçün təşkil olunan xüsusi sessiyada “Cənnət Yuxusu” filmi nümayiş etdirildi. Bursa Osmangazi Göstəri Mərkəzində “Buta”, Mudanya Universitetində isə “Zəfər Rəqsi” filmləri böyük maraqla qarşılandı.

İştirakçıların geniş marağı ilə başa çatan “Azərbaycan Kino Günləri” gələcəkdə bu kimi layihələrin davam etdiriləcəyinə dair ümidləri daha da gücləndirdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.