Aşıq ədəbiyyatına, uşaq ədəbiyyatına o qədər töhfə verib ki... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yaşayıram

 

Bircə kəlməm dilə düşsə,

Gəzib əldən-ələ düşsə,

Keçib eldən-elə düşsə,

Bilərəm ki, yaşayıram.

 

Bir əlsizə gərək olsam,

Çörəksizə çörək olsam,

Yıxılana dirək olsam,

Bilərəm ki, yaşayıram.

 

Yaxşı olsam yamanlara,

Həyan olsam qananlara,

Düşsəm qara-boranlara,

Bilərəm ki, yaşayıram.

 

Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. (Hazırda Ermənistan ərazisidir). 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil alıb, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirib

 

Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxuyub, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləyib.

1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlayıb. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub.

Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görüb. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanınu şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirib.

Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyil göstərib. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirib, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak edib (o, tələbə vaxtı universitet komsomol komitəsində mədəni-kütləvi işlər üzrə şöbə müdiri, fakültə komsomol təşkilatının katibi, müəllim işlədiyi illərdə universitet Həmkarlar Komitəsi bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri kimi vəzifələri aparmışdır).

Bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınan elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. 1971-ci ilin əvvəlindən Müasir Azərbaycan ədəbiyyatı (müstəqillik dövrünə qədər "Azərbaycan sovet ədəbiyyatı" kafedrası adlanırdı) kafedrasında dosent işləyən Qara Namazov elmi-pedaqoji fəaliyyətini müasir Azərbaycan ədəbiyyatının aktual problemlərinə yönəldib.

Bu yöndə həm elmi araşdırmaları davam etdirib, həm də ümumi və xüsusi kurslardan mühazirələr oxuyub. O, "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyinin yazılmasında onun müəlliflərindən biri kimi A. Şaiq, Ə. Cavad, Ə. Cəmil, N. Rəfibəyli, M. Dilbazi, M. Araz və Məstan Günərin (Əliyev) yaradıcılığı haqqında oçerklər yazıb. Qara Namazov respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb

 

1974-cü ildə geniş həcmli uşaq ədəbiyyatı proqramı çap etdirdikdən sonra bütün tarixi mərhələləri əhatə edən dörd kitabdan ibarət toplu çap etdirib: "Oğluma nəsihət", "Balalara töhfə" və iki cilddə "Azərbaycan uşaq ədəbiyyatı antologiyası". Antologiyanın birinci cildinə 1920-ci ildən müasir dövrə qədərki poeziyadan seçmələr, ikinci cildinə isə həmin dövrün nəsr nümunələri toplanıb.

Qara Namazov "Gənclik" nəşriyyatının 50 cilddən ibarət nəşr etdiyi Dünya uşaq ədəbiyyatı seriyasında XIX–XX yüzillərdə yazılan povestlər və hekayələri daxil edib, bu seriyaya Azərbaycan nəsrinin təkamülü haqqında geniş ön söz də yazıb. 1983-cü ildə ilk dəfə Qara Namazovun ali məktəb tələbələri üçün "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyi çap edilib

Bakı Dövlət Universitetində 40 ilə yaxın uşaq ədəbiyyatını tədris edən Qara Namazov bu sahədə fəaliyyətini ardıcıl davam etdirərək uşaq ədəbiyyatı sahəsində daha çox yazıb-yaradan görkəmli şair və yazıçılar haqqında müntəzəm olaraq mətbuatda çıxış edib, onların əsərlərindən ibarət nümunələri ayrı-ayrı toplularda çap etdirib. Aşıq yaradıcılığının öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirən Qara Namazov orta yüzillərin aşıq və saz şairləri haqqında silsilə məqalələrinin mətbuatda işıq üzü görməsinə nail olub.

O, ayrı-ayrı ustad sənətkarların öyrənilməsi ilə kifayətlənməyib, 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı və sözü" monoqrafiyasında aşıq sənətinin kökünü tarixin dərin qatlarında axtarmağa başlayıb, bu sənətin daha qədim dövrlərlə bağlılığına aydınlıq gətirib. 1984-cü ildə Aşıqların IV qurultayı ərəfəsində Qara Namazovun "Azərbaycan aşıq sənəti" kitabı Azərbaycan və rus dillərində çap olunub qurultay nümayəndələrinə çatdırılıb.

Dədə Qorqud öyüdləri, Sarı Aşıq, Qurbani, Abbas Tufarqanlı, Koroğlu, Qaracaoğlan, Xəstə Qasım, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı və Aşıq Şəmşirin şeirləri Qara Namazovun ön sözü ilə rus dilində çap olunub. Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə ilk dəfə Qara Namazov "Aşıq sənəti" adlı tədris proqramı da hazırlayıb, proqram nazirliyin Metodiki Şurası tərəfindən çap olunub. Həmin proqram əsasında musiqi təmayüllü orta ixtisas məktəblərində aşıq sənəti tədris olunur.

Yeni latın əlifbasına keçidlə əlaqədar uşaqların mütaliəsi üçün Azərbaycan ensiklopediyası Qara Namazovun tərtibində "Yanıltmaclar", "Lətifələr", "Qara kəlim asta gedər…", "Tap tapmaca…", "Sınamalar" və "Loğman" kitabçalarını iri formatda rəsmli-rəngli şəkillərlə nəfis tərtibatda çap edib. Qara Namazov 1989-cu ildə prof. İ. Vəliyevlə birlikdə türk dünyasının məşhur saz-söz ustadı Qaracaoğlanın "Aramızda qarlı dağlar yaranıb" kitabını da çap etdirib.

 

Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920–1980-ci illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilib. Qara Namazov ayrı-ayrı görkəmli yazıçıların yubileyi ilə bağlı keçirilən elmi konfranslarda H. Cavid, Ə. Cavad, C. Cabbarlı, A. Şaiq, S. Vurğun, M. Müşfiq, H. Araslı, Mir Cəlal, O. Sarıvəlli, İ. Hüseynov, M. Araz və b. yaradıcılığı haqqında məruzələr edib.

Qara Namazov bir neçə il filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri, Şəki ərazi Müdafiə Şurasının həmsədri (1998–2000-ci illər), Bakı Dövlət Universitetində İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavini olub. O, 1956-cı ildən universitetdə 50-dən çox kitab, 400-dən çox elmi məqalə çap etdirib. Onun çap olunan kitabları haqqında tanınan ədəbiyyatşünas və folklorşünasların dəyərli rəyləri nəşr olunub.

Qara Namazovun son illərdə ardıcıl tədqiqat apardığı sahələrdən biri də Amerika qitəsində yaşayan qırmızıdərililərin türksoylu olması və onların bəzi boylarının məhz Azərbaycandan getməsi haqqında araşdırmalarıdır. Bu yöndə də müəllifin bir neçə məqaləsi ("Amerika qitəsində qədim türklər", "Oğuz yaddaşlarının sorağı", "Amerika qırmızıdərililəri türksoyludur") mətbuatda çap olunub.

Qara Namazov bir neçə il Ali Təhsil Nazirliyi yanında Ədəbiyyat üzrə Metodşuranın, eləcə də Mətbuat Komitəsində Nəşriyyatlar üzrə Rəyçilər Şurasının üzvü olub, nəşriyyatlarda çap olunan onlarla kitabın çapına rəy verib. O, respublikada nəşr olunan "Ozan", "Elmi araşdırmalar", "Filoloji araşdırmalar", "Dədə Qorqud" toplularının, Bakı Dövlət Universitetinin Elmi Xəbərləri Jurnalının redaksiya heyətinin üzvü idi.

Qara Namazov 2004-cü ildə İsveçdə Füzulinin yubiley mərasiminə dəvət olunub, "Füzuli irsinin Azərbaycanda tədqiqi" mövzusunda məruzə etmişdir. Məruzə Türkiyədə çıxan "Baykara" (2008, № 1) toplusunda işıq üzü görüb. O, 2002–2006-cı illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub, 2002–2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri işləyib.

Qara Namazovun son illərdə bir sıra kitabları nəşr olunub: Qaçaq Kərəmin həyatından bəhs edən "Xalq qəhrəmanının şöhrəti" (2005), "Azərbaycan uşaq ədəbiyyatı" (ali məktəb dərsliyi, 2007), "El çələngi" (2004), 3 cilddə "Uşaq ədəbiyyatı antologiyası" (2004–2005), "Qaracaoğlan" (İ. Vəliyevlə birlikdə), özünün şeirləri, hekayələri və tərcümələrindən ibarət "Gecilmiş nəğmələr" (2008). O, Seyid Əzim Şirvaninin 3 cildliyini (müştərək), S. Vurğunun 1 cildlik seçilmiş əsərlərini nəşr etdirib.

 

Qara Namazov Klassik Azərbaycan ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının müdiri, Respublikanın əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü idi. Qara Namazovun "Türkiyə ədəbiyyatçılar və kültür adamları ensiklopediyası"nda geniş tərcümeyi-halı çap olunub. Qara Namazov 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.

 

Əsərləri

- "Aşıq şeirinin inkişafı tarixindən"

- "Azərbaycan aşıq sənəti",

- "Aşıqlar" (I kitab) (biblioqrafik məlumat),

- "El çələngi" (xalq şeirindən seçmələr)

- "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə)

- "S. Ə. Şirvani. Seçilmiş əsərləri" (3 cilddə).

 

Məqalələri

- "Qüdrətli söz ustadı",

- "Dədə Qorqud" boylarının izi ilə

- "Molla Nəsrəddin" və ədəbiyyat

- "Dirsəxan oğlu Buğac" boyunun el variantı. Bakı, Böyük kimyaçı – qüdrətli şair.

- Türk dünyasının xalq yaradıcılığı Şərqin İntibah ədəbiyyatıdır.

- Mif, millət, ədəbiyyat.

- Füzuli haqqında yapılan araşdırmalar.

 

Mükafat və təltifləri

- "Şöhrət" ordeni

- "Aşıq Ələsgər – 200" yubiley medalı

 

Qara Namazov 11 may 2016-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.