MeltemDemirkıran / İstanbul
Tərcümə və Azərbaycandilinə uyğunlaşdırma: Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
İzmir Kâtip Çelebi Üniversitesi (İKÇÜ) tərəfindən “mədəni irs” şüarı ilə bu il ikinci dəfə təşkil olunan İKÇÜ Film Festivalı 20–25 aprel tarixlərində keçirilən zəngin proqramdan sonra mükafatlandırma mərasimi ilə yekunlaşdı.
İzmir şəhərinin ən genişmiqyaslı kino tədbirlərindən biri olan festival çərçivəsində 85 film nümayiş olundu. Filmlər İKÇÜ Çiğli Kampusu, İzmir Mədəniyyət və İncəsənət Fabriki, Rəsm və Heykəl Muzeyi, İstinye Park Rəng kinoteatrları və UrlaDam daxil olmaqla 5 qapalı zalda və 2 açıq hava məkanında tamaşaçılara təqdim edildi. Festivalın rəhbərliyini rektor müavini Prof. Dr. Yasin Bulduklu, bədii rəhbərliyini Prof. Dr. Cenk Demirkıran, koordinatorluğunu Dr. müəllim Halit Kartal, direktorluğunu isə Burak Taylan Yılmaz həyata keçirib.
İddiamız – İzmirin festivalına çevrilmək
Açılış nitqində festivalın davamlılığına diqqət çəkən Prof. Dr. Yasin Bulduklu bildirib:
“İzmir tarix boyu mədəni müxtəlifliyin və bədii yaradıcılığın mərkəzi olub. Biz də bu festival vasitəsilə şəhərin mədəni dinamizmini kinonun universal dili ilə birləşdirməyi hədəfləyirik. Şəhərin yaddaşında toplanmış hekayələri böyük ekrana daşımaqla urban yaddaşı canlandırmağı önəmli hesab edirik.”
Akademik təhsil və sektorun görüşü
Açılışdan sonra Nasipse Olur filminin nümayişi keçirilib. Festivalın bədii rəhbəri Prof. Dr. Cenk Demirkıran filmdə rol alan Hakan Bulut ilə söhbət edib. Bulut aktyorluğun yalnız texniki bacarıq deyil, eyni zamanda ciddi intellektual zənginlik tələb etdiyini vurğulayıb.
Aktyor və İKÇÜ qısametrajlı bədii film münsiflər heyətinin üzvü Evliya Alkan isə festivalların yaradıcılar üçün mühüm motivasiya mənbəyi olduğunu qeyd edərək bildirib:
“İKÇÜ Film Festivalının birincisində filmim nümayiş olunmuşdu, buna görə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Daha da böyüyəcəyinə inanıram və onun bir parçası olmaqdan qürur duyuram.”
Münsiflərdən tam qiymət: geniş perspektiv
Qısametrajlı sənədli film münsiflər heyətinin üzvü Dos. Dr. Mesut Aytekin festivalın inkişafını yüksək qiymətləndirərək bildirib:
“İlk festivalda da iştirak etmişdim və o da olduqca orijinal idi. Bu il isə daha geniş perspektiv və müxtəlif məkanlarda təşkil olunduğunu gördük. Seçimlərə baxdıqda yarışmadan kənar uzun və qısa metrajlı xüsusi proqramların da yer aldığını müşahidə etdik. Akademiklərdən, prodüserlərdən və rejissorlardan ibarət çox zəngin bir münsif heyəti var idi.”
Aktyor Evliya Aykan da festivalların yaradıcı mühit üçün əhəmiyyətini vurğulayaraq İKÇÜ Film Festivalının gələcəyinə inandığını bildirib.
Mükafatlar sahiblərini tapdı
32 filmin finala qaldığı müsabiqə proqramında qaliblər belə müəyyənləşdi:
Tələbə filmi: Mert Kartal – Beyaz Karlar Altında
Ən yaxşı sənədli film: Yalçın Çiftçi – Pirlerin Düğünü
Münsiflər xüsusi mükafatı: Ali Rıza Avcı – Katran
Animasiya və süni intellekt: Erkan Ceylan – Otobüsler
Münsiflər xüsusi mükafatı: Didem Tütüncü – Zamanın Eşiği
Qısa bədii film: Deniz Koloş – Ölüm Bizi Ayırana Dek
Münsiflər xüsusi mükafatı: Mehmet Oğuz Yıldırım – Kudret
Sinema – yaddaşın daşıyıcısı
Mükafatlandırma mərasimində çıxış edən Prof. Dr. Cenk Demirkıran bildirib:
“Anadolu insanlıq tarixi üçün möhtəşəm bir açıq hava muzeyidir. Kino yalnız görüntü sənəti deyil, zamanın ruhunu yaddaşa yazan güclü vasitədir. Anadolu və Trakiyanın zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə bu seçkiləri etdik.”
Festival 23 Aprel Uşaq Filmləri proqramı, plastik makiyaj ustad dərsləri, arxiv söhbətləri və TRT xüsusi bölmələri ilə İzmir şəhərinin mədəni həyatında diqqətəlayiq iz buraxaraq başa çatdı.
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


