Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyi və Yunus Emre İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində “Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilmişdir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Dünyası Araşdırmaları Mərkəzindən məlumat verilib.
Yunus Emre İnstitutunda baş tutan tədbir görkəmli ictimai-siyasi və dövlət xadimi, dramaturq, həkim və pedaqoq Nəriman Nərimanovun anadan olmasının 156-cı ildönümünə həsr olunmuşdur. Tədbir həm tarixi şəxsiyyətin zəngin irsinin yenidən dəyərləndirilməsi, həm də onun Türk Dünyası ilə bağlı ideya və fəaliyyətlərinin elmi müstəvidə araşdırılması baxımından mühüm əhəmiyyət daşımışdır.
Tədbir Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimlinin moderatorluğu ilə başlamışdır. O, eyni zamanda açılış nitqi ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətini vurğulamış, Nəriman Nərimanov irsinin Türk dünyası kontekstində öyrənilməsinin vacibliyinə diqqət çəkmişdir. O, belə elmi-mədəni tədbirlərin ortaq tarixi və mədəni dəyərlərin daha dərindən araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını qeyd etmişdir.
Daha sonra Cəlal İbrahimli çıxışında Türk dünyasının tarixi inkişaf proseslərinə nəzər salaraq müxtəlif dövrlərdə türk xalqlarının siyasi təzyiqlər, parçalanmalar və çətinliklərlə üzləşdiyini vurğulamışdır. O, Nəriman Nərimanovu yalnız dövlət xadimi deyil, həm də mütəfəkkir, publisist, həkim, diplomat və maarifçi kimi yüksək dəyərləndirmiş, onun Azərbaycan cəmiyyətinin maariflənməsi, elmi düşüncənin inkişafı və milli şüurun formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. Eyni zamanda Nərimanovun ictimai-siyasi fəaliyyətinin dövrünün sosial gerilik və cəhalətinin aradan qaldırılmasına xidmət etdiyi, xüsusilə təhsil və mədəni inkişaf sahəsində mühüm töhfələr verdiyi bildirilmişdir.
Cəlal İbrahimli çıxışında həmçinin qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Nəriman Nərimanovun zəngin irsinin qorunması və təbliği istiqamətində mühüm addımlar atılmış, onun adına xatirə muzeyi yaradılmışdır. O vurğulamışdır ki, Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində deyil, eyni zamanda Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində də mühüm xidmətlər göstərmişdir. Bu baxımdan Nəriman Nərimanovun irsinə göstərilən diqqət onun Türk dünyası üçün böyük xidmətlərə malik görkəmli şəxsiyyət olduğunu bir daha təsdiq edir.
Çıxışda onun Türkiyənin Qurtuluş Savaşı dövründə qardaş türk xalqına mənəvi və siyasi dəstək göstərməsinin Azərbaycan–Türkiyə münasibətlərində tarixi həmrəyliyin göstəricisi olduğu da vurğulanmışdır. Sonda Nəriman Nərimanov irsinin öyrənilməsinin Türk dünyası arasında elmi və mədəni əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
Tədbirdə Azərbaycanın ictimai, dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, “Əməkdar müəllim”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, eləcə də Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tələbələr və Nəriman Nərimanov Xatirə Muzeyinin əməkdaşları iştirak etmişdir.
Tədbir çərçivəsində çıxış edən ziyalılar Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti, dövlətçilik baxışları, maarifçilik ideyaları və Türk Dünyası ilə bağlı yanaşmaları haqqında elmi fikirlər səsləndirmişlər. Çıxışlarda onun Azərbaycan tarixində və ümumilikdə Türk dünyasında mühüm tarixi şəxsiyyət olduğu xüsusi vurğulanmışdır.
Tədbir zamanı Nəriman Nərimanov Xatirə Muzeyinin direktoru Ləman Hüseynova tərəfindən “Nargin – ‘Ölüm adası’nda qardaşlığımızın tarixi” mövzusunda təqdimat nümayiş etdirilmişdir. Təqdimatda Nargin adasında baş vermiş tarixi hadisələr və xalqlar arasında formalaşmış həmrəylik nümunələri diqqətə çatdırılmışdır.
Tədbirin əsas məqsədi Nəriman Nərimanovun zəngin elmi, siyasi və ideoloji irsinin, xüsusilə onun türkçülük və Türk Dünyası ideyalarına münasibətinin daha dərindən araşdırılması, bu irsin geniş ictimaiyyətə çatdırılması olmuşdur. Eyni zamanda milli-mənəvi dəyərlərin təbliği, tarixi şəxsiyyətlərin gənc nəsil arasında tanıdılması və elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi tədbirin əsas istiqamətləri kimi müəyyən edilmişdir.
Ümumilikdə tədbir Azərbaycan və Türkiyə elmi-mədəni mühitinin qarşılıqlı əməkdaşlığı baxımından mühüm platforma rolunu oynamış, Türk Dünyası kontekstində ortaq tarixi və mədəni dəyərlərin müzakirəsinə geniş imkan yaratmışdır.
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


