Rəsmiyyə Sabirin “Şeir qadın” adlı kitabı Qazaxıstanda nəşr olunub

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Prof.Dr. Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda gün üzü görüb. Kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır.

 

“Foliant” nəşriyyatında çıxan kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb.

Kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi mövzuları yüksək bədii dillə təqdim edib.

Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan özünəməxsus şəkildə işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.

Rəsmiyyə Sabirin poeziyası Azərbaycanla yanaşı, Türk dünyasında maraqla qarşılanır və təqdir edilir. Onun şeirləri müxtəlif dillərə çevrilmişdir.

“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna çağdaş Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.