Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri Ankara səhnəsində Featured

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə mədəniyyətimizin təbliği sahəsində müstəsna fəaliyyətlə məşğuldur. Budur, növbəti nəticə: Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Bale Baş Müdirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin opera səhnələrində nümayiş etdirilməkdədir.

 

Bu əməkdaşlıq çərçivəsində martın 26-da Ankarada Azərbaycanın dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi  Üzeyir Hacıbəylinin məşhur operettası “Arşın Mal Alan” əsəri səhnəyə qoyulub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, əsərin premyerasında Ankara Opera və Bale Genel Müdiri Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri, geniş ictimaiyyət iştirak edib.

Tamaşada baş rolları Əsgər-Şenol Talınlı, Gülçöhrə-Esin Talınlı, Asya-Olça Bora, Süleyman-Serkan Kocadere, Əsgərin xalası-Sibel Kızıltaş, Soltan bəy-Mehmet Yılmaz, Telli-Ayten Hanalioğlu və Vəli-İbrahim Halil Turgut ifa ediblər.

Yüksək səhnə tərtibatı, dekorasiya, artistlərin Azərbaycan və Türk dillərində ortaq istifadə etməklə oynadıqları rollar və musiqilər böyük maraqla qarşılanıb.

Anşlaqla keçən “Arşın mal alan” əsərinin tamaşası Ankara tamaşaçılarının alqışları ilə müşaiyət olunub.

Qeyd edək ki, sözügedən tamaşanın Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Dövlət Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə Türkiyənin müxtəlif bölgələrində də səhnələşdirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.