Əbədi yolun səssiz sədası Featured

 

(Xuraman Muradovanın “Torpağın səssiz nəsihəti” şeirinə ədəbi şərh)

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Dünya — bir pəncərədir. Göz açıb-baxdıqca həyatın rəngləri, izləri və səsləri bizə keçici olduğunu xatırladır. Hər nəfəs bir əmanətdir, hər gün bir hədiyyə, hər gecə isə düşüncələrimizin sirli dənizinə səyahətimizdir.

İnsan dünyaya gələr, yaşayar və gedər; amma qalacaq olan yalnız xeyirli əməllərin izi, sevgi və mərhəmətdir.

 

Sufızm fəlsəfəsinə görə, insan bu dünyada sınaqdan keçmək üçün gəlmişdir; hər bir hadisə ruhun təmizlənməsi və kamilləşməsi üçün bir dərsdir.

Mövlana Cəlaləddin Rumi deyir: “Dünya bir imtihandır, ruh isə əbədi səyahətçidir.”

Fani varlıq olan bədən keçici, amma ruhun əbədi yolu əməl, niyyət və izlər vasitəsilə davam edir.

Torpaq hər birimizin ömrünü, arzularını və əməllərini son dayanacaq yerə xatırladır.

Fanilik hər şeyi əritsə də, ruhani izlər və xeyirli əməllərlə toxunmuş ürəklər əbədiyyətə açılan qapıdır.

Bu fəlsəfi düşüncələr Xuraman Muradovanın “Torpağın Səssiz Nəsihəti” şeirinə aparır.

Şeir həyatı, faniliyi, torpağın hikmətini və insanın əbədi izini poetik dillə bizə xatırladır:

 

“Təkəbbür eyləyib ucalma göyə,

Ayağın altında torpaq oyanar.

Bu gün tapdadığın o yaşıl otlar,

Bil, sabah məzarın üstdə dayanar.”

 

X. Muradova şeirlərində həyatı, insan ruhunun incəliklərini və fani dünyanın keçiciliyini poetik, samimi və mistik dillə açır.

Şairə gündəlik həyatın sadəliyini, tabiatın incəliklərini və insanın daxili aləmini belə bir bədii incəliklə təqdim edir ki, oxucu həm duyğusal, həm də intellektual səviyyədə əhatə olunur.

 Onun şeirləri fanilik və əbədi dəyərlər arasında incə bir dialoq qurur.

Torpaq yalnız fiziki varlıq deyil, həm də insan ruhunun əbədi izlərini saxlayan metaforik məkandır.

Hər bir misra gündəlik həyatın sadəliyindən başlayaraq, sufizm və İslam fəlsəfəsinə paralel bir həyat dərsi verir.

Burada torpaq insanın varlığı və ölümün qaçılmazlığı haqqında səssiz, lakin güclü xəbərdarlıq edir. Şair oxucunu alçakgönüllülüyə və hərəkətlərinin nəticəsini düşünməyə çağırır:

“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan (Cəhənnəm’den) uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.” (Quran, Ali-İmran, 185)

Torpaq metaforası ruhani həyatın əbədiliyini simvolizə edir; əməl və niyyət insanın son dayanacaq məkanı ilə əlaqəsini təmin edir. Fanilik qarşısında təkəbbür mənasızdır; hər kəs eyni sonla üzləşir.

Heideggerin Being and Time fəlsəfəsindəki “dasein” anlayışına paralel olaraq, insanın varlığı ölümlə ölçülür.

Xuraman xanımın şeirləri oxucunu fanilik-əbədiyyət, əxlaq və əməl, torpaq və zaman kimi metaforik mövzular barədə düşünməyə çağırır. Onun poetik dili həm hissi, həm düşüncəni, həm də ruhani zənginliyi eyni anda oyadır:

 

“Çox şahlar gəlibdir, çox xanlar gedib,

Zamanın hökmüylə karvanlar gedib.

Üstündə gəzdiyin qara torpağa,

Necə arzularla, neçə can gedib.”

 

“Sənə yoldaş olan xeyir əməllərin,

O sənə torpağın altında yetir.”

“Ömrün günəşi qürubda batır,

Göydə ulduzlara əl uzatdıqca.

 

Torpaq pıçıldayar: -tələsmə, insan,

Hər kəs gələcəkdir, vaxtı çatdıqca.”

 

Bu sətirlərdə həyatın ritmi, səbir və əməl-və niyyətin əhəmiyyəti poetik və fəlsəfi dillə ifadə olunur. İnsan yalnız fiziki mövqeyi ilə deyil, xeyirli əməlləri və niyyəti ilə əbədi iz qoyur. Torpaq, zaman və ölüm obrazları insanın həyat fəlsəfəsini və fanilik-əbədiyyət dialoqunu açır.

 

“Ruhun aynasıdır qoyduğun izlər,

Səndən yadigardır hər xoş kəlməsi.”

 

Xuraman Muradovanın “Torpağın Səssiz Nəsihəti” şeiri fani və əbədi dəyərlər arasındakı incə dialoqu poetik dillə açır. Şeir oxucunu həyatın keçiciliyi, torpağın hikməti və insan ruhunun əbədi izləri barədə düşünməyə dəvət edir.

Torpaq yalnız fiziki varlıq deyil; o, insan əməl və niyyətlərinin səssiz şahididir. Fanilik qarşısında təkəbbür mənasızdır, amma xeyirli əməllər, mərhəmət və sevgi ilə toxunmuş ruhani izlər əbədiyyətə yol açır.

Bu əsər həm etik, həm fəlsəfi, həm də estetik baxımdan oxucunu zənginləşdirir, sufizm və İslam fəlsəfəsi ilə paralel həyat dərsləri verir.

Hər bir misra həyatın ritmini, səbirin əhəmiyyətini və insanın əməl-və niyyət ilə əbədi iz qoyma imkanını vurğulayır.

Şairə oxucusuna xatırladır ki, maddi sərvət fanidir, lakin əməllər və ruhani izlər insanın əsl əbədi varlığını təmin edir.

Qısaca desək, şeir fanilik və əbədiyyət, torpaq və ruh, ölüm və həyatın harmoniyasını incə və poetik dillə birləşdirərək, oxucunu həm duyğu, həm düşüncə, həm də ruhani zənginlik səviyyəsində əhatə edir.

 

 

Xuraman MURADOVA

 

TORPAĞIN SƏSSIZ NƏSIHƏTI

                 

Təkəbbür eyləyib ucalma göyə,

Ayağın altında torpaq oyanar.

Bu gün tapdadığın  o yaşıl otlar,

Bil, sabah məzarın üstdə dayanar.

 

Dünya bir mənzildir, hər kəs bir qonaq,

Nəfəs bir əmanət, ölüm isə haqq.

Elə addım at ki, sən bu dünyada,

Səni sevgilərlə gözləsin torpaq.

 

 

Torpağın üstündə vüqarla deyil,

Həya və ədəblə yerimək gərək.

Çünki bu torpağın altı da vardır,

Orada yenidən yaşayır ürək.

 

Çox şahlar gəlibdir, çox xanlar gedib,

Zamanın hökmüylə karvanlar gedib.

Üstündə gəzdiyin qara torpağa,

Necə arzularla, neçə can gedib.

 

Gəlişin səs-küylü, gedişin xəlvət,

Yalnız əməllərin verər mənfəət.

Dünya bir pəncərə, baxıb keçirik,

Qalan bir duadır, bir də mərhəmət.

 

Vədə tamam olar, sönər çırağın,

Torpaq olacaqdır bil son yatağın.

Qəbrin üstə bəlkə bir gül boylanar,

O da əmanəti olar torpağın...

 

Sən elə bir iz qoy, ruhun olsun şad,

Adın bu dünyada ehtiram alsın.

Torpaq inciməsin sənin cismindən,

Yoxluğun ən böyük bir fəryad olsun.

 

Nə mülkün hayı var, nə malın səsi,

Kəsilər dünyanın fani həvəsi.

Ruhun aynasıdır qoyduğun izlər,

Səndən yadigardır hər xoş kəlməsi.

 

Burda rütbə yoxdur, burda itir ad,

Sözlərin mənası, fəryad da bitir.

Sənə yoldaş olan xey(i)r əməllərin,

O sənə torpağın altında yetir.

 

Öm(ü)rün günəşi qürubda batır,

Göydə  ulduzlara əl uzatdıqca.

Torpaq pıçıldayar: -tələsmə, insan,

Hər kəs gələcəkdir, vaxtı çatdıqca.

 

Vədə yetişəndə, zaman bitəcək,

Səni qarşılayar o sonsuz məkan.

Elə yerimiş ol, bu yer üzündə,

Torpaq da səninlə olsun mehriban.

 

Nə taxt-tac qalacaq, nə şöhrət, nə şan,

Çalış bu dünyada təmiz yaşa sən.

Ruhdur əbədiyyət mülkünə uçan.

Adını rəhmətlə ansın hər keçən.

 

Torpaq bir anadır, qucağı geniş,

Ona dönəcəkdir hər gəliş-gediş.

Sən elə vida et fani dünyaya,

Desinlər: "Bir insan nur ilə gəlmiş”.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.