Qazaxıstanın «Egemen Qazaqstan» dövlət nəşrinin həyata keçirdiyi I Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş Dəyirmi masanın materiallarının Azərbaycan, Türkiyə və Özbəkistanda dərcini Türk Mədəniyyəti və İrsi Fondu həyata keçirir.
Materialı qazax dilindən Azərbaycan dilinə “Ədəbiyyat və incəsənət” portalının Qazaxıstan təmsilçisi Erkinbek Serikbay uyğunlaşdırmışdır.
1926-cı ildə Bakı şəhərində keçirilən ilk Türkoloji qurultay taleyi və tarixi ortaq olan türkdilli xalqların XX əsrdəki elmi və mədəni həyatında xüsusi yer tutan bir hadisədir. Bu il həmin mühüm elmi toplantının yüz illiyi tamam olur. Sözügedən qurultayın əhəmiyyətini təhlil və müzakirə etmək məqsədilə xüsusi dəyirmi masa təşkil edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Özbəkistan Respublikası Nəubət Qurbanları Dövlət Muzeyinin baş elmi əməkdaşı Bəxrom İrzayev, Beynəlxalq Türk Akademiyasının eksperti, elmləri doktoru Nurdin Useyev, həmçinin Əhməd Baytursınulı adına Dilçilik İnstitutunun Əhmədşünaslıq şöbəsinin müdiri, elmləri doktoru Ermuhammet Maralbek iştirak ediblər. Dəyirmi masanı «Egemen Qazaqstan» Qazaxıstan qəzetinin əməkdaşı Düysenəli Əlimaqın idarə edib.
“Ədəbiyyat və incəsənət” portalı dəyirmi masadakı əsas çıxışları diqqətinizə çatdırır. .
– Həmin toplantının o dövrdəki əhəmiyyəti və bütövlükdə türk dünyasına təsiri necə oldu?
Nadir Məmmədli:

– Bu qurultay tarixi hadisə olmaqla yanaşı, davamlı bir prosesin başlanğıcı idi. Onun təsiri yalnız qəbul edilən qərarlarda deyil, cavabsız qalan suallarda da yaşayır. Məhz bu suallarla birlikdə inkişaf edən türkologiya düşüncəsi keçmişindən qaçmadan, gələcəyini yenidən qurmağı öyrəndi. Qurultaydan sonrakı dövr sadəcə illərin ardıcıllığı deyil, türkologiyanı daha dərindən anlamağa aparan uzun bir yol oldu. Bu mərhələdə türkologiya tədqiqatlarında yeni konsepsiyalar formalaşdı və Azərbaycan tədricən bu elmi istiqamətin nüfuzlu mərkəzlərindən biri kimi tanınmağa başladı. Lakin bu inkişafı yalnız elmi nailiyyət kimi deyil, türk xalqlarının mədəni və mənəvi birliyini dərk etməyə yönəlmiş bir təşəbbüs kimi də qiymətləndirmək lazımdır. Bu qurultayın başladığı proses parçalanmış, uzaqlaşmış tarixi yaddaşı yenidən birləşdirmək cəhdi idi.
Bu yolun ən mürəkkəb tərəfi əldə olunmuş elmi nailiyyətlərin ağır tarixi faciələrlə yanaşı getməsidir. “Türkologiya – güllələnmiş alimlərin elmi” ifadəsi əvvəlcə metafora kimi görünsə də, əslində XX əsr faciəsinin qısa və sərt xülasəsidir. Bu fikir təsadüfən yaranmayıb: 1926-cı ildə Bakı şəhərində keçirilən qurultayın iştirakçılarının sonrakı acı taleləri bunu tam təsdiqlədi. Ümumittifaq Türkoloqlar Qurultayı yalnız türk xalqları üçün əhəmiyyətli hadisə olmadı. O, akademik müzakirə çərçivəsini aşaraq, elmi nəticələri ilə yanaşı ümumbəşəri və mənəvi dəyərləri, doğrulmamış ümidləri və məhv olmuş taleləri ilə də tarixdə qaldı. Zahirdə rəsmi elmi platforma kimi görünsə də, zaman keçdikcə onun iştirakçıları siyasi şübhə və ideoloji repressiyaların hədəfinə çevrildi.
1930-cu illərdəki totalitar Sovet mühiti elmi əsasən ideoloji sədaqət prizmasından qiymətləndirir və elmi nailiyyətləri potensial təhlükə kimi qəbul edirdi. Bu kontekstdə qurultaya fəal qatılan bir çox türkoloq və ictimai xadimlər burjua millətçiliyi, pantürklük, panislamizm, ideoloji diversiya, antisovet fəaliyyət, xarici casusluq kimi əsassız, lakin siyasi baxımdan sərt ittihamlara məruz qaldı. Repressiv mexanizmin əsas ölçüsü ittihamların məntiqi yox, ideoloji məqsədə uyğunluğu idi. Nəticədə, elmi düşüncə məhkəmə protokollarında cinayət sayıldı, nəzəri müzakirələr isə dövlətə qarşı təhlükə kimi qiymətləndirildi. Bu proses yalnız fərdi taleləri deyil, həm də türkologiyanın inkişafını ciddi şəkildə ləngitdi. Elmi məktəblər məhv oldu, bilik ötürülməsi kəsildi, davamlılıq pozuldu. Buna baxmayaraq, türkologiyanı tamamilə boğmaq mümkün olmadı: fiziki olaraq itirilmiş alimlərin ideyaları, metodları və gündəmə gətirdikləri məsələlər zaman keçdikcə daha da həyat qabiliyyətli və təsirli oldu.
Elm totalitar zorakılıqdan üstün duraraq öz gələcəyini qorumağı bacardı. Bu mənada “türkologiya – güllələnmiş alimlərin elmi” ifadəsi yalnız faciənin simvolu deyil, eyni zamanda elmin müqavimət göstərmək potensialının göstəricisi oldu. Bu, öz həyatlarının qiyməti hesabına türkologiyanı qoruyub saxlayan alimlərin mənəvi irsini xatırladır. Türkologiyanın tarixi – məhz bu mənəvi irsin hansı ağır sınaqlardan keçdiyini və bütün bunlara baxmayaraq necə yaşayıb qaldığını əks etdirir. Elmi və intellektual potensiala malik türkologiya öz nümayəndələrinin sayəsində totalitar sovet cəmiyyətinin sistemli təzyiqi və məhdudiyyətlərinə qarşı durdu, elmi ənənəsini qoruyub saxladı və möhkəm konseptual mövqelər formalaşdırdı.
– Ortaq razılıq yolu ilə yeni əlifbaya keçidin o dövrün tələbi olduğu bir həqiqətdir. Bunun vasitəsilə savadlılığın artırılması, elm və təhsilin yenilənməsi, türk xalqları arasında mədəni-intellektual əlaqələrin gücləndirilməsi, habelə türk dünyasının beynəlxalq elmi məkana yaxınlaşdırılması məsələsi gündəmdə idimi?
Baxrom İrzayev:

– Bundan yüz il əvvəl Bakı şəhərində Birinci Ümumittifaq Türkoloji Qurultayında latın əlifbasına keçid haqqında qərar qəbul edilmişdi. Əslində, əlifbanın yenilənməsi məsələsi Qafqaz müsəlmanları, Türkiyə və tatar ziyalıları arasında daha əvvəl qaldırılsa da, Türküstanda bu məsələ yalnız Sovet hökuməti qurulduqdan sonra konkret şəkildə gündəmə gəldi. 1918-ci ildə Daşkənddə, 1923-cü ildə Buxarada, 1924-cü ildə Xarəzmdə keçirilən imla konfranslarında latın qrafikasının əlverişliliyi haqqında bəzi fikirlər səslənsə də, əsas diqqət ərəb əlifbasının sadələşdirilməsi və optimallaşdırılması məsələlərinə yönəlmişdi. 1922-ci ildə Daşkənddəki «Behbudi» klubunun binasında professor Polivanov və Nemət Hakimin iştirakı ilə keçirilən imla məsələlərinə dair böyük müzakirədə Münəvvər Qari Abdurəşidxanov imla islahatında tələskənliyə yol verməməyə çağıraraq, ilk növbədə dilin bütün qanunauyğunluqlarını hərtərəfli və tam öyrənməyin vacibliyini vurğulamışdı. Bu gün Avropa alimlərinin Şərqin mənəvi irsindən, kitablarından istifadə etmək və araşdırmaq məqsədilə bütün ömürlərini həsr etdikləri bir vaxtda, biz öz əlimizlə öz övladlarımızı öz xəzinəmizdən məhrum etməyə çalışırıq. Ataların yazısını övladların, övladların yazısını isə ataların başa düşməyəcəyi, gələcəyi qeyri-müəyyən olan əlifbalara qarşı çıxırlar. 1922-ci ildə Sovet respublikaları ərazisində ilk olaraq Azərbaycan latın qrafikasına keçdi və 1923-cü ildə latın əlifbası dövlət əlifbası elan edildi. 1924-cü il fevralın 18-də Moskvada keçirilən tatar və başqırd maarifçilərinin qurultayında Alimcan İbrahimov ərəb qrafikasından imtina edilməsi və bütün türk xalqları üçün ortaq latın əlifbasının tətbiqi barədə təklif irəli sürdü. 1926-cı ilin əvvəlindən etibarən, Sovet hökumətinin qəti tələbi ilə Özbəkistan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Y.Axunbabayevin rəhbərliyi altında nüfuzlu dövlət xadimləri, dilçi alimlər və mütəxəssislərdən ibarət 44 nəfərlik «Yeni Əlifba Komitəsi» yaradıldı. Məhz həmin 1926-cı il Bakı qurultayından sonra genişmiqyaslı işlər başladı. Bu siyasi tədbir milli ziyalılar üçün təkcə yeni əlifba məsələsi deyil, həm də xalqı savadsızlıqdan qurtarmaq yolu, türk ölkələri arasında elmi və mədəni əlaqələrin qurulması və inkişafı üçün bir imkan kimi qəbul edildi. Hesab edirəm ki, bu gün yenidən aktuallaşan vahid əlifba yaratmaq işində onların təklifləri, təcrübələri və ideyaları hələ də çox mühümdür.
– Türkologiya haqqında düşüncələr müvəqqəti olaraq boğulsa da, tamamilə yox edilmədi. Sözügedən qurultayda iştirak edən görkəmli alimlərin sonrakı taleyi necə oldu?
Nurdin Useyev:

– Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayında Qırğızıstanı Qasım Tınıstanov və Bazarkul Daniyarov təmsil etmişdilər. Qırğızıstanın qurultayda iştirakı məsələsinə Qara-Qırğız Muxtar Vilayətinin Xalq Maarif Şöbəsinin nəzdindəki Elmi Komissiyanın 1925-ci ildəki iclaslarından birində baxılmışdı. Həmin iclasın 26 nömrəli protokolunda Q. Tınıstanovun qurultayın təşkili işləri haqqında məruzə etdiyi, qurultaya Q. Tınıstanov, B. Daniyarov və İ. Arabayevin göndərilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Lakin naməlum səbəblərdən İ. Arabayev qurultayda iştirak etməmişdir. 1926-cı ildə Qara-Qırğız Muxtar Vilayətinin Xalq Maarif Şöbəsinin Elmi Komissiyasının üzvü olmaqla yanaşı, «Erkin-Too» qəzetinin redaktoru vəzifəsində çalışan Q. Tınıstanov qurultayda Təşkilat Komitəsi və Rəyasət Heyətinin üzvü kimi iştirak etmiş, qırğız dilinin latın qrafikalı əlifbası haqqında məruzə ilə çıxış etmişdir. O, öz çıxışında yeni latın əlifbasına keçidin zəruriliyini xüsusilə vurğulamışdır. Qurultayın fəaliyyəti və nəticələri haqqında «Bakıdakı Türkoloji Qurultay və onun əhəmiyyəti» adlı məqalə yazaraq, onu 8 aprel 1926-cı ildə «Erkin-Too» qəzetində dərc etdirmişdir. 1926-cı ildə Mərkəzi Pedaqoji Texnikumda fəaliyyət göstərən B. Daniyarov qurultayda Qara-Qırğız Muxtar Vilayətinin Xalq Maarif Şöbəsi adından iştirak etdi. Məlum olduğu kimi, I Ümumittifaq Türkoloji Qurultayının əsas məqsədlərindən biri türk dilləri üçün latın qrafikasına əsaslanan yeni yazının qəbul edilməsi idi. Qurultayda türk dilləri üçün latın əsaslı yeni əlifbanın qəbulu Qırğızıstanda latın əlifbasına keçid prosesini sürətləndirdi. Bu barədə Q. Tınıstanov belə yazırdı: «Qəbul edilmiş yeni qırğız əlifbası da nəzərdə tutulan məqsədinə tam çata bilmədi, çünki 1926-cı il iyulun 1-də Frunze (indiki Bişkek) şəhərində keçirilən qırğız mədəni-maarif və məsul işçilərinin şurasında qırğız əlifbasının SSRİ-dəki digər türk xalqlarının əlifbaları ilə unifikasiya edilməsi (eyniləşdirilməsi) məsələsi müzakirə olundu.
1926-cı ilin iyun ayında Bakı şəhərində yeni türk əlifbalarının unifikasiyası üzrə komissiyanın işindən sonra vahidləşdirilmiş əlifbanın tətbiqi haqqında yenidən geniş izahat tədbirləri aparıldı və kadrların yenidən hazırlanmasına başlanıldı...» Q. Tınıstanov 1938-ci il noyabrın 5-də SSRİ Ali Hərbi Məhkəməsinin qapalı səyyar sessiyasında, 1921-ci ildən etibarən millətçi «Alaş-Orda» təşkilatına, daha sonra isə burjuaziya-millətçi, diversiyaçı-ziyankar xarakterli «Sosial-Turan» partiyasının rəhbər qrupuna üzv olmaqda ittiham edilərək güllələnməyə məhkum edildi. Hökm dərhal icra olundu və noyabrın 7-də güllələndi. B. Daniyarov da siyasi ittihamlarla həbs edildi və 1942-ci ildə Rusiyanın Sverdlovsk vilayətindəki siyasi məhbus həbsxanasında vəfat etdi.
– Bu qurultayda qazax elindən qatılan nümayəndələrin (deleqatların) mövqeyi necə idi?
Yermuxamet Maralbek:

– Bakı qurultayında ölkəmiz adından Əhməd Baytursun oğlu, Eldos Ömər oğlu, Nəzir Töyrəqul oğlu, Bilal Süleyman oğlu və Əziz Bayseydulin iştirak etmişdir. Qurultayda elmi terminologiyanın formalaşdırılması ilə bağlı bir sıra təkliflər irəli sürüldü. Bunların arasında ortaq terminoloji bazanın yaradılması, hər respublikada terminologiya komissiyasının qurulması, türk xalqları üçün ortaq elmi terminlər lüğətinin hazırlanması kimi aktual məsələlərin təşəbbüsü qaldırıldı. Qurultayda Əhməd Baytursun oğlunun əsas məruzələrindən biri terminologiya mövzusunda idi. Alim məruzəsində xüsusilə iki mövzuya diqqət çəkdi: birincisi – terminologiyanın xalq dilinə necə yaxınlaşdırılması; ikincisi isə – termin yaradıcılığında rəhbər tutulacaq prinsiplər. Ə. Baytursun oğlu qazax terminologiyası ilə bağlı mövqeyini və mülahizələrini 1911-ci ildən bəri həyata keçirdiyi, qazax və tatar nəşrlərində mütəmadi qeyd etdiyi üçün, qurultay nümayəndələrinin bu mövzudakı fikirləri ilə tanış olduğunu bildirmişdir. Buna görə də o, köhnə fikirləri təkrar etməyərək, diqqəti yuxarıda qeyd olunan iki məsələ üzərində cəmləməyi xahiş etmişdir.
Digər respublikalarla müqayisədə, Əhməd Baytursun oğlunun rəhbərlik etdiyi qazax ziyalılarının güclü müqaviməti səbəbindən Qazaxıstanda latın əlifbasına keçid gecikmələrlə həyata keçirildi. Türkoloji qurultaydan sonra ölkədə latın əlifbası tərəfdarları ilə ərəb qrafikalı qazax əlifbası tərəfdarları arasında kəskin mübahisələr başladı. 1926–1928-ci illəri əhatə edən bu dövrdə hələ də «Baytursun oğlu əlifbası» istifadədə idi, dövri mətbuat və kitablar bu əlifba ilə işıq üzü görürdü. 1927-ci il iyunun 3–7-də Bakıda «Ümumrusiya Yeni Əlifbaçılar Mərkəzi Komitəsinin iclası» keçirildi və yeni rəyasət heyəti seçildi. Komitənin sədri vəzifəsinə azərbaycanlı Səməd ağa Ağamalıoğlu seçildi. Ülvilik sırasına Qazaxıstandan dörd nəfər: Töyrəqul oğlu, Kölbaşar oğlu, Aspandiyar oğlu və Dimanşteyn daxil edildi. Çox keçmədən Qızılordada «Mərkəzi Yeni Əlifba Komitəsi» yaradıldı. Komitənin sədri Oraz Jandos oğlu, katibi isə Teljan Şonan oğlu təyin edildi. Komitə latın qrafikalı yeni qazax əlifbasının hazırlanması, təbliği və tətbiqi işləri ilə məşğul oldu.
1928-ci il aprelin 3-də Qazaxıstan Maarif Komissarlığının Kollegiyası (Şurası) və Qazaxıstan Mərkəzi Əlifba Komitəsi latın qrafikalı yeni qazax əlifbası layihəsini təsdiq etdi. Bu, respublika nəşrlərində Qazaxıstan Yeni Əlifba Mərkəzi Komitəsinin sədri Oraz Jandos oğlu və katib Teljan Şonan oğlunun imzası ilə «Qəti təsdiq olunmuş yeni qazax əlifbası» adlı anons məqalə vasitəsilə elan edildi. Məqalədə əlifba variantının artıq dəyişməyəcəyi, başqa layihələrin qəbul edilməyəcəyi xəbərdarlığı edilərək, bu variantla müxtəlif kitabların nəşr olunması və əhalinin onu tam şəkildə qəbul etməsi vəzifə olaraq qoyuldu. Bu layihə baş hərfi olmayan, Baytursun oğlu imlasına xas olan diakritik işarələr (dəyekşi) sisteminə əsaslanan yeni bir əlifba idi.
1928–1929-cu illərdə «Baytursun oğlu əlifbası» istifadədən çıxarıldı və yeni əlifbanın kütləvi qəbulu məcburi edildi. I Ümumittifaq Türkoloji Qurultayını türk xalqları tarixində elmi və siyasi çəkisi baxımından misli görünməmiş dərəcədə nəhəng bir hadisə adlandırmaq olar.
Xülasə, 1926-cı ildə Bakıda keçirilən birinci türkoloji qurultay – yaddaşımızda əbədi həkk olunmuş bir xatirədir. O, xalqla birlikdə yaşayan ideyalar silsiləsidir. Bir əsr əvvəl ucalan o səs, bu gün yenidən eşidilməkdədir. Türk xalqlarının ortaq dili və ortaq yaddaşı qorumaq canatımı hələ də aktualdır. Bu tarixi toplantı – elmin, fikir azadlığının və mənəvi birliyin rəmzidir. Zaman nə qədər keçsə də, onun əhəmiyyəti əsla azalmayacaqdır.
https://egemen.kz/article/406648-turkitanudynh-izashar-dgiyny-ghasyrdan-da-uzaq-un
“Ədəbiyyat və incəsənət”
(16.02.2026)


