İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1926-cı ilin 26 fevral-6 mart tarixlərində - doqquz gün ərzində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay yalnız elmi hadisə deyil, həm də dövrün ictimai-siyasi reallıqlarının nəticəsi kimi tarixə düşüb.
Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamında oxuyuruq: “Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmiforumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirəobyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmişdir...”.
131 nəfər nümayəndənin iştirak etməsi, 17 iclasın keçirilməsi, türklərin, bütövlükdə Türk Dünyasının dilinə və tarixinə, etnogenezisinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair görkəmli elm adamlarının 38 məruzəsinin dinlənilməsi də qurultayın möhtəsəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması barədə aydın və əyani təsəvvür yaradır.
Qurultaydakı məruzələr sırasında diqqətçəkici olanlardan biri də erməni dilçisi, türkoloq-professor Hraçya Acaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda olan məruzəsi idi.
Kim idi Hraçya Acaryan? Erməni alim, professor Hraçya Acaryan 1876-cı ildə İstanbulda çəkməçi ailəsində doğulub. Erməni məktəbində oxuyub, sonra Parisdə, Sorbon Universitetində ali təhsil alıb. 1898-ci ildə ali məktəbi bitirən Acaryan Cənubi Qafqaza gəlmiş və həyatını elmə həsr etmişdir. O, 1917-ci ildə Parisdə erməni dili üzrə XIII konfransa qatılmış və erməni-türk dil münasibətlərindən bəhs edən iki hesabat təqdim etmişdi. O, erməni dilçiləri arasında “Erməni dilçiliyinin atası” olaraq tanınırdı. Qurultaya dəvət olunan və qatılan Ermənistan nümayəndələri arasında o da vardı. H.Acaryanın yuxarıda adı çəkilən məruzəni qurultayın 28 fevral 1926-cı il tarixli V iclasında etmişdir.
Düzdür, R.Acaryan öz məruzəsinə qələt bir fikirlə başlayır. Belə ki, o məruzəsinin əvvəlində qeyd edir ki, “1021-ci ildə türklər ilk dəfə Ermənistana qədəm qoydular və qısa bir müddət ərzində ölkəni ələ keçirib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk-tatar tayfaları (səlcuqlar, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar) yanaşı yaşamışlar. Bu birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrə səbəb oldu, lakin mən yalnız dil hadisələri üzərində dayanacağam”.
Gördüyünüz kimi, erməni Acaryan türklərin bu ərazilərə gəlişini XI əsrə bağlayır. Bu isə tamamilə yalnış fikirdir. Zənn edirik ki, Acaryanın bu fikri elmi baxışdan çox sovet tarixşünaslığını və ideologiyasını əks etdirirdi. Yəni o burada bu fikri başqa cür deməyə cürət edə də bilməzdi. Halbuki o, 1902-ci ildə “Türk dilindən ermənicəyə keçən sözlər: İstanbul Ermeni xalq lehçəsinin Van, Qarabağ və Yeni Naxçıvan dialektləri ilə müqayisə edərkən” adlı əsərinin girişində yazmışdı: “Türklərlə ermənilər arasında əlaqələr eramızdan əvvəlki əsrlərə uzanır. 1021-ci ildə Toğrul bəyin komandanlığında türk akımcılar Armeniya coğrafiyasına daxil olduqları tarixdən etibarən isə münasibətlər genişlənməyə başlayıb”. O, bizim eradan əvvəl türkcədən ermənicəyə sözlərin keçidini qiymətləndirərkən, bu ərazilərdə daha əvvəlki əsrlərdə də türk tayfalarının yaşadığını və güclü mədəniyyətə sahib olduğunu sübut edir. Selçuqluların hücumundan sonra isə daha geniş coğrafiyada bu dil təsirli bir hala gəlir. (https://xalqqazeti.az/az/sosial-heyat/253400-acaryan-tarixi-heqiqeti-nece-etiraf)
R.Y.Acaryanın məruzəsinin gerisi isə türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu.
Onun çıxışından (stenoqramdan götürülmüş) bir hissəni diqqətinizə təqdim edirik. Türkiyə türkcəsində çıxış edən Acaryan deyir: “...türk dilinin erməni dilinə təsiri çox böyükdür. Mən hələ 1902-ci ildə bu məsələyə geniş bir xüsusi tədqiqat həsr etmişəm. (Eçmiadzindəki “Ermins Etnoqrafiya Toplusu”nda çap edilib) və orada Konstantinopol, Van-Qarabağ və Naxçıvan-Don ləhcələrindəki bütün türk iqtibaslarını qeydə almışam. Belələrinin sayı 4000-ə (daha doğrusu 4262-ə) çatır. Konstantinopol ədəbi türkcəsi ərəb və fars sözləri ilə dolu olduğu kimi, bir çox vılayətlərdə erməni xalq dili də türk sözləri ilə zəngindir. Bütövlükdə, türk sözlərindən ibarət cümlələrə də rast olunur.
Bi dildən digərinə, adətən, isimlər, bəzən yalnız sifətləri və çox nadir hallarda felləri iqtibas edirlər. Saylar, həmçinin, bağlayıcılar və zərflər iqtibas olunmur. Lakin erməni dilinə bütün bu elementlər eyni dərəcədə nüfuz edib. Bir çox sahələrdə 70, 80 və 90% türk formalarında çıxış edir. Rodostoda (Təkirdağ şəhərinin əvvəlki adı-İ.V.) 69-dan 99-a qədər bütün rəqəmlər sırf türk rəqəmləridir.
Kiçik Asiyanın Qərb hissəsi, Kipr, Bolqarıstan, Şərqi Rumeli, Rumıniya, Bessarabiyada, həmçinin İran və Zaqafqaziyanın bəzi kəndlərində türk dilinin erməni dilinə təsiri o dərəcəyə çatmışdı ki, ermənilər öz doğma dillərini tamamailə itirmişdilər. Bu hadisə artıq bir neçə əsr bundan əvvəl baş vermişdi. 1530-cu ildən etibarən, Polşa erməniləri erməni dilini unudub, tatar dilini qavradılar və həmin dildə erməni əlifbasından istifadə edən bütöv bir ədəbiyyat yaratdılar. Hətta kilsə kitabları da tatar dilinə tərcümə edildi. Eyni ilə Kiçik Asiya və Konstantinopolda da ermənilər erməni yazısının köməyi ilə türk dilində zəngin ədəbiyyat yaratdılar. (“1926-cı il Bakı Türkoloji qurultayı (stenoqram materialları, biblioqrafiya və foto-sənədlər)”, “Çinar-çap”, Bakı-2006, səh:150-151)
Acaryan məruzəsinin ikinci bölümündə erməni dilinin türk-tatar dilinə təsirindən bəhs etmişdir.
O, məruzəsində öz fikirlərinin hamısını nümunələrlə isbatlamışdı. Acaryan qurultayda misal gətirdiyi sözlərin “dil saflığını pozan ünsürlar” kimi deyil, xalqların tarixi və mədəni yaxınlığının sənədləri olaraq görülməsi gərəkliyini vurğulamışdı.
Məruzədəki fikirlər R.Y.Acaryanın – bir erməni professorunun türk dilinin zənginliyini və təsir gücünü etiraf etməsi idi. (Onu da deyək ki, Acaryan 1937-ci ildə Bakıdakı tədbirə qatıldığına görə həbs edilmiş və 18 ay həbsdə qalmışdı.)
Əlbəttə, dillər arasında qarşılıqlı əlaqə ta qədim zamanlardan bu günə qədər olmuş, olmaqdadır, yəqin ki, gələcəkdə də olacaq. Əlbəttə, qohum olmayan dillərdə türkmənşəli dil vahidlərinin yer almasında coğrafi areal və qonşuluq prinsipləri mühüm rol oynayır. Lakin bu dillərin birindən digərinə keçmiş sözlərin həddindən artıq çox olmasını nə qonşuluq, nə iqtisadi, nə də digər səbəblərlə əlaqəndirmək mümkün deyil. Türkoloq, filologiya elmləri doktoru, professor F.Ağasıoğlunun da qeyd etdiyi kimi, iki dilin birləşib qarışıq dilə çevrilməsi mümkün deyil, ona görə də, burada ancaq həmin dillərdən birinin üstünlüyü ilə yeniləşmiş digər dildən söhbət gedə bilər. Yəni türk dilinin üstünlüyü ilə yenilənmiş – aşqrabara keçmiş erməni dilindən. Bəli, əski ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçidin əsas səbəbi və dil stimulu da türkcəmiz olubdir.
“Erməni dilçiliyinin atası”nınobyektivliyin etirafı kimi səslənən həmin məruzəsi bu gün də zəhərli erməni şovinst millətçi ideologiyasına, tarixi təftiş və inkar yoluna qarşı ən güclü elmi arqument kimi çox əhəmiyyətlidir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


