Türk Mədəniyyəti və İrsi Fondu: 2025-ci ilin mədəni diplomatiya xəritəsi Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Hər il olduğu kimi, bu il də Türk Mədəniyyəti və İrsi Fondu üçün əlamətdar hadisələri gerçəkləşdirməklə yadda qaldı. Fond türk dünyasının tarixi, mədəni və ədəbi irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyətini davam etdirməkdədir.

 

Son iki il ərzində Fond bu missiya çərçivəsində təxminən 50 kitab, onlarla beynəlxalq tədbir, sərgi və konfrans reallaşdırıb.

Fond tərəfindən təsis edilən beş yeni kitab seriyası – “Türk Dünyasının Görkəmli Şəxsiyyətləri”, “Ədəbi İncilər”, “Elmi İncilər”, “Tarixi İncilər” və “Diplomatik İncilər” – türk dünyasının intellektual və mədəni xəzinəsini vahid konsepsiyada təqdim edir. Bu seriyalar çərçivəsində Heydər Əliyev, Məhəmməd Füzuli, Mir Cəlal, Mahmud Kaşğari, Abay Kunanbayev, Bəxtiyar Vahabzadə və digər klassiklərin irsi müxtəlif dillərdə nəşr olunaraq beynəlxalq oxucuya təqdim edilib.

Xüsusilə “Divanü lüğat-it-türk”ün 950 illiyi, Birinci Türkoloji Qurultayın 100 illiyi, Füzulinin 530, Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri Fondun fəaliyyətində mühüm ideoloji və elmi xətt təşkil edir. Bu yubileylər UNESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində yüksək səviyyədə qeyd olunub.

Fondun ən irimiqyaslı təşəbbüslərindən biri olan “Türk Folklor İrsi” çoxcildliyi dünya elmi praktikasında ilk dəfə türk xalqlarının şifahi irsini vahid akademik korpusda birləşdirir. Üç il ərzində 21 cildin çapı planlaşdırılan bu layihə türk dünyasının dastan, mif və əfsanələrini həm çap, həm də rəqəmsal formatda gələcək nəsillərə ötürməyi hədəfləyir.

Bununla yanaşı, “Türk Dünyasının Mədəni Kodu” adlı ilk çoxdilli Kataloq türk xalqlarının maddi və qeyri-maddi irs nümunələrini populyar-elmi dildə təqdim edərək geniş auditoriya üçün əlçatan edir.

Fond mədəni diplomatiyanı yalnız nəşrlərlə deyil, media və vizual layihələr vasitəsilə də gücləndirir. TurkDiscovery platformasında hazırlanan “Əbədiyyətin nişanələri, Türk dünyası rəmzlərdə” sənədli seriyası petroqliflərdən runik yazılara qədər türk irsinin arxaik kodlarını vizual yaddaşa çevirir.

UNESCO strukturları, ICHCAP, AMEA, TÜRKSOY və üzv dövlətlərin mədəniyyət qurumları ilə qurulan əməkdaşlıqlar Fondun fəaliyyətini qlobal miqyasda möhkəmləndirir. Seulda imzalanmış Anlaşma Memorandumu türk dünyasının qeyri-maddi irsinin Asiya–Sakit okean regionunda tanıdılmasına yeni imkanlar açır.

Nəticə etibarilə, Türk Mədəniyyəti və İrsi Fondu son iki ildə yalnız kitab nəşr edən qurum deyil, ortaq türk yaddaşını sistemləşdirən, onu beynəlxalq elmi və mədəni diskursa daxil edən strateji mərkəz kimi çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.