Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlı alim, şair, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli “Türk Dilinə Xidmət Ödülü”nü alıb.
Azərbaycan elmi və ədəbi mühitində özünəməxsus yeri olan şair, ədəbiyyatşünas, pedaqoq və jurnalist, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli Türk dünyasının nüfuzlu beynəlxalq ədəbi təşkilatlarından biri olan KIBATEK – Kıbrıs, İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumu tərəfindən 2025-ci ilin Uluslararası Türk Dilinə Xidmət Ödülünə layiq görülüb.
Bu mükafat Türk dilinin, Türk dünyası ədəbiyyatlarının və ümumtürk mədəni dəyərlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində uzunmüddətli, sistemli və ardıcıl fəaliyyət göstərən elm və sənət adamlarına təqdim olunur.
KIBATEK-in 50-ci Uluslararası Ədəbiyyat Festivalı 12–14 dekabr 2025-ci il tarixlərində Türkiyənin İzmir və Aydın şəhərlərində gerçəkləşib. Festivalın ilk günü – 12 dekabrda, Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinə bağlı Kültür Sanat Fabrikasında keçirilən rəsmi mərasimdə fil.e.d., dos. Təranə Turan Rəhimli 2025 Türk Dilinə Xidmət Ödülü ilə təltif olunub. Mükafatın 15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü ərəfəsində təqdim edilməsi bu təltifi daha da mənalı və simvolik edib. Türk dilinin birləşdirici gücünü, ortaq yaddaş və mədəni kimlik daşıyıcısı olmasını ifadə edən bu tarixdə verilən mükafat, şair-alimin çoxillik elmi və ədəbi fəaliyyətinə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilir.
KIBATEK İdarə Heyətinin rəsmi açıqlamasında bildirildiyinə görə, fil.e.d., dos. Təranə Turan Rəhimli bu ali mükafata Türk Dünyası ədəbiyyatları sahəsində apardığı fundamental elmi araşdırmalara, Azərbaycan və Türkiyə ədəbiyyatları arasında qurduğu möhkəm ədəbi-elmi əlaqələrə, Türk dünyası ilə dünya ədəbiyyatları arasında əlaqələrin inkişafına yönəlmiş ardıcıl fəaliyyətinə görə layiq görülüb. Onun Asiya, Avropa, Amerika və Afrika qitələrindəki 60-dan artıq ölkədə yayımlanan elmi və bədii əsərləri Türk dilinin və ədəbiyyatının qlobal miqyasda tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilib. Eyni zamanda, uzun illərdir KIBATEK ailəsinin fəal üzvü kimi qurumun beynəlxalq elmi, ədəbi və mədəni layihələrinə verdiyi davamlı dəstək də xüsusi vurğulanıb. 2025 Uluslararası Türk Dilinə Xidmət Ödülü ilə birgə təqdim olunan rəsmi "Ödül açıqlaması"nda qurumun rəhbərliyi filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimliyə bu mükafatı təqdim etməkdən qürur duyduğunu, onun türk dilinə, türk dünyası ədəbiyyatına və türkologiyaya verdiyi intensiv töhfələrin daim davam edəcəyinə inandığını da qeyd edib.
Festival günlərində Türkiyə, Azərbaycan, Moldova (Qaqauziya), Bolqarıstan, Kosova, Rumıniya, Şimali Kipr, Serbiya, Bosniya və Herseqovina, İraq və İranı təmsil edən şairlər, yazıçılar və alimlər bir araya gələrək poeziya, ədəbiyyat və mədəniyyətin birləşdirici missiyasını nümayiş etdiriblər. Bu mənada 50-ci KIBATEK Uluslararası Ədəbiyyat Festivalı Türk dünyasının geniş coğrafiyasını əhatə edən mühüm mədəni platforma kimi yadda qalıb.
Mükafatla bağlı fikirlərini bölüşən Təranə Turan Rəhimli bu təltifi böyük qürur və məsuliyyət hissi ilə qəbul etdiyini bildirib: “KIBATEK-in 50-ci Uluslararası Ədəbiyyat Festivalının ilk günündə, 12 dekabrda, Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin Kültür Sanat Fabrikasında Türk Dilinə Xidmət Ödülü ilə təltif edilmək mənim üçün böyük şərəf oldu. Festival sevincini ikiqat möhtəşəmliyi ilə yaşadım. Bu mükafatın 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü ərəfəsində təqdim edilməsi isə onun mənəvi dəyərini daha da artırdı. Başda Kıbrıs, İraq, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun fəxri başqanı Fəyyaz Sağlam olmaqla, bu prosesdə əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. 50 ölkə adına verilən bu böyük etimadı daha miqyaslı elmi və ədəbi çalışmalarla doğrultmaq üçün yolumuz açıq olsun.”
Təranə Turan Rəhimli çıxışında 1990-cı illərdən bəri türk xalqıarı ədəbiyyatına dair ədəbi-mədəni xidmətlərinin, KIBATEK-lə əlaqələrinin maraqlı tarixçəsini də yada salıb: "Qazax düşünürü Mustafa Çokay deyib ki, "Hər Türk'ün iki vətənı vardır: Birincisi özünün doğulduğu torpaqlar, ikincisi Türkiyədir." Azərbaycan xalqı sovet dövründə 70 il ikinci Vətəninə, Türkiyəyə həsrət qallb. Buna görə də 90-cı illərdə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra dərhal ikinci Vətənə qovuşmağa can atdıq. Və ilk növbədə Türkiyə ilə ədəbi- mədəni əlaqələr qurduq. Fəyyaz Sağlam hocamızın Batı Trakya türkləri, ümumilikdə Balkan türkləri ədəbiyyatı ilə bağlı araşdırmaları haqqında 1998-ci ildə eşitdik. 1999-cu ildə Fəyyaz,Sağlamın ədəbi-elmi fəaliyyəti ilə bağlı ilk məqaləmi 1999-cu ildə yazıb redaktoru olduğum "Azərbaycan mübarizləri" qəzetində nəşr etdirdim. Həmin məqalə ilə bağlı Türkiyə Səfirliyinə dəvət olundum və səfirliyin məsul işçisi Ümit Yardım bəy Batı Trakya ədəbiyyatı və Balkan ədəbiyyatının fədakar tədqiqatçısı Fəyyaz Sağlamla bağlı araşdırma məqaləm üçün məni təbrik etdi. Səfirlikdən çıxanda Batı Trakya ilə bağlı bir qucaq kitab, foto-albom və s. hədiyyə ilə evə gəlmişdim. Beləcə Fəyyaz Sağlamla və qurucusu olduğu Kıbrıs Balkanlar Avrasya Türk Ədəbiyyatları Qurumu ilə əlaqələrimin təməli qoyuldu. Həmin illərdə Azərbaycanlı professorlar Vaqif Sultanlı, Təyyar Salamoğlu, Vüqar Əhməd, Elçin İsgəndərzadə Fəyyaz bəylə əlaqə yaratmış, onun araşdırmalarına elmi münasibət bildirmişdilər. 2008-ci ildə KIBATEK-in Bakıda gerçəkləşən, müəllimi oldiğum Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən şeir şölənində iştirak etdim. O vaxtdan başlayaraq müntəzəm şəkildə KIBATEK tədbirlərinə dəvət aldım və böyük şətəf duyaraq qatıldım.
KIBATEK 27 ildir ki, Türk ədəbiyyatını və ulu Türkcəmizi bütün dünyada təbliğ etmək, tanıtmaq kimi önəmli bir missiyaya xidmət edir.Onun uğurlara gedən yolu Türkiyədən Qafqazlara, Rusiyaya, Balkanlara, Avropaya, uzaq Avstraliyaya qədər böyük bir coğrafiyanı əhatə edir. Bu uzun və şərəfli yolda KIBATEK üzvü olaraq Türk dünyasına, onun mədəniyyət və ədəbiyyatına kiçicik bir qatqımız oldusa nə mutlu bizə! Dünyanın 60-a qədər ölkəsindən aldığım uluslararası ödüllər içində KIBATEK ödülünün yeri bir başqadır."
Filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimlinin KIBATEK tərəfindən Türk Dilinə Xidmət Ödülü ilə təltif edilməsi yalnız bir alim və şairin şəxsi uğuru deyil, eyni zamanda Azərbaycan elminin və ədəbiyyatının beynəlxalq nüfuzunun göstəricisi kimi də dəyərləndirilir. Bu mükafat Türk dilinin yaşadılması, inkişafı və gələcək nəsillərə ötürülməsi yolunda görülən işlərin yüksək beynəlxalq səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


