BDU-da elmi seminar keçirilib

 

BDU-nun Filologiya fakültəsində “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” mövzusunda elmi seminar keçirilib

15 dekabr tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasında “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” mövzusunda elmi seminar təşkil olunub. Seminarın məruzəçisi Türkologiya kafedrasının “Türk dilləri” ixtisası üzrə III kurs doktorantı Məleykə Mirzəli olub.

Məleykə Mirzəlinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, məruzəçi çıxışında ilk olaraq mövzunun elmi-nəzəri əsaslarından, eləcə də sözügedən problemin türkologiya və etnolinqvistika sahəsində tədqiq tarixi və aktuallığından bəhs edib. Daha sonra “körpə” anlayışının Azərbaycan və özbək ədəbi dillərindəki, dialektlərindəki qarşılıqları təqdim olunaraq onların etimoloji mənşəyi və semantik inkişaf xüsusiyyətləri izah edilib.

Araşdırmanın əsas hissəsində yeni doğulmuş körpə ilə bağlı mərasim etnoqrafizmləri mərhələli şəkildə sistemləşdirilərək üç əsas mərhələdə qruplaşdırılıb. Həmin mərhələlər üzrə özbək dilində qeydə alınmış 1, 3, 5, 7, 9 və 40 gün mərasimlərinin adları, eləcə də Azərbaycan dilində mövcud olan 10 və 40 mərasimlərinin adları, semantik tutumu və etimoloji xüsusiyyətləri müqayisəli şəkildə təhlil edilib.

Bununla yanaşı, adqoyma, dişçıxartma və beşik bağlama kimi mərasim etnoqrafizmlərinin struktur-semantik xüsusiyyətləri, funksional yükü və hər iki dildə müşahidə olunan oxşar və fərqli cəhətləri diqqətə çatdırılıb. Məruzəçi bu mərasimlərin türk xalqlarının ortaq etnik-mədəni yaddaşının, ənənəvi dünyagörüşünün və milli-mədəni kodlarının daşıyıcısı olduğunu elmi arqumentlərlə əsaslandırıb.

Seminarda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli, professor Firuzə Ağayeva, dosent Qızılgül Abdullayeva, dosent Afaq Məmmədov, müəllim Qənbər Xanməmmədov, eləcə də kafedranın digər əməkdaşları, magistr və bakalavr tələbələri iştirak ediblər. Sonda məruzə ətrafında elmi müzakirələr aparılıb, məruzəçiyə mövzu ilə bağlı suallar ünvanlanıb və fikir mübadiləsi həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.