Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədr müavini arasında görüş baş tutub
12 dekabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova arasında görüş keçirilib. Görüşdə, həmçinin Mərkəzin Yerli layihələrlə iş sektorunun müdiri Telman Məlikzadə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Türk dünyasına məxsus tarixi-mədəni qoruqların beynəlxalq səviyyədə tanıdılması, bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları tərəflər arasında müzakirə olunub.
Fondun prezidenti Aktotı Raimkulova Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin tədqiqi, qorunması və beynəlxalq platformalarda təqdimatı istiqamətində Fond tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.
Görüşün əhəmiyyətinə toxunan İdarə Heyətinin sədr müavini Sədaqət Davudova qeyd edib ki, Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində bu cür əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. O, bu təmasların gələcək birgə layihələr üçün möhkəm zəmin yaradacağını vurğulayıb.
Sonda tərəflər Türk mədəni-tarixi irsinin beynəlxalq miqyasda daha geniş tanıdılması üçün əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Görüş səmərəli və işgüzar şəraitdə keçib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


