Çingiz Aytmatov haqqında esse - Gələcək kitab üçün cizgilər Featured

 

Sultan RAYEV, Qırğız Respublikasının xalq yazıçısı

 

“Ədəbiyyat və incəsənət” portalı dahi qırğız yazıçısı, dünyaşöhrətli Çingiz Aytmatov barədə çağdaş Qırğız Respublikasının ən tanınmış yazıçısı Sultan Raevin redaksiyamıza təqdim etdiyi “Çingiz Aytmatov haqqında esse” məqaləsini diqqətinizə çatıdrır. Dilimizə çevirdi – Varis.

 

Müəllifdən:

12 dekabr — Çingiz Aytmatovun doğum günü…

Bu gün sadəcə bir yazıçı dünyaya gəlmədi. Bu gün qırğız tarixində yeni bir mənəvi era başlandı. Bu adla qırğız xalqının ruhu, azad düşüncəsi və mənəvi zirvələri ayrılmaz şəkildə bağlandı. Bu gün bir dahinin əsri başlandı…

Onun ruhu bu günlə doğuldu, nəfəsi bu günlə yoğruldu…

Aytmatov fenomeni… O, dünyamıza zamanına sığmayan düşüncə formalarının, böyük mənəvi gücün bayraqdarına çevrilərək gəldi. Onun Sözü nəsildən-nəslə uzanan vicdan və həqiqət karvanıdır. Onun Sözünün və Düşüncəsinin yolu əbədidir…

Bu Gün qarşısında dərin ehtiramla baş əyirəm…
Qırğız mənəviyyatının yeni dövrünün başlanğıcı qarşısında baş əyirəm…

 

 

Bir neçə dəqiqə və Aytmatovsuz qırmızı ağacdan oaln tabutu

 

Aytmatov haqqında yazmağa başlamazdan əvvəl onunla bağlı iki hadisə yadıma düşür: ilk görüşüm və son görüşüm. Bu iki an ruhuma o qədər dərindən hopub ki, sanki ömrüm boyu içimdə sönməyən bir alov kimi yanacaq. İndi elə gəlir ki, bu iki görüş arasında bütöv bir əbədiyyət uzanır…

 

İLK GÖRÜŞ

1975-ci ilin yayı.

Məktəbi bitirmişdim, instituta qəbul olunmağa hazırlaşırdım. Attestatım “5” və “4” qiymətləriylə dolu idi. O illərdə əlaçı və yaxşı oxuyan məzunların qarşısında ali məktəblərin qapıları açıq idi – hara istəsən, sənəd ver.

Attestatı alan kimi Moskvaya, VGİK-ə (Dövlət Ali Kinematoqrafiya İnstitutu – red.)  yollandım. “Sovetski ekran” jurnalında Sergey Gerasimovun yaradıcılıq emalatxanasında oxuyan Zamir Eraliyev haqqında məqalə oxumuşdum. Elə bu yazıdan sonra onunla tanış olmuş, kinorejissor olmaq istəyənlər üçün lazım olan bütün tələbləri poçtla ondan almışdım.

Eyzenşteynin altıcildliyindən başlayaraq Dovjenko, Gerasimov, Kulidjanov, Pıryev kimi kino klassiklərinin əsərlərini oxumuşdum. Amma bunların nə faydası vardı ki. Adi kino göstərən klubun belə olmadığı ucqar bir kənddə böyümüşdüm. Oxuduqlarım beynimdə iz buraxmışdı, lakin çoxunu dərk edə bilməmişdim.

Buna baxmayaraq, gənclik ehtirası və ambisiyalarım məni VGİK-in astanasına gətirdi. “VGİK” sözü ürəyimə həkk olunmuşdu. Onu hər yerdə yazırdım -partalarda, dəftərlərdə, divarlarda, qarda, tozda… Amma anlamırdım ki, ali məktəbə qəbul arzuyla deyil, bilik və istedadla olur.

Moskvada, illərlə xəyalını qurduğum institutun qarşısında dayandım. Qapılar açıq idi, dəhlizlər boş. Növbətçinin “Gənc oğlan, hara?” sualı məni ayıltdı.
-Qəbul olmağa gəlmişəm…

- İmtahanlar iki gün əvvəl bitib.

O an ambisiyalarımın yarpaqları töküldü…

Frunzeyə (indiki Bişkek -red.) qayıtdım. Tarix fakültəsinə sənəd verdim. Sonuncu imtahandan “2” aldım. Ümidlərim tam sındı. Ən ağır olanı isə bu idi: Akim Sultanın oğlu da imtahandan kəsildi…

Ruh düşkünlüyü ilə parkda addımlayırdım. Və birdən… yuxudurmu, gerçəklikdirmi - qarşıdan Çingiz Aytmatovun gəldiyini gördüm. Tək idi. Qolunda qatlanmış pencəyi. Dərin düşüncələrə dalmışdı.

“Salam, Çingiz ağay” deməyə cəsarətim çatmadı. Donub qaldım. O isə başını qaldırmadan yanımdan keçdi. Bir az sonra onun arxasınca getdim. İnsanlar salam verirdi, o isə təvazökarcasına cavablayırdı…

Boz binaya daxil oldu. Lövhədə yazılmışdı: “Qırğızıstan SSR Mədəniyyət Nazirliyi.”

Xeyli gözlədim. Çıxmadı…

Amma o gün mənim üçün unudulmaz idi. Sevdiyim yazıçını görmüşdüm. Həmin gün nə VGİK, nə də imtahanlar məni narahat edirdi. Uşaqlıq arzularımdan biri gerçəkləşmişdi.

Beləcə, 1975-ci ilin yayında mən Çingiz Aytmatovu ilk dəfə gördüm…

 

SON GÖRÜŞ

2008-ci il, 11 iyun

Çingiz Aytmatovun nəşi “Manas” hava limanına gətirildi. Dövlət Komissiyasının üzvü idim. Təyyarənin yük bölməsi açıldı və qırmızı ağacdan olan tabutu gördüm.

Ürəyim titrədi…

Bir zamanlar onun arxasınca gedən arıq, uzunboylu gənc gözümün önünə gəldi. İlk görüşdə salam verə bilmədiyim kimi, son görüşdə də “əlvida” deyə bilmirdim.

O gün mənim bütün kainatım, bütün həyatım həmin tabutun içində idi…

 

 

Aytmatov… Ata-Beyit… Medet Sadyrkulov…

 

10.06.2008… Bizim Çingizimizin bu dünyadan getdiyi gündür… Bu, hər kəsin qəlbində yas günü, böyük bir itki günüdür… Həm də yaddaş günü…
… Mən uzun illər qəlbimdə saxladığım bir həqiqəti demək istəyirəm, bəlkə də hər kəs bilməz, amma tarix üçün bu həqiqəti açıqlamaq lazımdır, bu mənim o şəxsə qarşı yaddaşımdan irəli gələn borcumdur… Bizim Çingizimizin adı ilə bağlı hər şey - bütün qeydlər, istinadlar və arqumentlər, böyük bir insanın adı ilə bağlı olan hər şey çevrilib tarix olur… Böyüklüyün qiyməti belədir… Hər il qəlbimizdə Çingizimizin böyüklüyü artır, sanki o, göyə yüksələn böyük bir mənəviyyat dağı kimidir… Ola bilsin ki, böyük Manasın getməsi də hər bir qırğızın qəlbini kədər ilə doldurmuşdu və bu, böyük xalq kədərinə çevrilmişdi… Bir vaxtlar Manasını itirmiş qırğız xalqı bu gün də Manas ruhuna malik olan böyük oğlu Çingizini itirdi, qırğız xalqı kainata sığmayan, sonsuz bir kədərə bürünübdür…
Bu gün mənim qəlbimə əbədi həkk olunubdur…
10.06.08…

 

* * *

…Son dəfə Çingizlə Çon-Arık kəndində, dayım Bayımbet Muratalıyevin evində bir yerdəydik. O gün bizimlə birlikdə ağsaqqallarımız – Ömörbay Narbekov və Doolotbek Şadıbekov da vardı. Çingiz həmin görüşə bir qədər gecikmişdi. O vaxt Rusiya kinoçuları Sokuluk yaxınlığında Çingizin yubileyinə həsr olunmuş sənədli film çəkirdilər. Çəkilişlər uzandığından Çingiz görüşə təxminən bir saat gec gəldi.

O, evə daxil olan kimi hamımız sanki canlandıq, otaq işıqla doldu. Mən Çingizin sağ tərəfində əyləşmişdim. Böyük insanın böyüklüyü xırda detallardan da görünür: o, içəri girən kimi hamıdan üzr istəməyə başladı, gecikdiyinə görə hər kəsi gözlətdiyini dedi. Mənə üz tutub söylədi:
-Gərək bu qədər gözləməzdiniz… başlamalı idiniz, mədəniyyət naziri…
(O vaxt mən mədəniyyət naziri vəzifəsində çalışırdım.)

O an hiss etdik ki, Çingizi gözləməyin özünəməxsus bir ləzzəti var. Bu insan olmadan boğazdan tikə keçməzdi sanki. Hamımız üçün yubileylə bağlı məsələləri müzakirə etmək imkanı yarandı. Çingizin gəlişi ilə onun əyləşdiyi yer sanki kainatın mərkəzinə çevrildi. Hər birimizin gözlərində ona olan ehtiram, qəlbimizdə isə onunla qürur hissi parlayırdı. Çünki bir əfsanənin yanında oturmaq belə xoşbəxtlik idi…

Uzun, düşündürücü bir söhbət oldu…

Bir müddət sonra hiss etdim ki, onu narahat edən, lakin dilə gətirə bilmədiyi bir məsələ var. Bir azdan mənə tərəf əyilib pıçıltı ilə soruşdu:
-Sultan, səncə, hamını bu qədər gözlətdikdən sonra çıxıb getsəm, bu uyğun olarmı?

Məlum oldu ki, həmin gün Almatıya uçmalı idi. Bu xəbəri sakitcə dayım Bayımbetə çatdırdım. O da dərhal süfrəyə hörmətli qonaqçün hazırlanan  yeməklərin gətirilməsini sürətləndirdi və Çingizə son söz verildi.

Çingiz ayağa qalxaraq hamıya böyük ehtiramla dedi:
-Mən sovet adamı kimi…

O, dərin və mənalı fikirlər söylədi. Elə bil, təkcə masadakı insanlara yox, bütün kainata müraciət edirdi. Ürəyimizdə gizlənən sözləri dilə gətirdi. Böyük fikirləri sadə insan taleyi ilə bağladı. Onun böyüklüyündə adilik də vardı…

Hamını xeyir-dua ilə yola saldı və özü də yoluna davam etdi. Getməzdən əvvəl hamımız onunla birgə şəkil çəkdirdik – yanında dayanaraq, əlini tutaraq, qəlbimizdə qürur hissi ilə…

O dedi ki, Almatıda dörd-beş günlük təcili işi var, sonra Kazana uçmalıdır…

Biz onunla şəkil çəkdirdik…
Amma bilmirdik ki, bu, onunla çəkdirdiyimiz sonuncu şəkil olacaq…

 

* * *

Acı xəbər ildırım sürətilə dünyaya yayıldı. Bütün dünya onun itkisinə ağladı…

Həmin günün səhəri Medet Çokanoviç (Qırğız Respublikası Prezident Administrasiyasının rəhbəri Medet Sadyrkulov) məni təcili yanına çağırdı. Hamımız bu ağır xəbərdən sarsılmışdıq.

Onun kabinetinə daxil olanda məni həmişəki kimi səmimi qarşıladı:
- Keç, əzizim…

O, kədərli və çaşqın idi. Bir anlıq susub soruşdu:
-Eşitmisən?
-Eşitmişəm…
-Biz Çingizimizi itirdik… İndi onu layiqincə yola salmalıyıq… Bir-iki günə cənazəsi gətiriləcək…

Sonra pəncərəyə yaxınlaşıb mənə baxaraq soruşdu:
-Onu harada dəfn edəcəyik?

Bu sözlər mənə dözülməz gəldi. Çingizin ölümünə hələ də inana bilmirdim. Sükut içində qaldım. O isə davam etdi:
- Qətiyyən Ala-Arçada yox… Harada – hələ bilmirəm. Sənə bir gün vaxt verirəm. Sabah təkliflərinlə gəl.

Bu sözlər beynimdə şimşək kimi çaxdı…

Gün boyu, gecə boyunca düşündüm. Çingizin kitablarını vərəqlədim. Birdən “Ana torpaq” povestinin epiqrafı gözümə sataşdı:

“Ata, mən sənin harada dəfn olunduğunu bilirəm.
Sənə ithaf edirəm, Törökul Aytmatov…”

Oxuyub dedim: “Tapdım!”

Birinci arqument epiqraf idi. İkinci arqument - atası Törökul Aytmatovun uyuduğu yer - Ata-Beyit. Bu adı da elə Çingizin özü vermişdi. Ata məzarının olduğu torpağa oğul da tapşırılar… Bu düşüncə mənə çox dərin gəldi.

İkinci variant da düşündüm - şəhərin mərkəzinə yaxın park. Amma ürəyim Ata-Beyitdən yana idi…

Səhəri gün Medet Çokanoviç dedi:
- Ata-Beyit… maraqlıdır…

Bir qədər sonra zəng gəldi:
- Birinci razılaşdı… Sabah Ata-Beyitə get…

Beləcə, Çingiz Aytmatov atasının yanında, böyük qırğızların uyuduğu torpaqda dəfn edildi. Onların taleyi bir torpaqda qovuşdu…

 

USTAD

Alma-Atadakı Muxtar Auezovun ev-muzeyinin girişində Çingiz Aytmatovun sözləri yazılmış lövhə asılıb: “… Mənim iki milli müqəddəsliyim var ki, onları digər ölkələrə aparıram, digər xalqların qapısından daxil olarkən yanımda olur. Bunlar - “Manas” və Muxtar Auezovdur. Bunlar mənim xalqımın simvollarıdır”. Ev-muzeyə baş çəkərkən bu sözlər böyük yazıçımızın qəlbimə ən yaxın olan sözləridir…

Bu, Çingiz Aytmatovun böyük fəzilətlərindən biridir. “Ustad” anlayışı həmişə milli mədəniyyətimizdə körpü rolunu oynayıb. İncəsənət, digər incəsənəti doğurur. Amma eyni zamanda Ustadın dəyəri və böyüklüyü şagirdinə öyrətdiyi sənət əsasında qiymətləndirilir. Bu, mədəniyyətin ölməz qədim bir fenomenidir. Bizim Çingiz “Manas”la yaşayırdı, ondan mənəvi güc alırdı, “Manas” onun üçün qızıl səlahiyyət idi, Çingiz oradan ölümsüzlük gücünü aldı. O, “Manas”la yaşadı və həyatını ona həsr etdi.

Bu fəziləti o ustadı Muxtar Auezovdan miras almışdı. Ağır zamanlar gəldikdə, yalnız “Manas” üçün deyil, bütün Qırğız xalqı üçün çətin anlarda, Muxtar Auezov böyük epopeyamızın müdafiəsinə qalxdı, qazax olmasına baxmayaraq qırğızlara misilsiz xidmət göstərdi. Çünki məhz o zaman bizim cəmiyyətimizdə çox sayda xəyanətkar və qara niyyətli insanlar peyda olmuşdu, onlar “Manas” eposu haqqında pis danışır, onun xalqın tərbiyəsi üçün “zərərli” olduğunu söyləyirdilər. Epik əsərlərə, hətta Aytmatovun özünə qarşı təqiblər başladıqda, məhz Muxtar Auezov onun müdafiəsinə qalxdı, bu mübahisələrə qarışdı…

O, bu qədər müdaxilə etməli idimi?

Bizim qədim tariximizdə, Barsbek xan tərəfindən yaradılan Qırğız xanlığı məhz xəyanətkarların səbəbi ilə dağıdılmışdı və xalqımız iki əsr boyunca tarix səhifələrindən silinmişdi. Mən “Qırğızın düşməni qırğızdır” deyiminə inanmıram. Qırğızın düşməni – qırğızlardakı eqoizm, hakimiyyət və var-dövlət istəyi ilə bağlı daxili qurddur. Bu daxili düşmən nə qədər qırğızımızın yaxşılarını məhv edib?

Əgər biz bir millətiksə, milli ruhumuz, milli fəqrlənmə imkanlarımız olmalıdır. Bu isə Aytmatovdur. Şübhəsiz. Amma bizim içimizdə ona qarşı yaxşı niyyətli olmayan insanlar da var. Bəs onda, biz dahimizin böyüklüyünü anlamadan, nə əldə edə bilərik?!

Hər xalqın öz Böyüklük simvolu var, bizim üçün bu – Manasdır, Aytmatovdur.

Bizim Çingiz Manas, Muxtar, Sayakba haqqında çox böyük düşüncələr qoyub. Bunları həm bizim, həm də sizin üçün qoyub…

Ustad anlayışı bizim  milli kultumuz idi. Bütün dünya Ustadın başına fırlanırdı, o bizə maarif, incəsənət və inkişaf verirdi. Bu, qırğızlar üçün həqiqi təbii Akademiya idi.

Çingizimizin böyüklüyü onun ustadlarının irsini diqqətlə qorumasında, onların mənəvi dünyasını düşmənçiliklərdən müdafiə etməsindədir. O, mənəvi zənginliklərini ardıcıllarına ötürürdü. Ola bilsin ki, bu, Aytmatovun Aytmatov olması sirrlərindən biridir…

Biz bu dövrü necə yaşayacağıq, o dövrü ki, heç kimin öz Ustadı, işi, hörməti, dayağı, hətta inancı belə yoxdur?..

Böyük Kitabda deyilir: “Əgər sənin öz Ustadın yoxdursa, deməli sənin ustadın  Şeytandır…”

Yalnız Aytmatov hər birimizin qəlbinin Ustadı olduqda, biz bu qaranlıq zamanın işıqlı küçəsinə çıxa biləcəyik…

 

 

Aytmatov və berkut

 

Bu vaxt idi ki, Çingiz Törökuloviç Avropadakı səfirlikdən yenicə Bişkekə qayıtmışdı… Birdən, katibəm qapını hövlnak açaraq kabinetimə daxil oldu. O, həyəcanlı idi. Həyəcanından təngnəfəs idi, nəhayət ki özünü tarazladı.

-Sultan Akimoviç, Çingiz Aytmatov gəlib… – dedi.

Katibəmin həyəcanı mənə də keçdi və mən yerimdən sıçrayaraq qapıya doğru qaçdım, qapını açdım və qəbul otağında Çingiz Aytmatovu gördüm. Belə böyük bir insanın mənim qəbul otağımda gözlədiyini görmək məni çaşbaş qoydu. Sonradan katibəmdən soruşdum: “Niyə onu dərhal kabinetimə gətirmədin?” Məlum oldu ki, qəbul otağına daxil olan kimi Çingiz ona demişdi: “İşlə məşğul olan adamı yayındırma, qızım, sadəcə get və de ki, mən gəlmişəm…”

Çingizlə isti salamlaşdıqdan sonra kabinetə keçdik. Böyük yazıçı əvvəlcə mənim sağlamlığım və işlərim barədə soruşdu, divarlardan asılmış rəsm əsərlərinə baxdı, öz şəkilini diqqətə çarpan yerdə gördü və dedi: “O vaxt mən daha gənc idim…”

-Mən Xarici İşlər Nazirliyindən gəlirdim və düşündüm ki, eyni zamanda iki işi görmək yaxşı olar, mədəniyyət naziri ilə də görüşüm, ona görə də sənin yanına gəldim, – dedi.

Çingiz, dediyim kimi, Avropadan yeni qayıtmışdı. Onun səfir işindən çıxarılmasına razı deyildim, belə böyük bir insanın Avropada olması bir çox məsələləri həll edə bilərdi. Biz gözlərimizlə gördük ki, orada ona nə qədər hörmət var.

-Yeri gəlmişkən, sənin romanını hələ də bitirməmişəm, bir neçə gündü, əlim yetmir… Sənin yanında da üzüqarayam.… Sən bilirsən, yazıçının həyatı belədir, ağlına hər hansı bir fikir gəldimi, özünü unudasıdır, – dedi Çingiz, çaydan bir qurtum aldı. Həqiqətən, artıq iki ildən çox idi ki, ona “Dəlixana” romanımın əlyazmasını oxuması üçün vermişdim. Amma Çingizin heç oxuması da yox, romanı əlinə alıb saxlaması belə mənim üçün böyük qürur və ilham idi.

-Bir az qalıb… Əgər belə davam etsə, bəlkə yaxşı bir roman olacaq… Bilirsən ki, yazıçı bütün gücünü əsərin sonunu tamamlamaya yönəldir, hətta bütün əsər bu son üçün yazılır, – dedi.

O zaman Çingiz mənə bir az yorğun görünürdü. Ola bilsin ki, xidmətindən ayrıldığı üçün beləydi, ya da mənə elə gəldi… Bütün vəziyyəti, əhval-ruhiyyəsi, daxili aləmi üzündə əks olunmuşdu. Nə isə qəmgin və kefsiz idi. Ola bilsin, buna görə də mən onun səfirlik xidməti barədə nəsə deməyə cəsarət etmədim.

2004-cü ildə bir söhbətimiz zamanı ona çox sual vermişdim və o, suallarımı geniş cavablandırmışdı. Sonradan bu söhbətimiz dərc olundu. (Çingizin təklifi ilə bu söhbət onun “Sevgi kainatı yaratdı, sevgi əbədidir” adlı 8 cildlik əsərləri toplusuna daxil edildi.) O vaxt o mənə demişdi: “Həyatımızın hər hansı bir guşəsində olmağımızdan asılı olmayaraq, gec-tez doğulduğumuz, böyüdüyümüz yerə qayıdırıq… Boşuna deyilməyib ki, kəsilmiş göbəkbağı yeri insanın yaddaşından çıxmır…”

Amma bu dəfə mən ona dilimin ucundakı sualı verə bilmədim.

Biz uzun müddət danışdıq. Nəhayət o dedi: “Yaxşı, mədəniyyət naziri, mən gedim… Səni qəbul otağında artıq çox adamın gözlədiyini bilirəm…”  və yerindən qalxdı. Sağollaşarkən söylədi: “Başqa sözün yoxdur? Məncə, artıq hər şeyi müzakirə etdik”.

Bu “başqa söz”ü iki gün sonra anladım. Xarici İşlər Nazirliyinə gedəndə Çingizə TÜRKSOY-un baş katibi vəzifəsinı keçəcəyi barədə məlumat verilmişdi…

Mən onunla kabinetdən çıxdım. Həqiqətən, qəbul otağında 5-6 nəfər gözləyirdi. Çingiz hamıya salam verdi. Birlikdə binadan çıxdıq…

Çingizi yola salarkən Mədəniyyət nazirliyindən Çuy prospektinə qədər onunla getdim. Ona təklif etdim: Bəlkə maşınla gedəsiniz?Amma o imtina etdi: “Piyada gəzmək üçün çox darıxmışam. Ruhumla anladım ki, bu sadə sözlərdə nə qədər dərin məna var. İnsan doğma torpağı ayaqları ilə hiss etmək istəyir…

Çingizlə söhbət edərkən mən bir anlıq fikrə dalmışdım… Ruhumda bir sirli sual vardı… Bu an o sual yetişdi və mən qərar verdim ki, sualı ona verim:

-Mən sizə uzun müddətdir bir sual vermək istəyirəm… – dedim. Çingiz mənə baxıb dayandı: “Ver…” – dedi.

-Siz qəzetlərdə yazılanları, müxtəlif informasiya mənbələrini oxuyursunuzmu? – soruşdum. Çingiz cavab verdi ki, özü oxumasa da, tanışları zaman-zaman xəbər verirlər…

Mən nəzərdə tuturdum ki, o vaxt Çingiz haqqında çoxlu qarayaxma yazılar çıxmışdı. Bəzi yazıçılar, qəzetlər, gənc jurnalistlər onun adını ləkələmək üçün hər şeyi yazırdılar, şəxsi həyatı da daxil…

“Niyə bu böhtançılara cavab vermirsiniz, bu qəbuledilməzdir…” – dedim və Çingizdən kədərli bir ah eşidəndə mən utandım.

Çingiz qəfil mənə baxıb sonra danışmağa başladı, onun sözləri hələ də qulaqlarımda çingildəyir:

-Sultan, mən bir berkut olsaydım, göylərdə yüksəkliklərdə uça-uca, bataqlıqda yaşayan qurbağalara diqqət yetirməlimi idim? Qurbağalar həyatda bataqlıqdan başqa heç nə görməyiblər… Yaradan özü berkutun da, qurbağanın da həqiqətini bilir. Həqiqətin harada olduğunu çox yaxşı bilir… Onunla mübahisə etmək olmaz…

Mən sualımdan utandım. Amma Çingizdən aldığım cavab mənim üçün həyati dərs oldu… “Bəlkə də yalnız bu cavabı eşitmək üçün bu sualı vermək lazım idi”, – düşündüm…

Çingiz mənə dedi: “Yaxşı, sən qal, mən yoluma davam edim” və yoluna davam etdi… Mən onu izlədim, tədricən silueti gözlərimdən itdi…

Və indi biz hamımız onun o silueti üçün darıxırıq…

 

 

Aytmatov və hiss…

 

2004-cü il. Biz Çingiz Törökuloviçlə razılaşmışdıq ki, axşam onun Ala-Arçadakı evində görüşək. Uzun müddətdir ki, Çingizlə ədəbiyyat, mənəvi zənginlik, siyasət, dil və yaradıcılıq barədə söhbət etmək istəyirdim. Ancaq bu, heç də asan deyildi. Çingiz uzaq bir ölkədə diplomatik xidmətlə məşğul idi və vətənə yalnız qısa müddətlərə gələ bilirdi. Şükürlər olsun ki, bu dəfə özü mənə zəng etmişdi və cəmi bir cümlə demişdi:
-Axşam yanıma gəl.

Bu sözlərdən sonra həmin gün mənə elə gəldi ki, Çingizin özünün yazdığı kimi, “gün əsrə bərabər gündür”. Axşamın düşməsini səbirsizliklə gözləyirdim. Mənim üçün böyük yazıçı ilə görüşüb söhbət etməkdən qiymətli heç nə yox idi. Necə deyərlər, “ikisi birində”, hiss edirdim ki, bu görüşdə həm də böyük bir insanla müsahibə almaq fürsəti yaranacaq. Ümid edirdim ki, əgər razılaşsa, suallarıma cavab tapılacaq. O vaxt mən “Azadlıq” radiosunda çalışırdım və bu müsahibə radio üçün əvəzsiz tapıntı ola bilərdi. Axı Çingiz müsahibələri hər kəsə asanlıqla vermirdi. Bu da özlüyündə böyük məsələ idi…

Həmin gün, elə bil qəsdən, birlikdə işlədiyim Jarkın eje Temirbayevnaya ağzımdan qaçırdım:
- Bu gün Çingiz məni evinə dəvət edib.

(Qoy torpağı nurla dolsun! Keçən il bu dünyadan köçdü. Saf qəlbli, yaxşı bir qadın idi Jarkin eje.) Niyə dedim axı, qadın yapışdı yaxamdan, onu da özümlə aparmağımı xahiş etməyə başladı. Belə hallarda eje ilə mübahisə etmək çətindir - səni rahat buraxmaz. Axırda razılaşdım. Onun xarakterini də, qəfil öz sualını araya salmaq məharətini də yaxşı bilirdim. Ona görə yalnız bir şərtlə razı oldum:
-Sualları yalnız mən verəcəyəm. Siz sadəcə mikrofonu tutacaqsınız və susacaqsınız…

Jarkın eje buna dərhal razı oldu. O, heç olmasa Çingizlə görüşə sevinirdi və mənim “şərtlərimi” qəbul etdi.

Axşam Çingizin evinin qarşısında görüşməli idik. Mən saat yeddidə gəldim. Amma təəccübümə səbəb oldu ki, Jarkın eje hələ gəlməmişdi. Təxminən iyirmi dəqiqə gözlədim. Nəhayət, tələsik halda göründü — özü ilə də balaca qızını gətirmişdi. Nə deyə bilərdim?.. “Niyə qızını gətirmisən?” - demək istədim, Jarkın eje məni qabaqladı:
-Qızım üçün Çingizdən xeyir-dua almaq istədim…

Beləcə, üçümüz birlikdə Çingizin evinə daxil olduq. Bizi görən kimi Çingiz dedi:
-Salam, Sultan, necəsən? Bu bacımızla isə deyəsən tanış deyiləm.

Mən Jarkın ejeni təqdim etdim:
-Bu, Jarkın ejedir, “Azadlıq” radiosunda birlikdə işləyirik.

Sonra diqqətlə balaca qıza baxıb soruşdu:
-Bəs bu balaca mələk sənin qızındır?

Jarkın eje tələsik dilləndi:
-Yox, Çingiz ağa, bu mənim qızımdır. Sizlə görüşə getdiyimi deyən kimi yapışdı məndən, qoparmaq mümkün olmadı…

Mən Jarkın ejeyə baxdım, sanki baxışlarımdan “yenə hamıdan qabağa keçdin?” sualını oxudu və utancaq halda gözlərini endirdi. Elə bu anda Çingizin dediyi sözlər vəziyyəti dərhal yumşaltdı:
-Uşaq mələkdir…

Bunu eşidən Jarkın eje sevinc içində dedi:
-Çingiz ağa, indi ona xeyir-dua versəniz, bunu ömrü boyu unutmadan xatırlayar, xoşbəxt olar…

Beləcə, gecənin xeyli gec saatlarına qədər Çingizlə söhbət etdik. Əynində ev xalatı vardı. Bütün suallarıma cavab verdi. Müasirlikdən, qloballaşmadan, ədəbiyyatdan, vicdandan, hakimiyyətdən, dahilikdən və tiranlıqdan danışdıq… Bir sözlə, bir çox mövzulara toxunduq. (Sonralar bu müsahibə dəÇingiz Aytmatovun 8 cildlik əsərlər toplusuna daxil edildi.)

Çay içdik, süfrədə olan hər şeydən daddıq. Artıq gecə saat on ikini keçmişdi. Jarkın eje xahiş etdi:
-Çingiz ağa, sizinlə şəkil çəkdirə bilərik?

Çingiz razılaşdı və etirazımıza baxmayaraq, başqa otağa keçib paltarını dəyişdi. Mən Jarkın ejeyə saatı göstərib pıçıltı ilə dedim:
-Şəkli başqa gün də çəkdirə bilərdik…

Bir azdan Çingiz kostyumda, qalstuklu halda otağa qayıtdı. Şəkil çəkdirdik. Sonra Jarkın eje qızı üçün xeyir-dua istədi. Çingiz ürəkdən xeyir-dua verdi.

Artıq çıxmağa hazırlaşanda Jarkın eje yenə söz istədi:
-Bir sual verə bilərəm?

-Ver… -dedi Çingiz.

-Çingiz ağa, deyəsən, siz heç bir qadını Bübüysarı (tanınmış qırğız balerinası Bübüysar Beyçenaliyeva. 30 yaşları olanda ilk baxışdan bir-birilərinə aşıq olmuş, bütün cəmiyyətin təpkisinə, lənətlənmələrə baxmayaraq evlilikdən kənar bir-birilərini sevmişdilər, sonra qadın qəfil xəstəlikdən vəfat etmişdi - red.) sevdiyiniz qədər sevməmisiniz.

Bu sualı eşidən Çingiz təəccübdən masaya söykəndi. Mən donub qaldım. Nə deyəcəyimi bilmirdim -axı qonşu otaqda Çingizin həyat yoldaşı vardı.

Çingiz stula əyləşdi, ağır bir ah çəkdi və dərin mənası olan qısa bir cümlə dedi: -Bəli, doğrudur…

O dərin ahda mən Böyük Sevginin sarsılmaz gücünü də, həsrəti də, kədəri də, xoşbəxtliyi də, peşmanlığı da, sevinci də hiss etdim. O ahda əbədiyyətin səsi vardı. Çünki bizi yalnız yaddaş aparır sevdiyimiz yerlərə, göylərin apardığı insanların yanına…

O ah ömrüm boyu qulaqlarımdadır…
Bu, Böyük İnsani Hissin ahı idi…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.