Bir kitab, iki bayraq – eyni rüzgarda dalğalananlar Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Türkiyə və Azərbaycan arasındakı mədəni-ədəbi əlaqələrin yaranması, körpülərin qurulması və möhkəmlənməsində qələm adamlarının böyük zəhməti və sevgisi əsas rol oynayır. Hər iki qardaş ölkənin irəli sürdüyü ortaq layihələr və kitablar bu baxımdan xüsusilə önəmlidir.

 

Bu yaxınlarda türkiyəli şair, Azərbaycan sevdalısı Fethi Akının həm Anadolu, həm də Azərbaycan türkcəsində hazırlanan “Kimliksiz Sokaklar” (“Adsız küçələr”) kitabı çapdan çıxıb və oxucuların diqqətini çəkib.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alır. Əsəri Azərbaycan türkcəsinə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin uyğunlaşdırıb. Redaktoru yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı, korrektoru isə şair, yazıçı, tərcüməçi Rəfiqə Şəmsdir.

Kitabda şairin doğma şəhərimiz Sumqayıta həsr etdiyi “Sumqayıt” şeiri də yer alır.

 

FETHİ AKIN

SUMQAYIT

 

Zamanın əllərində böyüdün,

qıvrım- qıvrım küçələrinlə,

dəniz qoxan sahillərinlə,

Sumqayıt!

Hər küçən bir sirr daşıyar,

hər daşında bir iz.

Sən

keçmişdən gələcəyə uzanan

bir körpü,

tarix və ümid dolusan.

75 il

Bir ömrün başlanğıc yolu

bir xalqın mahnısı,

bir millətin qürurusan.

Hər əsən küləyində,

bir başqa baharın müjdəsi.

Hər torpaq qoxusunda

həyatın dirilişi var.

Fabriklərdə doğan işıü,

gözlərdə böyüyən arzular

sənin torpağında cücərdi.

Sən

yalnız bir şəhər deyil,

bir ürəksən,

sevdanın özüsən.

Sumqayıt!

Dalğalı Xəzərin nazlı baxışı,

göylərində süzən  qağayının

azad qanad çırpışı kimisən.

Hər küncündə

bir hekayə,

bir şeir

bir nağıl gizlənir.

Bu gün 75 yaşındasan,

amma hələ gənc,

hələ ümid dolusan.

Neçə illər,

Neçə baharlar görəsən,

Sən həmişə parlayan ulduz olasan

Sumqayıt!

Şeir kimi adınla

sonsuzluğa yol alasan

Sumqayıt!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.