Türk xalqlarının ən böyük yazıçısının doğum gününə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qorbaçov perestroykası dövründə gözü azacıq açılan sovet xalqı bir kəlməni tez-tez eşidirdi, “manqurt” kəlməsini. Manqurt- öz nəsil-kökündən, xalqından uzaqlaşdırılmış əcaib məxluqa deyilirdi və bu sözün müəllifi o idi – SSRİ-nin, həm də türk dünyasının ən böyük yazarı – Çingiz Aytmatov.

 

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub. Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olub, 1953-cü ildə oranı bitirib. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün olub.

Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. O, yaradıcılığa şeirlə başlamışdı. İlk hekayələri olan "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik" əsərlərini 1952–1953-cü illərdə qələmə alıb. Çingiz Aytmatov eyni zamanda tərcümə fəaliyyəti ilə məşğul olub, rus dilindən qırğız dilinə əsərlər tərcümə edib.

Çingiz Aytmatovun 1952-ci ildə "Qırğızıstan ədəbiyyatı" toplusunda çap olunan "Qəzetçi Dzyuyo" hekayəsi yazıçının ilk bədii əsəri hesab olunur.

 

Dövrlər

Onun yaradıcılığını aşağıdakı mərhələlərə ayırmaq olar:

1. Lirik-psixoloji nəsr mərhələsi (1950–1960-cı illər)

2. Keçid dövrü (1970-ci illər)

3. Roman epoxası (1980-ci illər)

4. Bəşəri problemlərin bədii ifadəsi mərhələsi (1990-cı ildən sonrakı dövr)

 

Yazıçının "Köşək gözü" (1961), "İlk müəllim"(1962) povestlərinin yer aldığı "Dağ və səhraların povestləri" toplusu 1963-cü ildə Lenin Mükafatına layiq görülüb. Çingiz Aytmatov "Ana tarla" povestini müharibə mövzusunda qələmə alıb. "Əlvida, Gülsarı"(1966) povesti 1968-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. 1970-ci illərdə müəllifin "Ağ gəmi", "Köçəri quşların göz yaşları", "Erkən gələn durnalar", "Dəniz kənarıyla qaçan alabaş" əsərləri çap olunub, "Erkən gələn durnalar" və "Dəniz kənarıyla qaçan alabaş" povestləri İtaliyanın Etruriya Mükafatına layiq görülüb. Çingiz Aytmatovun ilk romanı olan "Gün var əsrə bərabər" i 1980-ci ildə nəşr etdirib

 

Hekayələri

Hekayə janrı Çingiz Aytmatov yaradıcılığının bütün inkişaf mərhələlərini, ideya-məzmun istiqamətlərini müəyyən etməyə imkan verib. "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik", "Dəhnəçi", "Ağ yağış", "Quraqlıqda", "Qızıl alma", "Oğulla görüş", "Baxiana", "Əbədi gəlin" və s. göstərmək mümkündür.

 

Povestləri

Çingiz Aytmatovun yaradıcılığında povestləri xüsusi yer tutub. "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar", "Köşək gözü", "İlk müəllim" və "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan alabaş" və s. maraqlı povest nümunələridir

 

Romanları

XX əsrin yetmişinci illəri Çingiz Aytmatovun yaradıcılığında povestdən roman janrına doğru keçid mərhələsidir, lirik-psixoloji nəsrdən ictimai məzmunu daha qabarıq olan əsərlərə üstünlük verilməsi baxımından da həmin mərhələ keçid dövrüdür.  "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" roman janrının əsrarəngiz növləridir.

 

Dramaturgiyası

Çingiz Aytmatovun dramaturji yaradıcılığı ictimai məzmunun dərinliyi ilə seçilir. Yazıçının dram kimi yazdığı iki əsəri: "Fuji – Yama" və "Sokratı anma gecəsi" məlumdur.

 

Mükafatları

- Sosialist Əməyi Qəhrəmanı (1978)

- Lenin mükafatı (1963)

- SSRİ dövlət mükafatı (1968, 1977, 1983)

- Qırğızıstan xalq yazıçısı

- Dostluq ordeni (2008)

 

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişib və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunub.

Allah rəhmət eləsin!

Və bir şeyi də qeyd edək. Hazırda qırğız nəsrində çox əhəmiyyətli bir imza püxtələşib məşhurlaşmaqda, dünyada tanınmaqdadır. Söhbət bu yaxınlarda Azərbaycanda “Dəlixana” romanı ilə tanınmış və sevilmiş Sultan Raevdən gedir.

Atalar misalıdır, ot kökü üstə bitər.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.