Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib

Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibinin AzərTAC-a verdiyi məlumatına görə, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.

Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət töhfələr verəcəyini qeyd edib.

Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.

Korney Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.