1-7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş kitabların təqdimat mərasimləri də baş tutacaq.
Qeyd olunmalıdır ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının qədim və zəngin mədəni-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyət göstərir. Türk dövlətləri arasında mədəni əlaqələrin, dostluq bağlarının gücləndirilməsi yönündə Fond tərəfindən bir çox mühüm beynəlxalq səviyyəli tədbirlər, konfranslar, dəyirmi masalar, konsertlər, sərgilər keçirilir, kitablar nəşr etdirilir. Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi-mənəvi irsinin tanıdılması və Türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun ayrıca stendi təqdim olunub. Stend 1 oktyabr tarixindən ziyarətçilərin üzünə açılıb və sərgi müddətində Fondun yeni nəşrlərinin təntənəli təqdimat mərasimləri keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, təqdimat mərasimlərinin vaxtları aşağıdakı kimidir:
3 oktyabr 2025-ci il saat 10:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Qarabağın tacı Şuşaya həsr olunan Elçin Əhmədovun "Şuşa — Tarixi-Mədəni İrs" kitabının təqdimat mərasimi;
3 oktyabr 2025-ci il saat 17:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Görkəmli özbək şairi Əbdürrauf Fitrətin "Türküstan Harayı" adlı şeirlər toplusunun təqdimat mərasimi;
4 oktyabr 2025-ci il saat 15:00-da:
“Üzeyir Hacıbəyli” təqdimat zonası,
Böyük qazax şairi Mağcan Jumabayevə həsr olunmuş "Bizim Mağcan" toplusunun təqdimat mərasimi;
5 oktyabr 2025-ci il saat 15:00:
“Üzeyir Hacıbəyli” təqdimat zonası
Göytürk Xaqanlığının ən böyük sərkərdəsi haqqında yazılmış Elçin Hüseynbəylinin "Gültəkin Xaqan" kitabının təqdimat mərasimi.
Kitabların təqdimat mərasimlərində Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmilərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, eləcə də tanınmış ictimai, mədəni və ədəbi xadimlərin, KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Təqdimatlar çərçivəsində Fondun yeni nəşrləri oxuculara təqdim ediləcək və qonaqlara hədiyyə olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)