“Türk dünyasının gələcəyi gənclərdən asılıdır” – MÜSAHİBƏ Featured

 

Təranə Turan Rəhimli,

şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

Müsahibim tanınmış  türkoloq, Balkanlarda türk varlığını, türk dilini və ədəbiyyatını  fədakarca təbliğ edən araşdırmaçı,  pedaqoq, şair, Kıbrıs  Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun yaradıcısı və fəxri başqanı  Fəyyaz Sağlamdır.

 

Qısa özkeçmiş: 

Fəyyaz Sağlam 1959-cu il fevralın 27-də Türkiyədə  Konya şəhərinin  İlgın rayonunun Arğıthanı kəndində anadan olub. Atası Əmirdağlı müəllim Bayram Sağlam İraq  Mosul türkmənlərindən idi. Anası Konyanın Akşehir rayonundandır. Feyyaz Sağlam ibtidai, orta və lisey təhsilini Akşehirdə almışdır. 1985-ci ildə Dokuz Eylül Universiteti Buca Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı Bölümü məzunu olmuşdur. O, 1986-2020-ci illər arasında 34 il eyni universitetdə İzmirdə Doqquz Eylül Universitetində Türk Dili, Çağdaş Türk ləhcələri və Türk Dünyası Ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışıb. 14 yaşından şeir, hekayə, araşdırma, təhlil, tənqid, memuar, ədəbi məktublar və s. kimi janrlarda ədəbi əsərlər yazmışdır. Türk Dünyasında mədəniyyətlərarası qarşılıqlı əlaqə və ünsiyyət üzərində daha geniş və davamlı şəkildə araşdırmalar aparmışdır. Fəyyaz Sağlamın 50 kitabı nəşr olunub.

O, 1998-ci ildə layihəsini hazırladığı KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatı Qurumu) vasitəsilə şair, yazıçı, tədqiqatçı, tərcüməçi və naşir kimi  yaradıcı dostları ilə  birlikdə 27 ildir həm ölkə daxilində, həm də xaricdə ədəbi fəaliyyətini beynəlxalq miqyasda həyata keçirir. 20-dən çox nüfuzlu beynəlxalq  mükafata layiq görülüb.

 

1. Fəyyaz Sağlam deyəndə ilk yada düşən Balkan Türkkəri ədəbiyyatı olur. Çünki, 1990-cı illərdən bəri  Azərbaycanda sizi  məhz  Balkan türklərinin ədəbiyyatı ilə bağlı araşdırmalarınızla tanıdıq.  Sizin bu ədəbiyyata belə böyük sevginizin təməli necə qoyuldu?

 

-  Təranə xanım, ilk növbədə, bu müsahibə təklifinə görə  çox təşəkkür edirəm. Türk Dünyası Ədəbiyyatı sahəsində daha dəqiq nəticələr əldə etmək üçün elmi məqalələrlə yanaşı, bu cür çalışmaların da böyük əhəmiyyəti vardır. Birinci sualınızla bağlı qeyd edim ki, öncəliklə Balkanlar dediyimiz coğrafiyanın  keçmişdə və günümüzdə  Türk Dünyasının tarix, dil, ədəbiyyat, mədəniyyət, folklor, mifologiya və s. sahələrin inkişafı baxımından  ən önəmli yer olduğunu xatırlamaq lazımdır.  Bu coğrafiya  V əsrdən etibarən Balkanlara şimaldan köçmüş kuman, avar, uz, peçeneq, qaqauz, tatar və digər türk birliklərinin vətəni olmuşdur. Bu durumun  günümüzdə də əlamətləri  mövcuddur. Məsələn,bu gün Rumıniyada digər türk toplumları ilə birgə  tatar türkləri də yaşamaqdadırlar. Tatar türkcəsində qəzetlər, kitablar, jurnallar nəşr edirlər, məktəbləri var. Yəni ədəbi fəaliyyətlərini öz yazı dili olan tatar türkcəsi ilə davam etdirirlər. Makedoniyanın Kumanovo şəhəri tarixən Kuman türkləri tərəfindən qurulub. Qaqauz türkləri Balkanların təbii hissəsi olan Moldova ilə yanaşı Yunanıstan və Bolqarıstanda da varlıqlarını, mədəniyyətlərini və ədəbi fəaliyyətlərini davam etdirirlər.

Bu misalların sayını çoxalda da bilərik. XIV əsrdə oğuz türkləri Anadoludan gəlib Balkanlarda  məskunlaşıblar. Bu, Balkanlarda türk varlığını, türk dilini və təbii olaraq ədəbiyyatını gücləndirib. Bu tarixi dövrdə Balkanlarda çoxlu sayda şair və yazıçılar yetişmiş, zaman keçdikcə türk dünyası ilə birbaşa və dolayısıyla əlaqələri olmuşdur. Bu zəngin mənzərə mənim diqqətimi çəkdi və mən öz fədqiqatlarım çərçivəsində bu sahəyə töhfələr verməyə çalışdım və çalışıram. Xoşbəxtəm ki, bu araşdırmalar sizin kimi alimlərin də diqqətini çəkib.

 

2. Balkan türkləri ədəbiyyatına dair tədqiqat əsərlərinizin içərisində Batı Tŕakya türkləri ilə bağlı araşdırmalarınızın xüsusi yeri və çəkisi var. Bunun səbəbi nədən qaynaqlanır?

 

- 20-ci əsrdə Qərbi Trakya türkləri istisna olmaqla, bütün Balkan türkləri 1990-cı illərdə Soyuq Müharibə bitənə qədər siyasi və mədəni cəhətdən sosialist sistem daxilində yaşadılar. Bu sistemin ədəbiyyat baxımından öz içində müsbət və mənfi tərəfləri vardı. Təftişdə olmaq,  rejimi tərifləmək şərtilə bir nöqtəyə qədər ədəbiyyatınızı yaşada və hətta müəyyən dərəcədə inkişaf etdirə bilirdiniz. Bununla bağlı çoxlu misallar çəkmək olar, biri ilə kifayətlənəcəyəm. Mehmet Çavuşevin 1964-cü ildə Sofiyada çapdan çıxmış “Serenada illəri” adlı şeir kitabında Türk dastan qəhrəmanı Koroğlu kommunizmin simvolu və qəhrəmanı kimi təqdim olunur. (Bilirsiniz ki, belə olmasaydı, kitabın türkcə nəşri həmin siyasi atmosferə görə mümkün olmazdı.) Balkanlarda bu çərçivədə olan türk toplumlarının ədəbiyyatı sosializm quruluşu daxilində, nəzarət-təftiş şəraitində də olsa, akademik yöndən öyrənildi, tədqiq edildi və ədəbiyyata qazandırıldı. Batı Trakya (Qərbi Trakya - T.T.R)  türkləri isə  siyasi və ədəbi baxımdan fərqli bir atmosferdə yaşayırdılar. Onların siyasi tarixi fərqlidir. Yunan türkologiyası şüurlu olaraq onlara əhəmiyyət verməmiş və tamamilə diqqətdən kənarda qalmışdılar. Batı Trakya türkləri arasında türkologiya sahəsində heç bir alim yetişməmişdi.

Bu və digər səbəblərdən ustad alimlərin məsləhəti, təşviqi ilə bu sahəyə maraq göstərməyə başladım. Balkanlardakı digər türk toplumlarının ədəbiyyatı üzərində aparılan, amma  Batı Trakyada heç vaxt gerçəkləşməmiş akademik araşdırmalar aparmağa çalışdım. Hesab edirəm ki, bu məlumat yetərli olar.

 

3. Türk xalqları ədəbiyyatı üçün xidmətlərinizin sədası Türkiyə və bütövlükdə Türk dünyası sərhədlərini çoxdan aşıb keçib. Bütün Avropaya, uzaq Avstraliyaya qədər  bir çox ölkələrdə bu ədəbiyyatı təbliğ etməyə nail olmusunuz. Türkiyədən uzaqlarda türk xalqları ədəbiyyatına qazandırdıqlarınız sizi qane edirmi?

 

- Əstəğfrullah ... Deyə bilərəm ki, Batı Trakya türkləri əvvəllər də mənbələrdə tanınırdı, amma dili, mədəniyyəti, ədəbiyyatı, mətbuat tarixi və s. haqqında heç bir bilgi yox idi.  Bu məsələləri ortaya çıxarınca  elm dünyasından  və türkologiya mərkəzlərindən ciddi maraq gördüm. “Batı Trakya Türkləri Uşaq Ədəbiyyatı” adlı kitabım çapdan çıxanda aldığım ilk reaksiyalardan biri Afrikadan gəldi. Bu, Misirin Qahirə şəhərində türkoloq alim Prof.Dr.Muhəmməd Harbın təbrik məktubu idi. Zaman keçdikcə Avropa və Türk Dünyası akademik dairələrindən işimə ciddi maraq göstərildiyini gördim.  Və bu maraq Avstraliyaya qədər uzandı. Təbii ki, araşdırmalarıma qarşı belə bir maraq və diqqət məni çox sevindirdi. Amma  Batı Trakya  türkləri ilə bağlı daha  görüləcək çox iş var.

 

4.  Dörd  önəmli  sahəni  uğurla  fəaliyyətinizdə birləşdirmisiniz:  şairlik,  araşdırmaçılıq, universitetdə müəllimlik və ən mürəkkəb olanı - Kıbrıs İraq Balkanlar  Avrasiya Türk Ədəbiyyatları Qurumunun başqanlığı. Bu sahələrdə fəaliyyətiniz zamanı birinin digərinə qatqıları nədən ibarət olub?

 

-  Bu vəziyyəti dörd yox, beş kimi təsvir etmək olar.  Həyat fəlsəfəmin əhəmiyyətli bir aspekti də səyyahlıqdır. Övliya Çələbi, İbn-i Battuta, Marko Polo və Kaşqarlı Mahmud (XI əsrdə Orta Asiyada bütün türk tayfalarını gəzib tədqiq etmişdilər) mənə çox təsir etdi.Mən də bu günə qədər  Balkanlar, Avropa  və Azərbaycan səyahətlərimi şeirlərlə kitablaşdırdım. Digər bölgələrlə bağlı səyahət şeirlərim  "Divan 2019" kitabımın  “Səyahətnamə” bölməsində yer allb.  Önəm  sırasına görə , fəaliyyətimi belə dəyərləndirmək olar: akademik karyera,  KIBATEK nəzəriyyəçisi,  tədqiqatçılıq, səyyahlıq və şairlik.  Onların hamısı bir-birilə iç-içədir, bir-birini qidalandırır və tamamlayır.

 

5. Şair Fəyyaz Sağlamın araşdırmaçı Fəyyaz Sağlama münasibəti necədir? Yola gedirlərmi?

 

- Düşünürəm ki, buna əvvəlki sualı cavablandırarkən toxundum.  Bir sözlə, ifadə etsək, “iç-içə” deyə bilərik.

 

6. Fəyyaz Sağlam bu gün öz şair-araşdırmaçı  özkeçmişinə daha nələri əlavə etmək istərdi?

 

- Məsləkdaşlarımızla, siz də daxil olmaqla, beynəlxalq komandamızla birgə  27 ildir ki,  beynəlxalq arenada böyük fədakarlıq və əzmlə davam etdirdiyim KİBATEK layihəmiz haqqında  doktorluq dissertasiyası  tədqiqatı aparılmasını arzu edərdim. Bunu şəxsi reklam üçün yox, komanda olaraq bu məsələdə həqiqətən Türk Dünyasına və Türkologiyaya xidmət etdiyimizə inandığım üçün istəyirəm. 

Şair kimi isə  yazdığım/yazacağım ölməz sevgi şeiri ilə yadda qalmaq istərdim.

 

7. Azərbaycanla əlaqələriniz və Azərbaycana sevginiz haqqında nəşr edilən kitablarınız çox mətləbləri deyir. Özünüz bu haqda nə demək istərdiniz.?

 

- Uşaqlığımdan bəri Azərbaycan ən çox maraqlandığım və görmək istədiyim ölkələrdən biri olub. Bu maraq və diqqəti mən “Azərbaycan rübailəri” adlı şeirlər kitabımın ön sözündə təsvir etmişəm (Birinci nəşri Bakıda, ikincisi İzmirdə nəşr olunub). Azərbaycanda beş dəfə olmuşam. İlk ikisi SSRİ dövründə  --  təhlükəli bir dövrdə, riskli səfərlər idi (Nümunə verməyəcəyəm; gələcəkdə xatirələrimi yazmaq imkanım olsa, inşallah bir neçə misal paylaşacam.) Demokratiya dövründə  də Azərbaycanda üç dəfə olmuşam. Təəssüf ki, Naxçıvan əks istiqamətdə olduğundan getmək imkanım olmadı. Təbii ki, məlum səbəblərdən yenicə azad edilmiş Qarabağa getmək mümkün deyildi. İndi düşünürəm ki, bu mümkündür. Allah qoysa, Naxçıvana, Qarabağa səfər etmək, oralar haqqında şeirlər yazmaq, bütün Azərbaycanı görmək şansım olacaq.

 

8. Türk dünyasında  ədəbiyyatı, eləcə də nilli kimliyi  yox olmaq təhlükəsi  altında olan toplumlar da var. Onlarla bağlı düşüncəıərinizi bilmək maraqlı olardı.

 

-  Türk Dünyasında əlbəttə ki, bir çox sevindirici irəliləyişlər var, amma bəli, təəssüf ki, belə hallar da var. Bu məsələlərin həlli yollarını təqdim etmək mənim imkanlarım xaricindədir. Məsələn, Anadoludan Yunanıstana əhali mübadiləsi yolu ilə köç etmək məcburiyyətində qalan, türkcədən başqa dil bilməyən  xristian (pravoslav) Karamanlı türkləri yox olmaq təhlükəsi ilə üz-üzədirlər. Onların sayı xeyli azalıb. Yunanıstanda doğulan övladları, nəvələri özlərinin Anadolu mənşəyini, türklüyünü bilirlər, amma təəssüf ki, assimilyasiya olunublar. Yunanıstanda araşdırmalar apararkən bu Karamanlı türkləri ilə görüşüb türkcə söhbət etdim. Faciəvi vəziyyətdir. Onlar haqqında hekayələr, şeirlər yazdım, yunan dilinə tərcümə edilərək nəşr olundu. Əlimdən başqa heç nə gəlmir. Təbii ki, Türk Dünyasında Qaramanlı pravoslav türklərindən başqa oxşar çətinliklərlə üzləşən başqa türk toplumları da var. Müzakirə davam edə bilər, amma mənim verdiyim örnəyin kifayət edəcəyini düşünürəm.

 

9. KIBATEK-in ədəbiyyatın inkişafı sahəsində xidmətləri sadalamaqla bitməz. Hədəfdə daha hansı böyük layihələr var?

 

-  Biz KIBATEK layihəmizlə bağlı işimizi bacardığımız qədər, gücümüzün yetdiyi qədər davam etdirməyə çalışırıq. Bildiyiniz kimi, pandemiya bütün dünyada tarazlığı pozdu. Əvvəllər asanlıqla tapdığımız dəstəyi indi tapmaqda çətinlik çəkirik. Bildiyiniz kimi, bizim büdcəmiz, maddi dəstəyimiz yoxdur. Ona görə də ən azı ildə bir dəfə keçirdiyimiz beynəlxalq tədbirlərimizi iki ildir ölkəmizdən xaricdə keçirə bilməməyimiz bizi çox üzür. Məqsədimiz bu ənənəni yaşatmaqdır. Bundan başqa, digər KIBATEK layihələrimiz də eyni yolda davam edir.

 

10. Ədəbi gəncliyə sözünüz...

 

 - Türk Dünyasının gələcəyi gənclərdən asılıdır. Türkiyə, Azərbaycan, Özbəkistan, Qaqauz, Tatarıstan, Tuva və digər türk gəncləri  eyni ideallar yolunda çalışsalar, İsmayıl Qaspıralının dediyi kimi “Dildə, Fikirdə, İşdə Birlik” idealında birləşsələr, Türk Dünyasının və Türk Dünyasıı Ədəbiyyatının gələcəyi parlaq olar. Çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.