Dünyada iki kəşf edilməyən var: biri qütblər, digəri türklər Featured

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

“Mənə türklərdən ibarət bir ordu verin, dünyanı fəth edim”. “Türk əsgəri cəsurdur. Ana Vətənini sevər və onun üçün lazım gəlsə canını fəda edər”. “Türk əsillərin əsilidir. Yapma olmayan, göstəriş bulunmayan bu uca əlamət ona təbiətin hədiyyəsidir”. “Türklər irq və bir millət olaraq, yer üzünün ən şərəfli insanlarıdır”. “Dünyada iki kəşf edilməyən vardır: Biri qütblər, digəri türklər”.

 

Qüdrəti, əzəməti, mənəvi zənginliyi, ixtira və kəşfləri ilə dünyanın siyasi və mənəvi mənzərəsini dəyişən Bonapart Napoleona, Albert Eynşteynə, Pierro Lonidə, Limartinə, Albert Şorelə məxsus olan, artıq aforizmə çevrilən bu kəlamları oxuduqca gözlərinin önünə “Mancanaqlı araba”nı icad edən Meteni, dünyanın dörd bir yanını qılıncına müntəzir edən, imperiyalar quran Atillanı, Alparslanı, Məlik şahı, Osman Qazini, Fateh Mehmeti, Sultan Bəyaziti, Əmir Teymuru, Yavuz Sultan Səlimi, Şah İsmayıl Səfəvini, Şirvanşah İbrahimi, Nadir şah Əfşarı gətirir, taleyinin Ağa Məhəmməd şah Qacar, Cavad xan, Qubalı Fətəli xan, Məhəmməd Əmin Rəsulzadə, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyev zirvələri ilə bir türk olaraq qürur duyur, iftixar hissi keçirirsən. Dünyanın məşhur araşdırma mərkəzlərinin keçirdiyi sorğuların sırasında ümumtürk kontekstində marağa səbəb olacaq cavablar var. Sorğuya əsasən ümumbəşəri dəyərlər və hərb tarixinə töhfələrinə görə beş Osmanlı padşahı zirvəni fəth edib.

Onun biri, daha doğrusu birincisi 9 yaşında “Qurani-Kərim”i oxuyub başa çatdıran Hafiz, 12 yaşında padşah, 21 yaşında İstanbulun fatehi kimi tarix yaradan, dövrünün mütəfəkkir alimlərindən sayılan, üləma titulu ilə şərəflənən, yeddi şərq və qərb dilini bilən, sadəcə qılıncı ilə deyil, zəkası, düşüncəsi ilə belə zamanına meydan oxuyan, hərbi nəzəriyyələri, döyüş texnikası, fəlsəfi traktatları, hüquq və siyasətə dair əsərləri ilə məşhur olan, Osmanlı imperiyasını dövrün tələblərinə uyğun şəkildə yenidən quran, ənənə ilə novatorluğun vəhdətində Osman Qazinin əzəmətindən Fateh Mehmet ucalığına körpü salan padşahımızdan, Fateh Sultan Mehmetdən sonra sıralamada ikinci yeri Yavuz Sultan Səlim tutur.

 

Zamanının Napoleonu – Yavuz Sultan Səlim

Səkkiz illik siyasi hakimiyyəti dönəmində üç qitəyə hökm edən, Şərqi bütünlüklə Osmanlının iradəsinə tabe edən, Məhəmməd peyğəmbər əleyhissəlamın müqəddəs əmanətlərini İstanbula gətirən, Osmanlı imperiyasının IX padşahı kimi Şərqi Anadolunu, Qüdsü, Mədinə və Məkkəni fəth edən, Abbasilərdən sonra xəlifəliyi Osmanlıya keçirən, 88-ci xəlifə kimi İslamın xilaskarına, həm də himayədarına çevrilən, İslamın mərkəzlərini Osmanlı imperiyasına birləşdirən, Bonapart Napaleonun 15 min əsgərlə 20 günə keçdiyi Sena səhrasını Misirin fəthinə gedərkən 6 min əsgərlə 10 günə keçən, Şah İsmayıl Səfəvinin “Zamanın İsgəndəri” deyib öydüyü, tərif etdiyi Yavuz Sultan Səlimin “Yavuz” ləqəbi də döyüş meydanında düşmən üstünə qan içməyə yerimək hissi, fateh duyğusu ilə bağlı idi.

Özünü “Anadolunun, Rumun, Əcəmin, türkmənin, kürdün, erməninin, ərəbin, gürcünün, tatarın, çərkəzin və adlarını sadalamadığımız millətlərin sultanı, Məhəmməd Peyğəmbər əleyhissəlamın ümməti, İslamın xəlifəsi, Məkkə və Mədinənin hizmətkarı adlandıran Yavuz Sultan Səlimin möhürbəndi olan üzüyünün üzərinə “Sultan Səlim şah” ətrafına isə “Təvəkkülete ala Hakkın” (“Yalnız Allaha güvənirəm”) kəlamını həkk etdirmişdi. “Kutsal Əmanətləri” İstanbula gətirtdikdən sonra, əmanətlərin başında gecə-gündüz “Qurani-Kərim” oxutdurmağı əmr edən padşahın hökmü nə az, nə çox 401 il hökmünü saxlamışdır. 1924-cü ildə Türkiyə Cümhuriyyəti qurularkən qüvvəsini itirən şah fərmanı 1991-ci ildə Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Ozal tərəfindən bərpa olunmuşdur.

 

Unutma, ey Süleyman sən də hesab verəcəksən

Sorğu mərkəzlərinə, tarixi mənbələrə istinad edən alimlərin qənaəti ilə liderlik sırasında Osmanlı imperiyasında 46 il hökm edən Sultan Süleyman – Qanuni Süleyman üçüncü sırada dayanır. Osmanlının əzəmətini Avropaya yenidən sübut edən, onların qorxulu röyasına çevrilən, 46 illik hökmdarlığının 32 ilini səfərlərdə, at üstündə keçirən, dünyaya vida nəğməsini də at üstündə oxuyan “Mahaç” səfərindən sonra həmin gecəni “Unutma ey Süleyman, bu gün böyük zəfər qazandın ancaq sabah sən də belə bir çuxura girib hesab verəcəksən!” nidası ilə Osmanlının tərəqqisi naminə ilk Anayasanı – “Qanunnamə”ni hazırlayan, onu fərmanı ilə təsdiqləyən Sultan Süleyman bu səbəbdən də adını tarixə həm də, Qanuni Süleyman kimi yazdı. Fətih dastanını, sərkərdə əzəmətini tarixi yürüşlərində, səfərlərində sübuta yetirən Qanuni Süleyman, hökmdar qüdrətini fərman və sərəncamları ilə gerçəyə çevirdi.

 

Osmanlını bəylikdən dövlətə çevirən Sultan

Osmanlının qüdrəti, əzəməti naminə yoxdan var edən qanunlara qol qoyan, fərman və sərəncamlara imza atan, tarixçi alimlərin, səlnaməçilərin, təzkirə tutub cüng bağlayanların “qüdrətli hökmdar”, “Osmanlını bəylikdən dövlətə çevirən hökmdar”, “Yeniçəri ocağını”, “Timar sistemi”ni (vergi sistemi) quran, vəqf mədəniyyətini formalaşdıran Sultan kimi təsvir etdikləri I Sultan Murad təməlini qoyduğu vəqflər, mədrəsələrlə elmi-irfan bulağını qaynatdı. Osmanlının qüdrətli padşahları sırasında dördüncü yerdə bərqərar olan bu qüdrətli hökmdar – sərkərdə, həm də kitabxana, irfan evləri ilə məşhurlaşdı.

 

İldırım kimi çıxan, günəş kimi parlayan Padşah

Osman Qazinin təməlini qoyduğu, Fateh Mehmetin fəth etdiyi, Yavuz Sultan Səlimin sınırlarını genişləndirdiyi, Qanuni Süleymanın Anayasasını tərtib etdiyi, Osmanlı imperiyasının tarixdə İstanbulun ayrıca yeri, məqamı var. Onun qala halına gətirilməsi Yıldırım Bəyazitin əzəməti, qüdrəti ilə bağlıdır. Əksər tarixçilər, araşdırma mərkəzərinin mütəxəssisləri tərəfindən Osmanlını imperiyaya çevirən padşahların sırasında beşinci pilləyə ucaltdıqları padşah Yıldırım Bəyazitdir. Döyüş meydanlarında ildırım kimi çaxan, günəş kimi parlayıb, ay kimi doğan Yıldırım Bəyazitin Ankara yaylasında Əmir Teymurla üz-üzə gəlməsi, qardaşın qardaşa qılınc sıyırması milli dövlətçilik tariximizin kədərli səhifəsi olsa da, bu gün də adı çəkiləndə Avropanın dizi titrəyən sərkərdə-xaqanımızla - Yıldırım Bəyazitlə ruhunda TURAN, əlində “Quran” olan hər bir türk, müsəlman qürur duyur.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.