Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
“Rusiyanın içində bizə açıq qapılar var – sadəcə döyülməyi gözləyirlər...”
Əgər Rusiya bizi sıxışdırırsa – bazarda yerimizi daraldır, miqrantımıza zülm edirsə – demək ki, yanlış darvazanın önündəyik.
Çünki Rusiyanın içində elə bölgələr var ki, orada dilimiz danışılır, dua bizim kimi edilir, çörək bizim kimi bölünür.
Biz oraları çoxdan unutmuşuq...
Onlar isə hələ də bizi unutmamışlar...
Kazan bizi gözləyir – Tatarıstanın ürəyidir.
Orda Naberejnıye Çelnı, Almetyevsk, Buqulma, Çistopol kimi şəhərlər təkcə sənaye bölgələri deyil – qardaş yurdudur.
Ufa bizi tanıyır – Başqırdıstanın nəfəsidir.
Sterlitamak, Salavat, Belebei, Baymak, Neftekamsk – bunlar topoqrafiya deyil, bizim unutduğumuz kəndlərimiz kimidir.
Mahaçqala bizdən incikdir – Dağıstanda Qumuq eli bizi xatırlayır.
Khasavyurt, Buinaksk, Karabudakhkent – Azərbaycan məhsulu orda qürurla satılar, əgər aparan olsa.
Çerkessk – Qaraçay-Çərkəz elinin paytaxtı.
Karacayevsk – türk nəfəsi hələ də ordadır. Uzaq saydığımız bu şəhər, əslində çox yaxın ruhdadır bizə.
Nalçik – Kabardin-Balkarın qəlbi.
Baksan, Tırnauz, Proxladnı – bu adlar xəritədə solğun görünür, amma könüldə canlıdır.
Kızıl – Tuvanın başı.
Tere-Xol, Piy-Khem, Erzin – sənin bir dəfə belə getmədiyin yerlərdə sənin haqqında danışanlar var.
Gorno-Altaysk – Altayların ocağı.
Onguday, Kosh-Agach – çöl ruhunu axtarırsansa, baxışlarını oraya döndər.
***
Biz illərlə Moskvaya baş əyib iş gördük,
Amma Kazana baş çəkməyi unutduq.
Biz Moskva gömrüyündə əzilərkən,
Ufa’dakı qardaş əli uzanıqlı qaldı.
Biz Qərbə doğru sürüklənəndə,
Türkün doğu qapıları bağlı qaldı.
Bəlkə də zaman yetişdi...
Ətimizi, çörəyimizi, xalçamızı, oxumuzu, sözümüzü götürüb bu yurdların yolunu tutaq.
Ticarət elə burdan başlasın.
Sözümüz elə bu ellərdə eşidilsin.
Brendimiz Turanın adı ilə tanınsın.
Çünki biz tək deyilik.
Çünki bizi gözləyənlər var.
Və bəlkə də, bizi sıxışdıranların vəzifəsi – bizi yola salmaqdır.
Törə yoluna, Ulu Türklük yoluna...
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)