Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanın Xarici İşlər nazirinin müavini ilə görüşüb Featured

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Özbəkistana etdiyi rəsmi səfər çərçivəsində Özbəkistan Respublikasının Xarici İşlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı tərəflər, Özbəkistanın Fondun fəaliyyətinə fəal şəkildə cəlb olunması kontekstində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi olaraq, 21 May, 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş tarixi qərara — Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi daxil olmasına diqqət yönəldilib.

Aktotı Raimkulova göstərilən etimada və dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistanın Fonda üzv olması türk dünyasının zəngin mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.

Özbəkistan Respublikasının Prezidentinin Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində irəli sürdüyü təşəbbüslərin səmərəli həyata keçirilməsinə, eləcə də türk mədəni irsinin qorunması və təbliği istiqamətində birgə layihələrə xüsusi diqqət yetirilib.

Görüş qarşılıqlı anlayış və konstruktiv dialoq ilə yekunlaşıb. Fond ilə Özbəkistan Respublikası arasında mədəni və diplomatik əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.