Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində zamanlar içrə bir türk insanının formalaşmasında rol oynayan sadiq dost – köhlən at barədə danışacağıq.
Türkün harayı göyü dələn ox səslərində, yerə damğa vuran nal izlərində gizlidir. Əsrlər boyu çölləri yurd, atı qanad bilən bir millətin ruhu, yəhər üzərində təcəssüm edib. Çünki Türk at üstündə doğulub, at üstündə böyüyüb, at üstündə tarix yazıb. Lakin bu gün o atın belində əyləşməyən Türk — öz ruhundan, irsindən, yolundan qopan bir kölgəyə çevrilir. O zaman nə at yol gedə bilir, nə də insan yol tapır. Çünki at üstündəki Türk olmazsa, o at da yük olur, insan da…
Bu sadə, lakin dərin mənalı ifadə bir millətin kimliyini, gücünü, varoluş fəlsəfəsini izah edir. At burada təkcə bir nəqliyyat vasitəsi deyil – o, azadlığın, sürətin, iradənin, mənəviyyatın timsalıdır. Türk isə bu simvolla bütövləşən ruhdur. Onu yəhərdən salan təkcə müasirlik deyil, həm də unutqanlıq, kökdən uzaq düşməkdir.
Sən əgər at üstündə deyilsənsə, yəni kimliyinin şüurunda deyilsənsə, tarixini daşıya bilməzsən. Belində nə silah olar, nə bayraq, nə də ideya. Sənə yalnız yük qalar – yad ideologiyaların, süni dəyərlərin, məqsədsiz yolların yükü.
Ona görə də Türk üçün at sadəcə keçmiş deyil – bu gün də onun duruşudur, sabah da onun ümididir. Tarix boyu at belində sərkərdə olmuş ulu babalarımız, əgər yəhərə minməsəydilər, bəlkə də torpaq da, namus da, kimlik də çoxdan itmişdi. Çünki Türk, ayaqda qalmaq üçün yerdə yox, göydə olmalıydı – atın belindəki o uca göydə.
Bu gün yəhər, bəlkə də bir kompüterin klaviaturasıdır, bəlkə bir elmi tribunal, bir sinif otağı, bir ekran arxasındakı doğru söz… Amma fəlsəfə dəyişmir: Türk oturursa, düşünmək üçün oturmalıdır; dayanırsa, irəli sıçrayış üçün dayanmalıdır. Əks halda, zaman onu da, onun atasını da yükə çevirər.
At üstündəki Türk – bu ifadə bir çağırışdır. Kimliyini tanı, kökünə dön, ayağa qalx. Atın yəhəri səni gözləyir. Əgər minməzsənsə, min illərin sənə verdiyi miras da yük olar.
“Ədəbiyyat və incəsənət”
(26.05.2025)