TÜRKSOY-un Baş katibi Sultan Raevə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Fəxri Professor adı verilib.
“Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan verilən məlumata görə, sözügedən ad Sultan Raevə TÜRKSOY ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, Türk Dünyası türkoloqları arasında yeni elmi əməkdaşlıqların qurulmasına və akademik fəaliyyətlərin genişləndirilməsinə verdiyi töhfələrə görə təqdim olunub.
Bundan əlavə, Raevin uzun illər boyunca Türk Dünyasının ortaq mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, ədəbi kimliyi, yazıçı və dramaturq kimi ərsəyə gətirdiyi əsərlər, eləcə də mədəniyyət xadimi olaraq daşıdığı öncül rol ona bu mənalı fəxri adın verilməsində mühüm rol oynayıb.
Fəxri Professor adının təqdim edilməsindən sonra bir mesaj yayan TÜRKSOY-un Baş katibi Sultan Raev ona göstərilən bu dərin etimada görə məmnunluğunu ifadə edərək, bundan sonrakı dövrdə də Türk Dünyasının ortaq mədəniyyət və incəsənət irsinə xidmət etməyə qətiyyətlə davam edəcəyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)