Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən İkinci Türk Dünyası Mədəniyyət Forumu başa çatıb. Tədbirdə dünyanın 40 ölkəsindən gələn nümayəndələr, o cümlədən Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hikmət Quliyevin başçılığı ilə bir qrup alim, həmçinin Bakıdakı Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, forumda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin məruzəsi dinlənilib. O məruzəsində bildirib ki, bu forumun əsas istiqaməti məhz qeyri-maddi mədəni irsin - yəni dil, musiqi, dastanlar, folklor, ənənələr, sənətkarlıq kimi canlı mədəni dəyərlərin qorunması və paylaşılmasıdır. Bu forum bizə ortaq türk dilini formalaşdırmaq imkanı verir. Sevindirici haldır ki, çıxışların böyük əksəriyyəti türk dilinin müxtəlif ləhcələrində səsləndirilir ki, bu da ortaq türk dilinin formalaşmasına zəmin yaradır.
A.Marifli qeyd edib ki, Türk dünyasının ayrılmaz hissəsi olan qardaş özbək xalqının xalq yaradıcılığı da Azərbaycan folkloru ilə bənzərlik təşkil edir. Bu fakt da Azərbaycan və özbək xalqının eyni identik kodları daşıdıqlarının bariz nümunəsidir.
Forum çərçivəsində keçirilən “Yeni Özbəkistanda baxşı sənəti: Müasir tədqiqatlar və perspektivlər” elmi konfransında AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev çıxışında 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilən Birinci Türk Dünyası Mədəniyyəti Forumunu xatırladaraq qeyd edib ki, son illərdə türk dövlətləri arasında elmi və mədəni əlaqələr sürətlə genişlənməkdədir. Türk Dövlətləri Təşkilatının dəstəyi ilə həyata keçirilən bu fəaliyyət xalqların ortaq keçmişə söykənən dəyərlərindən ortaq gələcəyə yönələn hədəflərinə doğru irəliləməsində böyük əhəmiyyət kəsb edir.
AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova “Azərbaycan eposşünaslığında “Koroğlu” dastanının genezisi problemi “mövzusunda məruzəsində deyib ki, Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra mənəvi abidələrə marağın artması, qeyri-maddi irsə münasibətin yeni səviyyəyə qalxması özündə mənəvi dəyərlərin böyük arsenalını qoruyub saxlayan milli eposa elmi diqqətin də yüksəlməsinə səbəb olub. Bu tendensiyanın bir göstəricisi kimi son illərdə “Koroğlu” mövzusunda müxtəlif səpgili və müxtəlif aspektlərdə çoxsaylı elmi tədqiqatlar aparılıb və dastanın genezisi ilə bağlı daha aydın təsəvvürlər yarada biləcək qənaətlər ortaya çıxıb.
Konfransda İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan məhəbbət dastanlarında sazın funksional-mistik semantikası” mövzusunda çıxış edərək deyib ki, aşığın dünyagörüşünü, istək və arzularını dilə gətirən sazdır.
Sahib Paşazadə türk xalqlarının mədəniyyəti haqqında danışıb, bu xalqların adət-ənənələrinin qorunması və gələcək nəsillərə layiqli səkildə ötürülməsi, ustad-şagird ənənələri haqqında məlumat verib, həmçinin forumun və festivalın əhəmiyyətindən danışıb.
Sonra AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair sənəd imzalanıb.
Forumun sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)