İrəvanın səs rəngi: Göyçə aşıq mühitində ədəbi varislik Featured

Adilə Nəzərova,

filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

İrəvan çuxurunun, Göyçə dağlarının elə bir dili var ki, onu quru sözlərlə ifadə eləmək olmur. O torpağın sözü də, sükutu da sazın simində yaşayır. Orada aşıq sənəti heç vaxt təkcə toy-düyün əyləncəsi olmadı, həm də elin dərdini çəkən, haqqı deyən, ağsaqqal sözünü sazın pərdəsinə köçürən bir ruh məktəbi oldu. Bir ustadın nəfəsi şəyirdinin köksünə toxundumu, o səs bir daha batmadı, eldən-elə, sinədən-sinəyə keçib zamana calandı.

 

Bu mühitin kökündə Miskin Abdaldan, Aşıq Musa Göyçəlidən, Ağ Aşıqdan gələn bir haqq işığı, sufi hikməti vardı. O hikməti Göyçə saz-söz ocağında davam etdirən, aşıqlıq sənətinin mənəvi-əxlaqi ölçülərini Aşıq Alı qorudu. Aşıq Alı el arasında saz götürən sənətkarın hər şeydən əvvəl dürüstlük, halal bəndəlik və mərifət sahibi olmasını tələb edirdi:

 

İnsan oğlu, doğru yolu düz yeri,

Bir doğruluq yüz min fənddən yaxşıdı.

 

Məhz bu ustadın yanında diz çöküb mərifət öyrənən Ələsgər o hikməti zirvəyə qaldırdı, sözə can verdi. Dediyi hikmətli, bütöv söz onu elin yaddaşında Dədəlik məqamına ucaltdı. Ələsgər şeiri elə bir pilləyə qaldırdı ki, orda təbiət də, insan taleyi də öz canlı ifadəsini tapdı. Aşıq Ələsgər Göyçənin dağlarını, bulaqlarını, yaylaqlarını öyəndə arxayın idi, çünki yurd yerindəydi, sazı da azad səslənirdi:

 

Gözəllər seyrangahısan,

Görüm səni var ol, yaylaq!

Açılsın gülün, nərgizin,

Təzə mürgüzar ol, yaylaq!

...Mən səni görəndən bəri,

Sinəm oldu qəm dəftəri,

Yazıq Aşıq Ələsgəri

Öldür, günahkar ol, yaylaq!

 

Bu misralarda gövhərfəşan bir təbiət – büsatlı bir həyat var, ilahi bir hüzur var. Ələsgər sözü cilalayanda, təcnislərdə cinas vuranda diqqəti sözün zahiri bəzəyindən sıyırıb birbaşa insanın iç dünyasına, ruhuna yönəldirdi. Qoşmada, gəraylıda, dodaqdəyməzdə sözün zahiri gözəlliyi ilə batini dərinliyi bir-birinə elə sarılırdı ki, sazın pərdəsindən qopan hər nida insanın ruhunu tərpədirdi.

Sonra XX əsr başladı... Amansız köçlər, sürgünlər, dədə-baba torpaqlarından ayrı düşmək xəncər kimi kəsdi bu mühiti. Yurd itdi, dağlar duman içində qaldı, amma sazın çanağına bükülmüş yaddaş ölmədi. Aşıq poeziyasının xanası dəyişdi; toy-büsat yerini həsrətə, göynərtiyə verdi.

İrfanı dərindən duyan və yaradıcılığında yaşadan aşıq-şair Növrəs İman, eləcə də Dədə Ələsgər ocağını ləyaqətlə daşıyan Aşıq Talıb bu ədəbi varisliyin qırılmaz bağlarına çevrildilər. O ağır dövrün sınaqlarını, el faciələrini yaşayan, ocağı odlanan Aşıq Nəcəf Daşkəndli, Həsən Xəyallı və Aşıq Bəhmən Qarayev də bu dözülməz dərdi, zülmü və haqq səfini qoruyan ustadlardan oldular. Növrəs İmanın poeziyasında ilahi sirrə vaqif olmaq, haqqın dərgahına sığınmaq duyğusu xüsusi bir məqam təşkil edir:

 

Gedib ərş üzündə merac eyləyən,

Dəryayi-rəhməti bir-bir boylayan,

Haqqilən danışıb, kəlmə söyləyən,

Sən də mənim təki bir cavana bax.

 

Qannılı Aşıq Mehdidən, Aşıq Talıbdan dərs alan Aşıq Fətulla Göyçəli də bu kədərin, bu sınmış taleyin canlı səsinə qoşuldu. Onun zil səsi məclisləri titrədəndə, əslində Göyçənin ahı dillənirdi. Vidalaşma anında dediyi o məşhur gəraylı bütöv bir elin fəryadı idi:

 

Köç karvanım yola düşür,

Sən də ağla, mən də, Göyçə.

Görüşmədik bir də bəlkə,

Sən də ağla, mən də, Göyçə...

 

...Qoy öpüm mən torpağından,

Ayrı düşdüm qucağından.

Necə köçüm ocağımdan,

Sən də ağla, mən də, Göyçə.

 

Aşıq Ələsgərlə ondan sonra gələn ustad aşıq-şairlərin yaradıcılığını yanaşı izləyəndə varisliyin nə olduğunu, torpağın taleyinin sözə necə hopduğunu görürsən. Aşıq Ələsgərdə Göyçə ilahi bir cənnətdir, daxili bir arxayınlıqdır. Köç və sürgün poeziyasında isə eyni dağlar artıq əldən çıxan, gözü yolda qalan bir vətəndir. Aşıq Ələsgərin yaylaq büsatı sonrakı ustadların şeirlərində bir göynərtiyə dönür. Amma bu dərdin içində belə ustadlar Ələsgər ocağının şeir ölçüsünə, qafiyə saflığına, saz havasının incəliyinə xəyanət etmədilər. Yurdlarını itirdilər, amma sözün ləyaqətini qorudular.

Aşıq sənətində ənənəni yaşatmaq yalnız eyni dərdi dilləndirməklə bitmir; bu, əsrlərdən bəri cilalanmış poetik formaları – qoşmanı, gəraylını, xüsusən də aşıq şeirinin zirvəsi sayılan təcnisi canlı saxlamaq bacarığıdır. Göyçə aşıq məktəbinin ustadları janrın sərt qəliblərinə uyğunlaşmaqla qalmayıb, o formaların daxilində öz dövrlərinin ruhi mənzərəsini yaradıblar.

Gəraylı formalı 8 hecalı şeir aşıq poeziyasının ən həssas, mənəviyyatla ən sıx bağlı olan nəfəsidir. Dədə Ələsgər şeirlərində haqq ədalətini, daxili göynərtisini ilahi dərgaha, Şahi-Mərdana ünvanlayaraq Haqqın rəhmətinə sığınırdısa, Növrəs İman eyni irfani işıqla insanı mərifətə, ədalətə və axirət divanına hazır olmağa çağırır:

Dədə Ələsgərdə Haqqa sığınma və ilahi nida:

 

Günahkar, kəmtər qulunam,

Qəbul eylə duamı!

Zahir sənsən, batin sənsən,

Dü cahanın imamı...

...Həmi sindən, həm Siratdan,

Həm məhşərdən qorxuram;

Kəsmə zərrə iltifatın

Qul Ələsgərdən, ağa!

 

Növrəs İmanda haqq divanı və mənəvi nəsihət:

 

Kişi üçün əzəl gündən

Başda çox kamal gərək;

Sərf etməyə doğru yola

Əsəldən zülal gərək.

Həqiqətdən əxz eyləyə,

Mərifətdən anlaya;

Məhşər günü olmayacaq

Ona dövlət-mal gərək.

 

Göründüyü kimi, Dədə Ələsgər öz dərdi-dilini, məhşər qorxusunu doğrudan-doğruya ilahi dərgaha əyan edib şəfa və iltifat diləyirsə, Növrəs İman eyni mənəvi irsdən güc alaraq dünyapərəstliyi rədd edir, insanı mal-mülk həvəsindən uzaq durmağa, mərifət və ədalət sahibi olmağa səsləyir. Bu müqayisə aşıq poeziyasında daxili irfani yaddaşın və mənəvi varisliyin nə qədər dərin köklərə söykəndiyini aydın göstərir.

Aşıq şeirinin əsas sütunu olan 11 hecalı qoşma Göyçə aşıq məktəbinin fəlsəfi təfəkkür xəzinəsidir. Bu ocağın ustadları qoşmada təbiəti, ilahi gözəlliyi, insan ruhunun haqq işığına can atmasını tərənnüm etmiş, sonrakı dövrlərdə isə eyni ölçüdə itirilmiş cənnətin – doğma elin nisgilini, Vətən sevgisini dilə gətirmişlər. Necə ki Sərraf Şiruyə bu fəlsəfəni hər hərfi ilə yaşatmışdır:

 

Xalq üçün, el üçün yaşayan kəsi,

Cahan xar etsə də, zaman xar etməz.

Vətən qayğısına qalmayan kəsi,

Nə tale, nə iqbal bəxtiyar etməz.

 

Göyçə aşıq mühitinin ən böyük sınaq meydanı təcnis janrıdır. Təcnis – sözün zahiri forması ilə batini mənası arasında aparılan ilahi illüziyadır. Bu mühitin ustadları cinas vuranda sözü almaz kimi cilalayaraq təcnisi poeziya möcüzəsinə çevirmiş, hər kəs bu sənəti öz ustadlıq imtahanı, kökə və el ocağına sədaqət borcu saymışdır.

Bu janr varisliyi göstərir ki, Göyçə aşıq məktəbi sadəcə mövzu baxımından deyil, şəkil, qafiyə, heca və bədii bəzək texnikaları baxımından da öz ilkin qaynağına ciddi şəkildə sadiq qalıb. Sözün şəkli qorunduqca, onun içindəki ruh da ölmür, nəsildən-nəsilə keçərək canlı yaşayır. Bu gün də o səs kəsilməyib. Aşıq məktəbi keçmişdən qalan quru bir xatirə çərçivəsini aşaraq, bu gün də yaşayan, sabah da yaşayacaq canlı bir nəfəsdir.

Şeiriyyatda da bu kökə bağlılıq davam edir: Şair Alqayıt elin-obanın həsrətini poeziyaya köçürmüş, öz qoşmalarında elin halallığını, ağsaqqal ədəbini yaşatmışlar. Müzahim Mehvalıoğlu Göyçənin söz-sənət irsini duyğulu şair qəlbi ilə yenidən mənalandırır; Eldar İsmayıl (Ağbulaqlı) klassik formaların içində ustad sözünün ağırlığını yaşatdığı kimi, Qılman İman da atası, şair Aqil İmanın ocağından gələn söz əmanətini qoruyaraq, Göyçə nisgilini, o yurdun daxili göynərtisini özünəməxsus səmimi bir dillə günümüzün oxucusuna çatdırır.

Ədəbi varislik atalardan qalan söz odunu söndürmədən, o hikməti bu günün kədərinə, bu günün sevgisinə calayıb zamanın içində yaşatmaqdır. İrəvanın, Göyçənin adı Azərbaycanın hazırkı xəritəsindən silinsə də, yolları bağlansa da, bu torpaqların səs rəngi sazın pərdəsində, bir bayatının pıçıltısında, bir qoşmanın son misrasında yaşamaqda davam edəcək. Əlbəttə, adını çəkdiyimiz və çəkmədiyimiz yüzlərlə el sənətkarının, aşıq və şairlərin yaratdığı bu əzəmətli xəzinəni bircə yazıya sığdırmaq çətindir; lakin hər bir söz sərrafının ocağında yanan bu köz sabahın böyük qayıdışına işıq salır. O günədək ki, o yurdun əsl sahibləri öz doğma torpaqlarına qayıtsınlar, sazın simləri yenidən Göyçə dağlarında əks-səda versin və İrəvanın qədim səs rəngi doğma havasına qovuşsun.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.