Aşıq Nəcəf və Gülüstan Featured

Sərraf Şiruyə,

Azərbaycan Yazıçılar Birliyinin və

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

 

Aşıqlar dastan deyəndə əvvəl ustadnamə deyər. Biz də deyək, şad olun.

 

İlahi düzəltsə hər diləkləri,

Din itməz, arada iman pozulmaz.

Həmahəng döyünsə dost ürəkləri,

Çuğulun sözüylə peyman pozulmaz.

 

Söz-sənət yaranmaz, qüdrət olmasa,

Üz üzdən utanmaz, minnət olmasa,

Min qanlar tökdürən sərvət olmasa

Ədalət tapdanmaz, divan pozulmaz.

 

Şahda mürvət olsa, ağada kərəm,

Ehtiyac ürəkdə bağlamaz vərəm.

Ay Şiruyə, el sözüdür, deyirəm:

Ağsaqqal düz olsa, cavan pozulmaz.

 

Ustadnaməni bir deməzlər, iki deyərlər. Biz də deyək, iki olsun, düşmənin bağrı tikə olsun.

 

İgidlik eyləyən, igid sayılan,

Üzməz, ətəkləyib tutduğu yerdən.

Mərdin qaydasıdı: kəsməz basdığın,

Yapışıb qaldırar atdığı yerdən.

 

Nanəcib çağırsan haraya gəlməz,

Naməhrəm deyilən qeyrət, ar bilməz.

İnsanın qanmazı yola düzəlməz,

Uzunqulaq keçməz batdığı yerdən.

 

Eşit Şiruyəni, gör nə zamandı,

Pak əməl ən böyük haqdı, divandı.

İnsanın tənbəli boğaz heyvandı,

İstəməz ki, qalxsın yatdığı yerdən.

 

Ustadlar ustadnaməni üç deyiblər, biz də deyək üç olsun, düşmənin ömrü puç olsun.

 

Əgər təbib qarşı gəlsə, dərdi dərman öldürər,

Qanmazların bəd sözləri yəqin qanan öldürər.

Namərd oğlu namərdlikdən həya edib, çəkinməz,

Yaxşılara tənə vurar, qoyma yaman öldürər.

 

Mərd babalar doğru deyib: hər könülün öz yarı,

Əhli-hallar şöhrət bilər, pak namusu, pak arı.

Pərvanələr oda yanar, pozmaz əhdi, ilqarı,

Yazıq həsrət aşiqini qaşı kaman öldürər.

 

Demə, könül baharından aralandı Şiruyə,

Gözdən itdi, ürəklərdən qaralandı Şiruyə,

Tale, iqbal bəd gətirdi, yaralandı Şiruyə,

Qoymasınlar yaxın gələ, naşı loğman öldürər.

 

Bəli, əzizlərim, qulluğunuza hardan ərz edim? Göyçə mahalından. Göyçə mahalında kimdən? – Daşkəndli Allahverdi kişidən. Allahverdi kişi çox yoxsul, fağır bir kişi idi. Nökərçilik, çobançılıq eyləyər, ailəsini çətinliklə dolandırardı. Allahverdi kişi payız girəndən dərin bir fikrə qərq olmuşdu. Nə gecəsi gecəydi, nə gündüzü gündüz. Qaşqabağı açılmırdı. Çünki oğlu Nəcəf bir il idi ki, Molla Mehdidən dərs alırdı. Vaxt yarı olmuşdu, Allahverdi kişi Molla Mehdinin beş toğlusunu verməliydi. Allahverdi kişi beş toğlunu Molla Mehdiyə versəydi, özünün dolanışığına bir şey qalmırdı. Molla Mehdi də gündə bir Nəcəfi dədəsinin üstünə göndərirdi. Nəcəfin onsuz da mollalıqdan da, Molla Mehdidən də zəhləsi gedirdi; çalışırdı ki, bir bəhanəylə mollanın yanından qaça, həm öz canını qurtara, həm də atası Allahverdi kişinin işi bir az yüngülləşə, haqqın yarısını verə. Ancaq Allahverdi kişi buna imkan vermirdi. Elə hey deyirdi: "Mən oxumayıb nökər oldum, sən oxu. Heç olmasa, ölənlərimizin üstündə bir "Yasin" oxuyarsan".

Bir gün Molla Mehdi uşaqlara "Təbbət" surəsini öyrədirdi. Birdən qapı açıldı, Şəkər qarı içəri girdi, qoltuğunda da bir toyuq:

– Ay Molla Mehdi, qurbanın olum, xəstəmiz var, bir baxma kitabını aç.

Molla Mehdi qarının qoltuğunda toyuğu görən kimi qalxdı, qarı da yanında o biri dama keçdi. Nəcəf də qalxıb ayağının ucunda yeriyə-yeriyə qapının yanına gəldi. Qulağını qapının arasına söykədi, əliylə uşaqlara işarə elədi ki, sakit dursunlar.

Uşaqlar Nəcəfi ortaya çəkdilər:

– Ay Nəcəf, sən Allah, dünən dediyin o "Mollalar" sözünü de, eşidək.

Nəcəf dedi:

– Yox, bu gün başqa söz deyəcəm. Bir az gözləyin, qoyun ürəyimdəkiləri tamamlayım. Bir azdan Nəcəf, elə bil, çoxdan əzbərlədiyi bir şeiri deyirdi.

 

Şəkərin əlində toyuq görəndə,

Eylədin yolunu nə kəsə, molla.

Yarımçıq oxudun "Yeddi hasar"ı

Qorxma, deməyəcəm bir kəsə, molla.

 

Dünən də bir toyuq Gülgəzdən uddun,

Güya dua yazıb qolundan tutdun.

Müştəri görəndə məni unutdun,

Təzəcə gəlmişdim həvəsə, molla.

 

Oxuda yaxşısan, duada kalsan,

Axundun yanında dünəndən lalsan.

Nəcəfdən beş toğlu birədi alsan

Səni tapşıracam "Təbbət"ə, molla.

 

Molla Mehdi gec gəldi, uşaqlar şeirin beytlərini əzbərləyib, zümzümə edirdilər. Molla qayıdanda gördü ki, içəridən oxumaq səsi gəlir. Uşaqlar tappıltını eşidib tez öz yerlərində oturdular. Molla Mehdi içəri girib soruşdu:

– Oxuyan kim idi?

Heç kim boynuna almaq istəmədi. Molla Mehdi başladı uşaqları çubuqla döyməyə. Növbə Canbaxışa çatanda, dedi:

– Molla baba, döymə, deyim. Molla dedi: – de. Canbaxışın onsuz da Nəcəfdən xoşu gəlmirdi. Çünki Nəcəf də onun istədiyi əmisi qızı Gülüstanı istəyirdi. Həm də iş burasında idi ki, Gülüstan da Canbaxışı yox, Nəcəfi istəyirdi. İndi elə Canbaxışın əlinə yaxşı fürsət keçmişdi. Nəcəfi mollaya döydürmək. Nəcəf bildi ki, onsuz da Canbaxış bunu göstərəcək. Özü ayağa qalxıb dedi:

– Molla baba, mən idim.

Molla dedi:

– Nə oxuyurdun?

– Molla baba, şeir oxuyurdum, – dedi.

Molla dedi:

– Buyur, yenə oxu, mən də eşidim.

Nəcəf şeiri olduğu kimi bir də oxudu. Molla istədi Nəcəfi tuta. Nəcəf Quranı da orda qoyub bir anda qapıdan özünü çölə atdı. Nəcəf bir də Molla Mehdinin yanına qayıtmadı. Allahverdi kişi də üç toğlu verdi. Molla Mehdi ilə haqq-hesabı kəsdi, Nəcəfi də yanında qoyuna, quzuya aparmağa başladı.

Bunlar burada qalsın, əzizlərim, qulluğunuza ərz edim Aşıq Ələsgərdən. Aşıq Ələsgər Daşkənd kəndində Hacı Kərimin oğlu İsmayılın toyuna aşıq çağırılmışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələsgərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, keçi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qatacaydılar. Aşıq Ələsgər Nağı bəylə yanaşı oturub dirsəklənmişdi. Əsəd ortada oxuyurdu. Allahverdi kişi yavaşca Nağı bəyə doğru əyilib dedi:

– Ay Nağı bəy, qurbanın olum, üzüqaralıq eləyirəm, Aşıq Ələsgərdən rüsxət al, bizim o uşaq da bir hava çalsın. Deyir, aşıq olacam, görək qabında bir şey varmı?

Nağı bəy Ələsgərdən rüsxət aldı. Nəcəfi basırıqdan çıxarıb Əsədin meydanına saldılar. Nəcəf bir az pörtdü. Aşıq Ələsgər dedi:

– Ay oğul, utanma, çal-oxu, görüm necə çalıb oxuyursan?

Nəcəf məclisə göz gəzdirib sazı dilləndirdi:

 

Min şöhrətə dəyər, min vara dəyər,

Adın el içində təmiz ad olsa.

Dar gündə namərddən kömək gözləmə

Yenə mərddən olar bir imdad olsa.

 

Qəza bəd gətirsə, tel də ağlayar,

Dodaq da ağlayar, dil də ağlayar.

Vətən ağlayarsa, el də ağlayar,

Hər insan şadlanar, vətən şad olsa.

 

Nəfs tox olarsa, ürək dar olmaz,

Zəhmət çəkilməsə, süfrə var olmaz.

Sənət meydanında şəyird xar olmaz

Nəcəfəm, ustadı pir ustad olsa.

 

Nəcəf taziyanəni sazın simindən aralayıb başını aşağı tikdi. Hamı sakit dayanmışdı. Aşıq Ələsgər dilləndi:

– Oğul, Nəcəf, Allah qismətini yaxşı verib. Ləfsin də yaxşıdı, səsin də. Ancaq saza naşısan. Ürəyini sıxma, ustadın da yaxşı olar, heç bir meydanda da xar olmazsan. Aşıq Ələsgər üzünü ağsaqqallara, Nəcəfin atası Allahverdi kişiyə tutdu:

– Nəcəfdə böyük fərasət görürəm. Nəcəfi mənə şəyird verin. Allahın izniylə Nəcəf çox kamil, adlı-sanlı aşıq olacaq. Ağsaqqallar razılığını bildirdi. Allahverdi kişi gələn payıza zəhmət haqqı bir inək boyun oldu. Aşıq Ələsgər üzünü Allahverdi kişiyə tutdu:

– Uşağı apar, əl-ayağını nizamla, sabah özümlə aparacam. Allahverdi kişi Aşıq Ələsgərə baş əydi, məclisə, ağsaqqallara razılığını bildirdi, Nəcəfi götürüb evə gəldi. Arvadı Telliyə dedi:

 

– A Telli, gözün aydın olsun, Aşıq Ələsgər Nəcəfi şəyird götürdü. Zəhmət haqqı gələn payız bir inək verəcəm. İndi durma, uşağın pal-paltarına əl gəzdir. Sabah tezdən gedəcək. Nəcəfin sevinci yerə-göyə sığmırdı. Bu anda özünü sevgilisi Gülüstana yetirmək istəyirdi. Ancaq buna imkan yox idi.

Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın. Elə ki səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib özü ilə bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, doqqaza çıxdılar, Allahverdi kişiyə, Nəcəfə: – "Sabahınız xeyr", – dedilər. Bu arada hardansa Pirnazaroğlu Hasan da gəlib çıxdı. Baxdı ki, aşığın dövranına çəpiş verən də var. Dedi:

– Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş aparasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələsgər, "sağ ol" deyib razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın yəhərliyində toğlunu gətirib aşığın toğlularına qatdı. Aşıq Ələsgər camaatla görüşüb, heyvanları da Əsədlə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğlu bir yana oldu, Hasan verən toğlu bir yana; nə heyvanlara yaxınlaşdı, nə də yolla düz getdi. Ağzı hara düşürdü, ora qaçırdı. Gah Əsəd, gah Nəcəf toğlunu sürüyürdülər. Əlqərəz, çox çətinlikdən sonra gəlib Ağkilsəyə çatdılar. Nəcəflə Əsəd bərk yorulmuşdular. Yarmalı xaşıldan yeyib, kəkotu çayından içib yatdılar. Ələsgərin yadından hələ Hasan verən toğlu çıxmırdı. Fikirləşirdi ki, sabah sürüyə qatım, bəlkə, dəlilik etmədi. Səhər Əsədlə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğlu sürüyə qarışmır; ora-bura qaçır. Çox çalışdılar, mümkün olmadı. Naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib evinin arxasındakı biçənəyə hörüklədi. Bu minval ilə bir həftə gəldi-keçdi, ancaq toğlu hörükdə qaldı. Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pirnazar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi:

– Ələsgər əmi, hazıram, nahar eləmişəm. Bu getmək Nəcəfin də ürəyindən idi. Çünki gələndə Gülüstanla görüşə bilməmişdi. Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Görək necə dedi. Biz deyək, eşidənlər şad olsun.

 

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi.

 

Atlı salıb bu kəndləri gəzdirdik,

Bir neçə qablarda dərman əzdirdik.

Axunda, mollaya dua yazdırdıq,

Bir əlac olmadı, gördük keşişi.

 

Ələsgərəm, həvəsləndim boyuna,

Əbrişin tükünə, əsli-soyuna.

Qatıram sürüyə, getmir qoyuna,

Ağıldan kasaddı, qalmayıb huşu.

 

Nəcəf tapşırığını alıb yola düşdü. Gəlib Daşkəndə çatdı. Gətirdiyi kağızı Pirnazaroğlu Hasana verib qayıtdı evlərinə. Anası Telli arvad qapıdaydı, Nəcəfin gəlişini görəndə çox bikef oldu. Elə bildi Aşıq Ələsgər uşağı şəyirdliyə götürməyib, geri qaytarıb. Nəcəf söhbəti olduğu kimi anasına nağıl elədi. Bildirdi ki, sabah qayıtmalıyam. Telli arvadın üzü güldü, ürəyi açıldı. Nəcəfin Aşıq Ələsgərə şəyird olmağı bütün kəndə yayılmışdı. Hətta Gülüstanın anası Nazlı arvad bu söhbəti əri Məmmədqulunun yanında da demişdi, ancaq nə qədər Nəcəf haqqında danışılmışdısa, kişi bir kəlmə də olsun dinməmiş, əksinə, gələ-gələ qaş-qabağı çatılmış, kefi pozulmuşdu. Bu da səbəbsiz deyildi. Çünki qulağı çalmışdı ki, Nəcəf Gülüstanı istəyir. O isə Gülüstanı öz qardaşı Həzrətqulunun oğlu Canbaxışa vermək istəyirdi.

Bəli, əzizlərim, Nəcəf çox fikirləşdi neyləsin, Gülüstanı necə görsün? Çox götür-qoydan sonra götürüb bir namə yazdı.

 

Qaşına, gözünə "qara" dediyim,

Ömrümün, günümün ağı, necəsən?

Gecə-gündüz həsrətini çəkməkdən,

Əriyib gözümün yağı, necəsən?

 

Gözündən itsəm də düşmə gümana,

Dünya bir yanadı, sən də bir yana.

Qol qoymaram özgə əhdə, peymana,

Eşqimin sevdalı bağı, necəsən?

 

Nəcəf deyər, görüşməyə gəlmişəm,

Danışmağa, gülüşməyə gəlmişəm.

Layiq bilsən, öpüşməyə gəlmişəm,

Həyatımın çil-çırağı, necəsən?

 

Naməni Nəcəfin bacısı Səyalı Gülüstana yetirdi. Gülüstan Nəcəfin gəlişindən halı oldu. Naməni oxuyub görək Gülüstan Nəcəfə nə məzmunda cavab yazdı:

 

Ölənəcən mən səninəm, sən mənim,

Səfərinə get, qadasın aldığım.

Xudam özü sənə olsun köməkdar,

Mətləbinə yet, qadasın aldığım.

 

Mən yaxşıyam, qürbət eldə sən şad ol,

Mollalıqdan, axundluqdan, azad ol.

Ustadından sənət öyrən, ustad ol,

Bülbül kimi öt, qadasın aldığım.

 

Gülüstandan olmagınan nigaran,

Yollarına göz tikibdi anbaan.

Gecikərsən, düş yoluna novcavan,

Mənzilinə çat, qadasın aldığım.

 

Nəcəf naməni aldı, şirin xəyallarla gecəni səhər elədi. Səhər tezdən yola düşdü. Günortadan gün əyiləndə özünü Ağkilsə kəndinə, ustadı Aşıq Ələsgərin yanına çatdırdı.

Günlər, aylar ötüşdü. Nəcəf Aşıq Ələsgərin yanında püxtə bir aşıq olmuşdu. Ustadı Aşıq Ələsgərlə neçə-neçə, ağır-ağır toylar yola salmışdı.

Bəli, əzizlərim, Nəcəf Aşıq Ələsgərin yanında qalmaqda olsun, qulluğunuza ərz edim Gülüstanın atası Məmmədqulu kişidən.

Elə ki Nəcəf Aşıq Ələsgərin yanına getdi, Məmmədqulu kişi rahat nəfəs almağa başladı. Düşündü: "Yaxşı oldu, daha bu gədənin ayağı buralardan kəsildi. Qız da yavaş-yavaş yadından çıxaracaq, elə mən deyənə razı olacaq". Bu minvalla aradan iki il keçdi. Bir gün Məmmədqulu kişi arvadı Nazlını öyrədib Gülüstanın yanına göndərdi. Anası qızını qılığa çəkdi:

– Əmingil toy tədarükü eləyir, a qızım. Gülüstan dedi: – Ay ana, Allah mübarək eləsin. Anası səhv başa düşdü, elə bildi, qız razıdı. Dedi:

– A qızım, əmin səni oğluna almaq istəyir. Bilirsən də, Canbaxışın ağlından, kamalından hamı ürəkdolusu danışır.

Nəmxuda, kişinin oğlu kamil molladı. Molla Mehdidən dörd il dərs alıb. Camaat yanına axışır. Elə dədən də razıdır, mən də. Gülüstan yaşı gözlərindən bahar buludu kimi ələdi.

– Ay ana, mən mollaya getməyəcəm.

– Ay qızım, bəs kimə gedəcəksən?

– Ay ana, eşit, gör kimə gedəcəm:

 

Ölsəm torpağınam, qalsam Nəcəfin,

Nəcəf məndən, mən Nəcəfdən keçmərəm.

Üç il qabaq peymanımız bağlanıb

Nəcəf məndən, mən Nəcəfdən keçmərəm.

 

Anası dedi: – Ay qız, kəs səsini, vallah, dədən eşidər, sağ tikəni qulağın boyda edər! Gülüstan dedi:

– Ay ana, istəmədiyin oğlana getməkdənsə, tikələnmək yaxşıdır, sözümün sonuna qulas as:

 

Toxunmayın, yaralarım, hoyludu,

Mənim yarım ilqarlıdı, soyludu.

Şirin ləhcəlidi, mina boyludu,

Nəcəf məndən, mən Nəcəfdən keçmərəm.

 

Anası dedi: – Kəs səsini, çəpəl!

Bircə aşığımız, kosamız əskikdi!

Qız verək, el içində xar olaq?

Gülüstan anasının ayaqlarına düşdü:

– Ay ana, qurbanın olum, məni Nəcəfə ver! Anası dedi:

– A çəpəl, mən kiməm, səni dədən verir. Əslinə baxsan, heç mən də razı deyiləm. Səni mollaya verə. Gülüstan baxdı, anası yumşalıb, dedi:

– Ay ana, mənə yazığın gəlsin. Bu arada qonşu Növrəstə qarı əlində yun yumağı içəri girdi. Baxdı Gülüstan ağlayır. Dedi: – Bıy, başıma xeyir, ağız, bu qız niyə ağlayır? Gülüstanın anası dedi: – Ay arvad, dünya yola salıbsan, bilmirsənmi bu yaşında qızlar ərkəsöyün olurlar?

Növrəstə qarı arifiydi, işi başa düşdü. Dedi: – hə… Fikirləşdi, yaddaşını silkələdi, hardansa, yadına bir bayatı düşdü:

 

Oğlan alma atanda,

Araya söz qatanda.

Qız evdə yola getməz,

Onbeş yaşa çatanda.

 

Gülüstan baxdı, anası o biri otağa keçib, Növrəstə qarı da mətləbə yaxşı gəlib. Dedi: "Gəl dərdin qarıya qandır, bəlkə, bir əncam çəkə. Sənə bir köməklik edə". Odur ki, Gülüstan da bir bayatı dedi:

 

Su gələr lilləndirər,

Bağçanı gülləndirər,

Dərdliyə söz deməyin,

Dərd özü dilləndirər.

 

Növrəstə qarı dedi: – Bıy, nənən ölsün, ağız, sənin nə dərdin var? El-oba sənin gözəlliyindən danışır, ağlından, kamalından danışır. Neçə cavanları sənin odun yandırır. Gülüstan qarıya bir az da yaxınlaşdı:

– Ay nənə, qurban olum, bir kağız versəm, Nəcəfin anasına çatdıra bilərsənmi? Qarı özünü çəkdi. Gülüstanın üstündə heç nə yox idi. – Ay nənə, Nəcəfə deyəcəm, sənə bir tumanlıq alsın. Növrəstə qarı dedi: – Ver, çatdıraram. Görək Gülüstan Nəcəfə nə yazır, onu necə çağırır. Biz deyək, siz şad olun:

 

Tez gəlməsən, əlim səndən üzülər,

Dar günümdü, ay Nəcəfim, durma, gəl,

Göz yaşlarım ətəyimə süzülür,

Dar günümdü, ay Nəcəfim, durma, gəl.

 

Dörd yanımı seryaqublar bürüyüb,

Ürəyimə qəm xəncəri yeriyib.

Cavan canım həsrətindən çürüyüb,

Dar günümdü, ay Nəcəfim, durma, gəl.

 

Ölmüş molla mənə çıxıb müşdəri,

Atam, anam bağlayıbdı hər yeri.

Əgər çatsan, işlər olar yön bəri,

Gülüstanam, ay Nəcəfim, durma, gəl.

 

Gülüstan Nəcəfə namə yazmaqda olsun, əzizlərim, ərz edim ki, Aşıq Ələsgər şəyirdləri Aşıq Nəcəf və Aşıq Əsədlə birlikdə Dəli Alının bacısı oğlu Zeynalabdının toyunu edirdilər. Toyun ikinci günü idi. Gəlin qapıya düşmüşdü. Aşıqlar çalır, Qandal Nağının dəstəsi yallı gedirdilər. Birdən Qandal Nağının gözləri "Sarıyal"la gələn karvana sataşdı. Baxdı ki, karvanın sarbanı başaşağı karvanı çəkib aparır. Ancaq karvanın ovsarından iki dəvə açılıb geridə qalıb. Bir qurd da kənardan dəvələrə doğru gəlir. Qandal Nağı hamının diqqətini ora yönəltdi. Səs çatası deyildi; zurnaçılar zildən bir "Ovşarı" çaldılar ki, bəlkə, sarban fikirdən ayıla, arxaya baxa. Amma mümkün olmadı. Qandal Nağı üzünü Aşıq Nəcəfə tutdu:

– Aşıq Nəcəf, əlac sənə qalıb. Oxuyub otuzluq lampanı söndürdüyün səsinlə o sarbanı fikirdən oyandır ki, dayanıb arxada qəflə-qatıra baxsın. Bəlkə, başa düşə ki, qəflə bölünüb. Tatoğlu qardaşları dedi:

– A Nağı lələ, burdan oraya səs çatmaz. Məsafə çox uzaqdı. Aşıq Ələsgər Aşıq Nəcəfin üzünə baxdı. Sanki bu baxışla Nəcəfə deyirdi:

 “Qüdrətini göstər, dayandır o karvanı!”

Aşıq Nəcəf sazı zilə çəkib "Koroğlu cəngisi" üstündə görək xabı-qəflətdə yatan sarbanı oyada bilirmi…

 

Xabı qəflətdə yatıbsan,

Oyan, sarban, dayan, sarban!

Qəfləni qurda satıbsan,

Oyan, sarban, dayan, sarban!

 

Gözlərini nəmmi alıb?

Ürəyini qəmmi alıb?

Yoxsa ki, xoş dəmmi alıb?

Oyan, sarban, dayan, sarban!

 

Nəcəf çağırır sarbanı,

Sarbanın qəfləsi hanı?

Qurd təkləyib ağ mayanı,

Oyan, sarban, dayan, sarban!

 

Nəcəfin səsinə dağlar-daşlar səs verdi, şiş qayalar bu səsi göylərə yüksəltdi. Sarban ayaq saxlayıb, əvvəlcə səs gələn tərəfə baxdı. Sonra dönüb qəflə-qatıra nəzər salanda gördü ki, dəvələrdən ikisi yoxdur. Sarban geri döndü, ancaq qurd artıq dəvənin birinə yaxınlaşırdı. Nəcəf isə nəfəsini dərib sazı döşündə görünən mənzərəyə tamaşa edirdi. Hamı Nəcəfə "əhsən" dedi. Qandal Nağı Nəcəfin sazının üstünə bir beşlik qızıl qoyub onun üzündən öpdü. Aşıq Nəcəf dedi:

– Nağı lələ, bəxşişini o vaxt götürərəm ki, o dəvəni qurdun əlindən qurtarasan. Qandal Nağı bığaltı qımışdı. Məsafə çox uzaq idi. Qandal Nağı aynalısını üzünə götürüb, yaxınlıqdakı qayanın döşünə çıxdı. Qurd arxadan dəvənin üstünə atılan anda güllə açıldı. Qurd arxası üstə yerə sərildi. Gözlədilər, qurd qalxmadı. Sarban gəlib dəvələrə çatdı. Məclis əhli, aşıqlar toyxanaya daxil olub yenidən çal-çağıra başladılar. Beləcə, şirinliklə toyu başa vurdular. Allah təala muraz üstə olanlara beləcə toy qismət eləsin.

Əzizlərim, indi qulluğunuza ərz edim ki, qarı Gülüstanın naməsini gətirib Nəcəfin anasına çatdırmışdı. Naməni Aşıq Nəcəfin dayısı Namaz Nəcəfə gətirməkdə olsun, sizə xəbər verək Nəcəfdən.

Nəcəf ustadı Aşıq Ələsgərlə, şəyird yoldaşı Əsədlə Dəli Alının bacısı oğlu Zeynalabdının toyundan gəlib yornuq halda yatmışdı. Gecə yuxuda gördü ki, başının üstündə bir topa bulud hərlənir, günəş istəyir o buludun arxasından boylana, ancaq bulud yenə gəlib günəşin qarşısını alır. Nəcəf yuxudan oyandı. Baxıb gördü ki, səhərə az qalıb. Qara çıranı yandıranda Əsəd də oyandı:

– A Nəcəf, niyə yatmırsan? Nəcəf dedi:

– Əsəd, yaman qarışıq yuxu görürdüm. Əsədlə Nəcəf yuxunu yüz yerə yozdular. Nəcəf dedi:

– Əsəd, yəqin Gülüstanın başında bir iş var. O bulud arxasından boylanmaq istəyən günəş o idi. Nəcəf sazı döşünə aldı, simləri yavaşca dilləndirdi.

 

Aman Allah, nə yuxudu görürəm,

Açılacaq nə bəlalar başıma?

Görən kimsəm köç eylədi dünyadan?

Töhmət qoydu el-obalar başıma.

 

Qəza yeli necə əsdi görəsən?

Qəm neştəri hardan kəsdi görəsən?

Kim incidi, məndən küsdü, görəsən?

Qismət oldu qan-qadalar başıma.

 

Nəcəfəm, bəxtimi qara görürəm,

Könlümdə dərmansız yara görürəm.

Düşüb Gülüstanım dara, görürəm,

Gələcəkdir nə xətalar başıma?

 

Dan yeri sökülürdü. Anaxanım da qalxıb təndirə od salmışdı. Baxdı saz səsi gəlir. Ələsgəri səslədi:

– Ələsgər, qalx uşaqlar oyanıb. Ələsgər kişiyə bu çox təəccüblü gəldi. Uşaqlar həm yornuq idi, həm də axşam gec yatmışdılar. Həm də ki, heç belə tez oyanmazdılar. Fikirli-fikirli hövlak arxalığını əyninə geyinib içəri otağa keçdi. Baxdı ki, Nəcəf başını sazına söykəyib qəmli-qəmli çalır. Üzünü Əsədə tutdu:

Ay oğul, ay Əsəd, Nəcəfə nə olub?

Əsəd dedi:

– Ələsgər əmi, gecə deyəsən, bəd yuxu görüb. Aşıq Ələsgər Nəcəfə yaxınlaşdı, əlini çiyninə qoyub:

– A bala, yuxuda adam çox şey görür. Hamısı düz ha olmur. Dur, nahar elə, gedib bir evinizə baş çəkib gələrsən, – dedi. Anaxanım təzə süfrə açmışdı ki, qapıdan səs gəldi. Hamı çölə çıxdı. Nəcəfin dayısı Namaz idi. Aşıq Ələsgər qabağa yeridi:

– A Namaz, salamatçılıqdırmı? Namaz atdan düşüb, Aşıq Ələsgərlə əltəmən oldu; şükür, salamatçılıqdı, – dedi. Amma bir müşkül məsələ üçün gəlmişəm. Nəcəfin rəngi qaçdı. Fikirləşdi: "Yəqin Gülüstanı veriblər". Namaz gördü Nəcəf fağır dayanıb, ürəyi durmadı, Gülüstanın kağızını uzatdı. Aşıq Ələsgər dedi:

– A bala, hündürdən oxu. Nəcəfin səsi çıxmırdı. Əsəd kağızı Nəcəfin əlindən alıb ucadan oxudu. Məzmundan Ələsgər halı oldu. Hamısı içəri keçib bir yerdə nahar elədilər. Nəcəf başını aşağı dikmişdi. Handan-hana Aşıq Ələsgər dilləndi:

– A Nəcəf, – oğul, sən dayınla get, mən də axşamçağı Əsədlə orada olacam. Sonra Anaxanımı çağırdı:

– A Nəbinin qızı, istəkli balanın xeyir işidi. O çarğatı da, çuxalığı da gətir, lazım gələr qoy aparsınlar.

Namaz dedi:

– Aşıq Ələsgər, xəcalətlik verirsən.

– Heç bir xəcalətliyi yoxdu, a Namaz, elə bu məqsəd üçün Anaxanım onu saxlamışdı. Xeyir işin payı xeyir işə qismət olur, bundan yaxşı nə ola bilər?

Aşıq Ələsgər Nəcəflə Namazı yola saldı. Nəcəfin bacısı Səyalı xəlvətcə Gülüstana muştuluğa qaçdı. Gülüstanın gözü yoldaydı. Baxdı ki, Səyalı gəlir, irəli yeridi, qızı bir xəlvətə çəkdi. Səyalı bildiklərini Gülüstana danışdı:

– Dayım Nəcəfi gətirib, axşam da Aşıq Ələsgərlə Əsəd gələcək elçiliyə. Aşıq Ələsgər sənə bir çarğat, dədənə də bir çuxalıq göndərib, anana da tumanlıq alacaqdır. Gülüstanın üzü güldü, ürəyi açıldı, Səyalını bağrına basdı, üzündən, gözündən öpdü.

Elə ki Gülüstan atası Məmmədquluya, əmisi Həzrətquluya xəbər göndərmişdi ki, mən Canbaxışa yox, Nəcəfə gedəcəm, bu xəbər Canbaxışın özünə də çatmışdı. Canbaxış da atasına, əmisinə xəbər göndərmişdi ki, o ki məni istəmir, mən də onu istəmirəm. Bu söhbətdən sonra Məmmədqulu kişi bu fikirdən daşınmışdı. Hətta Məmmədqulu kişiyə o da çatmışdı ki, qardaşı oğlu Canbaxış da Nəcəfin bacısı Səyalıya elçi göndərməyə hazırlaşır.

Axşamçağı Aşıq Ələsgər Əsəd də yanında Allahverdi kişinin qapısında oldu. Bir az hal-xoş edəndən sonra, adət üzrə Məmmədqulu kişiyə xəbər göndərdilər ki, axşam qonaqlarınız olacaq. Məmmədqulu kişi də öz adamlarını çağırmışdı. Həzrətqulu kişi də buradaydı. Çənə söhbətindən sonra Aşıq Ələsgər sözü mətləbə çəkdi. Araya sakitlik çökdü. Məmmədqulu üzünü qardaşı Həzrətquluya tutdu:

– Məsləhət sənindir.

Həzrətqulu:

– Allah mübarək eləsin! – dedi.

Allahverdi kişiylə Məmmədqulu kişi qucaqlaşıb öpüşdülər. Telli arvad Aşıq Ələsgərin qabaqcadan göndərdiyi çarğatı Gülüstanın başına bağladı. Aşıq Ələsgər çıxarıb ortaya əlli manat qızıl pul qoydu. Bu, Dəli Alının bacısı oğlu Zeynalabdının toyundan Nəcəfin payına düşən pul idi. Allahverdi kişi əlavə üç heyvan verməli oldu. Anasına on arşın tumanlıq, atasına Aşıq Ələsgər göndərən çuxalıq da bu başlığın içindəydi. Toyun vaxtını təyin elədilər. Novruz bayramından on gün keçmiş Aşıq Ələsgər və Əsəd Nəcəfin toyuna gəldilər. Üç gün, üç gecə qara zurnanın səsi dağları ağzına götürdü, telli sazın sədası, Aşıq Ələsgərin şirin söhbətləri, Əsədin oxuya-oxuya otuzluq lampanı keçirməsi el-obanı Nəcəfin toy məclisinə topladı. Gəlin ata evindən çıxanda Gülüstanın əmisi Həzrətqulu kişi irəli yeridi:

– Aşıq Ələsgər, Gülüstana bir tərif deməsən, gəlini verməyəcəyik. Görək, Aşıq Ələsgər Gülüstanı neçə tərif eləyir:

 

Gözəlliyinə yoxdu qüsur, bəhanə;

Sanki bədrlənmiş aydı Gülüstan.

Əlvan geyinibdi başdan-ayağa,

Min ətir qoxulu yaydı Gülüstan.

 

İgidtək cəfalar çəkdi bu yolda,

Surəti məlakə, pəri misalda.

Yoxdu bərabəri ağıl-kamalda,

Qüdrətdən verilmiş paydı Gülüstan.

 

Eşitmişdim, görməmişdim üzünü;

Canlar alır süzdürəndə gözünü.

Aşıq Ələsgərəm, deyim düzünü:

Doğurdan, Nəcəfə taydı Gülüstan.

 

Gülüstanı Allahverdi kişiyə, Telli arvada gəlin gətirdilər. Axşam Nəcəf qədəmini Gülüstanın gərdəyinə basdı. Baxanda gördü ki, Gülüstanın camalı gərdəyə günəş kimi nur çiləyir. Zülfləri elə bil qara buluddur, topuğunu döyür; gözləri piyalə, qaşları qələmdir… Bütün gözəllikləri Allah Gülüstanda cəm edib, göz baxmaqla doymur, könül sevməklə. Nəcəf heyrətindən istədi özünü Gülüstanın ayağına atsın, amma Gülüstan Nəcəfin qolundan tutub qaldırdı. Nəcəfin bu yerdə təbi coşa gəlib görək nə dedi:

 

Qoy dolanım, dönüm sənin başına,

Cəfa çəkib, həsrətimə dözən yar.

Qurbanlığam, huzuruna gəlmişəm,

Qəbul eylə, ürəyimi üzən yar.

 

Nə müddətdir, yoluma göz dikibsən,

Aşkar gülüb, pünhan boynun bükübsən,

Çox zülmlər, çox sitəmlər çəkibsən,

Bundan belə xanım kimi bəzən, yar.

 

Şükür olsun kərəm qılan xudaya,

Mərhəmət eylədi, yetişdik boya.

Camalını dəyişmərəm dünyaya,

Soraq salıb, ay Nəcəfi, gəzən yar.

 

İllər həsrətliləri bir-birinə sarışdılar, vüsala yetişdilər. Gözəgörünməz Allah bütün həsrətliləri beləcə qovuşdursun. Toyun səhərisi Aşıq Ələsgər Nəcəfin atasını çağırdı. Nəcəfi yanında əyləşdirib, üzünü Allahverdi kişiyə tutdu:

– Nəcəf qalsın, daha kamil aşıqdı, sənətdə heç bir çəkinəcəkli yeri yoxdu. Sən də təksən, mən də həmişə siz tərəfdən hal-əhval tutacam. Allahverdi kişi, Nəcəf Aşıq Ələsgərin əlindən öpdülər. Əsədnən Nəcəf bir-birinə sarışdılar. Ağsaqqallar yığışdı Aşıq Ələsgəri, Əsədi hörmətlə yola saldılar.

Beləcə, Nəcəfin aşıqlıq sədası, oxumağı, çalmağı, yaxşı təbi eldən-elə yayıldı. Allahverdi kişi "Allaha şükür" oxudu. Yaxşı ki, Nəcəf molla olmadı.

Payızın son ayından on gün keçirdi. Aşıq Nəcəf Aşıq Qurbanla Daşkənddə Hacı Balı oğlu Məhərrəmin toyunu eləyirdi. Məclisdə ağsaqqallar əyləşmişdi. Toyda Molla Mehdi də, İrandan gəlmiş Ağ Axund da iştirak edirdi. Ağ Axund da elmi-dəryaydı, heç bir molla, axund Ağ Axundun qabağında nəinki Quran oxumaq, heç "Fatihə" də verməyə cürət etməzdi.

Aşıqlar ustadları Aşıq Ələsgərdən oxuyurdular. Aşıq Nəcəf sözün son bəndini tərcümə eləyirdi:

 

"Mollayla dost ollam, axundla qardaş,

Qurtarıb əlimdən qaça bilsələr".

 

Ağ Axundla Molla Mehdi bayaqdan bəri qurcuxmaya düşmüşdülər. Sözün bu yerində Molla Mehdi Ağ Axundu qurdaladı:

– Görürsənmi, yenə bizə sataşır, sözü bizə deyir. Ağ Axund yerindən qalxdı:

– Çox axunda, mollaya sataşırsan. Çox deyirdilər, inanmırdım, indi qulaqlarımla eşitdim. İstəyirsən, get ustadını çağır. Aşıq Nəcəf dedi:

– Hələ ustadın şəyirdiylə deyiş, bağlasan, onsuz da ustadım gələcək.

Görək Ağ Axund qabağa düşüb Aşıq Nəcəfə nə deyir:

 

Ağ Axund

Niyə uçdu, kimlər kimin evindən?

Aşıq Nəcəf, nə zamandı, cavab ver?

Kim nə vaxt öləcək Mehdi yelindən?

Görəcək, od tutub yandı, cavab ver?

 

Aşıq Nəcəf

Günün qürub çağı Nuri Məhəmməd,

"Faxtənin evi"ndən uçdu, deyirlər.

Mehdi vurar, Dəccəl ölər, günahkar,

Baxar ki, od tutub, bişdi, deyirlər.

 

Ağ Axund

Hansı dörd quş İbrahimə qul oldu?

O kim idi, ölən günü doğuldu?

O kim idi, bir bağ saldı, dağıldı?

Tutduğu əməli dandı, cavab ver?

 

Aşıq Nəcəf

Xoruz, qarğa, tovuz kəsildi ördək,

İbrahim səmtinə oldular yedək.

Şafeyi doğulmuş ölən gün, gerçək,

Şəddad yer altına düşdü, deyirlər.

 

Ağ Axund

Cümar kimdi, məhşərdə kim olacaq?

Nə salıbdı, nə hekayət salacaq?

Hansı it nə zaman insan olacaq?

Bilirsənsə, Ağ Axunda cavab ver.

 

Aşıq Nəcəf

Cümar bir ərəbdi, başcıl olacaq,

Qurbanlıqda daşdaşmanı salacaq.

Bir it məhşər günü zənən olacaq,

Nəcəf deyər, ömür puçdu, deyirlər.

 

Ağsaqqallar dedilər: İndi bu dəfə Aşıq Nəcəf qabağa düşəcək. İndi görək Aşıq Nəcəf qabağa düşüb Ağ Axunda nə deyir, Ağ Axund cavab verə bilirmi.

 

Aşıq Nəcəf

Sual verib, cavab alan, Ağ Axund,

Ziyarət evinin dayağı neçə?

Yer altı öküzün neçə gözləri,

Neçə qabırğası, ayağı neçə?

 

Hamı üzünü Ağ Axunda tutdu. Ağ Axund handan-hana dilləndi: – Aşıq, sən de, mən hamısına birdəfəlik cavab verəcəm. Aşıq Nəcəf sözünün gerisini dedi:

 

Məsəbbin, təqlidin salmasın bəsin,

Aşkarı, xəlvəti nədir hər kəsin?

Axund kiriyibsə, molla dillənsin:

Küllü kainatın boyağı neçə?

 

Ağ Axund susmuşdu, Molla Mehdi məclisdən çıxmaq istəyirdi. Nəcəf sözünün tapşırmasını dedi:

 

Nəcəfin üstünə qurmayın bərə,

Ustaddan dərs alıb, bəllidi sirə.

Göydəki ulduzun söyləyin yerə:

Yaxını neçədi, uzağı neçə?

 

Hər yerdən Nəcəfə "Əhsən" söylədilər. Molla Mehdi məclisdən getsə də, Ağ Axund öz yerində sıpıxıb oturmuşdu. Nəcəf heç bir söz deməyib əlini sazın aşıqlarına atıb, sazın kökünü dəyişdi. Ağsaqqallar sözü bir yerə qoydular ki, söhbət heç bir yana çıxmasın. Aşıqlara da tapşırıq verdilər. Ancaq ki, yer qulaqlıydı. Aşıq Nəcəflə Ağ Axundun bağlamaları oba-oba, el-el qanadlanıb dodaqlara qondu, ağızları şirin, könülləri şad elədi. Əzizlərim, bu toydan sonra Nəcəfin şan-şöhrəti dörd bir yana yayıldı, səs-sorağı uzaq-uzaq ellərə müjdə apardı. Xüsusilə Ağ Axundla məşhur deyişməsi dildən-dilə gəzdi, sədası mahalları bürüdü. İş elə gətirdi ki, bu sorağı eşidən, əlinə qələm alan hər bir axund, molla və iddialı aşıq Nəcəfin adını eşidib, üzünü görməsə də, ona bağlamalar yazıb göndərməyə, hərbə-zorba gəlməyə başladı. Nəcəf də meydandan qaçan aşıqlardan deyildi. Gələn hər namənin cavabını layiqincə verdi, heç birini cavabsız qoymadı. Beləcə, Aşıq Nəcəfin sənətkar səsi, ustad nəfəsi gah Mildən, gah Muğandan, gah Qarabağdan, gah da ona doğma olan Gəncə və Qazax mahallarından eşidilməyə başladı.

Aşıq dili yüyrək olar. İllər keçdi, Aşıq Nəcəf beş oğul atası oldu; böyütdü, tərbiyə elədi. Böyük oğlu Şəmiddinə Daşkəndli Cəlilin qızı Ballını, ortancıl oğlu Şəmistana Kəlbəcərin Sarıdaş kəndindən gəlin gətirdi. Ustadı Aşıq Ələsgəri məclisin başında oturtdu. Sənət dostları Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Qiyas sazlara taziyanə vurdular. El-oba gözaydınlığına gəldi. Gülüstan arvad gəlin buyurub-çağırdı, Allaha şükür oxudu. Aşıq Nəcəfin qəlbində hələ neçə belə xoş arzu var idi: Mikayılın, Asdanın, İsmayılın toyunu eləmək. Ellərimiz, obalarımız xoş toyda-düyündə, ürəklərimiz gözəl arzu-diləklərdə olsun, mənim əzizlərim. Bu söhbətimiz burada qalsın.

Qulluğunuza ərz edim ki, min doqquz yüz on səkkizinci il hadisələri başlamışdı, erməni-müsəlman davası getdikcə qızışırdı. Aşıq Nəcəf də həmkəndliləri Məşədi Qasım, Hacı Kərim oğlu Muxtar, Ziyad, İdris, Koralıların Vəlisi, Zorba Məhəmməd və oğlu Şəmistanla birlikdə "Oyuxlu" təpəsində səngər qazıb, yerli əhaliyə basqın edərək kəndləri talayan, el-obaya divan tutan daşnakların quldur dəstələrinə qarşı igidliklə vuruşurdu. Hətta bu döyüşlər zamanı Nəcəf qolundan və sağ bud nahiyəsindən yaralanmışdı da. Yarasını daşkəndli Loğman Səfər bitkilər ilə müalicə edib sağaltmışdı.

O vədə daşnak dəstələrinin Göyçənin müsəlman kəndlərinə hücumu gündən-günə həddi aşmaqdaydı. Həmin vaxtlar Basarkeçər və Çəmbərəkdə Silikov soyadlı zalım bir erməni polkovniki peyda olmuşdu. Erməni daşnak dəstələrinə başçılıq edir, bütün əmrləri o verirdi. Bu hərbi rütbəli yağı, bir neçə il idi ki, özünü Göyçənin hakimi-mütləqi sanır, yerli türk-müsəlman əhalisinə divan tuturdu. Gündən-günə azğınlaşan bu zalım, dinc camaatın güzəranını bir az da çətinə salır; müəyyən şərtlər irəli sürərək atlarına arpa, ordusuna taxıl, mal-heyvan sürüsünə ot tələb edirdi. Silikovun amansız tələbləri dözülməz həddə çatmış, ehtiyac içində boğulan Göyçə camaatını cana doyurmuşdu. Bir yandan da quldur dəstləri ingilislərdən aldığı toplar ilə dağlarda, dərələrdə post qurub kəndlərə hücum edirdi.

Günlərin bir günü Göyçənin ağır oturub batman gələn başbilən igidləri – Zodlu Səməd ağa, Məşədi İsa, Məşədi Allahverdi və Hacı Rəhim baş-başa verib məsləhət-məşvərət etdilər. Dedilər: "Bu zülmə dözmək qeyrətimizə sığmaz, gərək bu zalımı torpağımızdan rədd edək!"

Belə qərara gəldilər ki, Silikova xəbər göndərsinlər, desinlər: "Hücumları dayandır, sən nə istəyirsənsə, biz ona razıyıq". Elə də oldu. Bir neçə kənddə Silikovun "şərəfinə" qonaqlıqlar təşkil etdilər. Sonuncu, tarixi qonaqlıq Zod kəndində hazırlanmışdı. Məqsəd yerli el-obanı cana-boğaza yığan, ingilis topları ilə kəndləri oda qalayan Silikovu aradan götürmək, məzlumların intiqamını almaq idi.

Məşədi İsanın, Səməd ağanın təklifi ilə Göyçənin bir neçə kəndindən qorxu bilməyən, etibarlı, mərd igidlər bu məclisə dəvət olundu. Hər birinə əvvəlcədən qonaqlığın əsl məqsədi bəyan edildi, bütün tədbirlər görüldü. Silikov isə əcəlindən xəbərsiz, öz dəstəsi ilə gəlib məclisin baş tərəfində əyləşmişdi. Hacı Rəhim tövrünü pozmadan, qəlbindəki intiqam alovunu gizləyib məclis boyu həssaslıqla qonaqlığın sonunu gözləyir, bu yağıya vurulacaq son zərbənin hesabını götür-qoy edirdi.

Qonaqlıq yekunlaşdı, məclis başa çatdı. Silikov arxayın, özündənrazı halda Zod kəndinin küçələrində Məşədi İsa ilə gəzintiyə çıxdı. Elə ki Məşədi İsa ilə Silikov gəlib bir uçuq damın yanına yetişdilər, günlərlə gözlədikləri məqamın çatdığını görən, qatarı belində Göyçə igidləri pusqu yerində tüfənglərindəki tətiyi çəkdilər. Atəş açılan anda Məşədi İsa özünü uçuq damın içinə atdı. Uçuq damın çöl tərəfində açılan atəşdən Silikov ağır yaralandı. Bu dəm Zodlu Məcid uzaqdan Silikovun naqanının əlindən düşdüyünü, özünün isə yerə sərildiyini görüb onun üzərinə yeridi. Cəllad Silikov yaralı da olsa, hiyləsindən qalmadı; üzüüstə sürünə-sürünə cəld naqanını götürüb cəsur Məcidi düz ürəyindən nişan aldı. Bu mənzərəni hasarın üstündən seyr edən Hacı Rəhimin qanı damarında od saçdı. Bir göz qırpımında pusquda dayandığı hasarın üstündən qırğı kimi şığıyıb Silikovun sinəsinin üstünə qaya kimi çökdü. Xəncərini qınından sıyırıb əvvəlcə quduz Silikovun Məcidə güllə atan əlini biləkdən, sonra isə murdar başını bədənindən ayırdı. Silikovun kəsilən anda "Nikolay, Nikolay", "arpa, arpa" deyən başını Hacı Rəhim Daşkəndə gətirib Pirnazar oğlu Hasanın itinə yem etdi. Beləcə, Göyçə torpağı bir zalımın zülmündən qurtuldu.

Bu sevinci Göyçə camaatına yaşatdığı üçün yerli ağalar, bəylər Hacı Rəhimə xeyli ənam verdilər. Onu mahalın igid oğlu kimi könüllərində əzizlədilər. Bu hadisədən sonra erməni daşnak dəstələri arasında Hacı Rəhim adı çox məşhurlaşdı. Demək olar, bütün erməni icması onun adını eşitmişdi və onun aradan götürülməsi üçün intiqam hissi ilə alışıb yanırdılar. Silikovun ölümü bütün erməni icmasını yasa batırmışdı.

Dastanı can qulağı ilə dinləyən, əzizlərim, Silikov gəbərib cəhənnəmə vasil olandan sonra, erməni daşnak dəstələri canlarına düşən qorxudan bir müddət geri çəkilməli oldular. Lakin içlərindəki kin-küdurət soyumadı, Göyçənin adlı-sanlı nər igidlərini – Səməd ağanı, Məşədi İsanı, Hacı Rəhimi, qılıncının dalı-qabağı kəsən Kor Tanrıverdini aradan götürmək üçün hiylə toru toxumağa, xain planlar qurmağa başladılar. Sağa-sola car çəkib, qoşunlarının sayını artırdılar; Silikovun qaynı, qan tökməkdə pərgar olan Bolyaniki də özlərinə başçı və ordu komandanı təyin elədilər. Demək olar ki, min doqquz yüz on doqquzuncu ilin ilk aylarından etibarən Bolyanikin quduzlaşmış dəstələrinin kəndlərə hücumunun ardı-arası kəsilmədi, zülm ərşə dirəndi. Bu dar macalda el-oba pərən-pərən düşdü, neçə-neçə kəndin çırağı söndü, yurd-yuvasından canını götürüb qaçan camaat hərəsi bir səmtə üz tutdu. Kimi Kəlbəcərin Göyçəyə yaxın yerlərinə, kimi də Azərbaycanın əmin-amanlıq olan kəndlərinə pənah apardı. Sazı-sözü ilə mahalın dərdi ilə ağlayıb, sevinci ilə gülən Aşıq Nəcəf də vəziyyətin bu cür çətinləşdiyini, yağı tapdağının yaxınlaşdığını görüb, köçünü-külfətini Kəlbəcərin İstibulaq kəndinə – özünəbab, etibarlı bir dostunun ocağına sığışdırdı.

Söz soraqla gəzər. Aşıq Nəcəfin İstibulağa sığındığını eşidən Kor Tanrıverdi xəbər göndərmişdi ki, ay Nəcəf, ermənilər ilə barışıq əldə olunub, ara sakitləşib, köçünü sür, gəl Şişqaya kəndinə. Aşıq Nəcəf də Kor Tanrıverdinin bu sözünə arxayın olub əmisi oğlanları Həsənqulu və Molla Abuzərlə, həmçinin oğlanları Şəmiddin və Şəmistanın külfətini də götürüb, Şişqaya kəndində Hacı Kərimin evinə pənah gətirdi. Çünki Nəcəf elə bilirdi ki, Kor Tanrıverdi kimi, Məşədi Allahverdi kimi sözükeçən, adlı-sanlı kişilərin məskəni olan Şişqayada heç bir bəla, təhlükə ola bilməz.

Camaatın çoxu canını götürüb qaçsa da, külfətini Kəlbəcər ellərinə aşırıb özləri yurd yerində qalan mərd oğullar var idi. Mədət Qocamanoğlu, Məşədi Qasım, Koroğlu Məhəmməd və bir neçə igid, o cümlədən Hacı Rəhim, hələ də Daşkənddə qalıb "görək fələyin çarxı nə cür fırlanır" deyə hadisələrin sonunu gözləyirdilər.

Günlərin bir günü daşkəndli Hacı Rəhim dostu Mədət Qocamanoğlundan bir xəbər eşitdi. Sən demə, Aşıq Nəcəf köçünü İstibulaqdan çəkib Şişqayaya aparıbmış. Erməni xislətinə, yağı hiyləsinə dərindən bələd olan, onların rəhmsizliyini, amansızlığını yaxşı bilən Hacı Rəhim bu xəbəri eşidəndə urfatı pozuldu, bərk mütəəssir oldu. Çünki Hacı Rəhim aqil adam idi, bilirdi ki, ermənilər Silikovun ölümünü Göyçənin adlı-sanlı, sözükeçən adamlarına – nə Səməd ağaya, nə Kor Tanrıverdiyə, nə də məclislər yaraşığı Aşıq Nəcəfə bağışlamayacaqlar. Vaxtı fövtə vermədən oğlu Məcidi hüzuruna çağırıb dedi:

– Ay oğul, ay Məcid, təcili qara kəhəri yəhərlə, min. Qoşabulaq yolu ilə gizlicə get, Şişqayada Aşıq Nəcəfi tapıb mənim bu naməmi, tapşırığımı ona çatdırıb de ki, ayağını torpağa bərk bassın, düşmən toruna düşməsin.

Məcid atası Hacı Rəhimin sözünü ikilətmədi; günəş anasının qoynuna girən kimi qara kəhərin yalmanına yatıb yola rəvan oldu…

Hacı Kərim Hacı Rəhimin də dostu olduğu üçün Məcid atasının dostu kimi Hacı Kərimin evində əvvəllər də çox olmuşdu. Odur ki, pusquya düşməsin deyə gizli dağ yolları ilə gəlib, gecə Şişqayada Hacı Kərimin evinə çatdı.

Aşıq Nəcəf Məcidi görəndə gözlərinə inanmadı. Nəcəf əvvəlcə atın tappıltısına elə bildi gələn ermənilərdir; gəliblər onu da Səməd ağanın, Kor Tanrıverdinin yanına aparsınlar. Sonra görəndə ki, Məciddir, ürəkləndi. Məcid atdan düşüb Aşıq Nəcəflə əltəmən olub hal-əhval tutandan sonra atası Hacı Rəhimin verdiyi naməni Aşıq Nəcəfə çatdırıb, bir azca dincini aldı. Neçə gün idi səksəkə içində yaşayan Aşıq Nəcəfin külfəti Məcidin gəlişiylə özlərində güc və inam tapdılar, ürəkləri açıldı. Düşündülər ki: "Məcid bura gəlib sağ çıxa bilibsə, deməli, biz də buradan sağ-salamat çıxa bilərik".

Aşıq Nəcəfin ömür-gün yoldaşı Gülüstan arvad ocağın üstündə buğlanan əvəlik istisindən bərəkətli bir qab çəkib Məcidə uzatdı. Doğma ana nəvazişi ilə:

– Ay oğul, yorğun-arğın, dar macalda uzaq yoldan gəlibsən. Ac-susuz olarsan, yaxın otur, Allahın verdiyi ruzidən bir qismət kəsib, ürəyini dirçəlt, – dedi.

Əvəlik istisi Məcid əyləşən süfrəyə gəlməkdə, qaşıq da özünü yetirməkdə olsun. İndi görək Hacı Rəhim Nəcəfə nə tapşırmışdı, naməsində nə yazıb, aşıq dostuna nəyi bəyan eyləmişdi:

 

Nəcəf, kəsilibdi o bənd, o bərə,

Amandı, əlini elindən üzmə!

Aşır Kəlbəcərə təzdən köçünü,

Allahın adını dilindən üzmə!

 

Duymurmu gərdişi "gəl" deyən o dil?

Başımız qovğada, bəd gəlib bu il.

Etibar qalmayıb erməniyə, bil,

Silahı, qatarı belindən üzmə!

 

Hacı Rəhim deyər, nə dağ, nə dərə,

Bələdəm səndəki mən hər hünərə.

Köçünü bura sür, ya Kəlbəcərə,

Mənim əllərimi əlindən üzmə!

 

Aşıq Nəcəf Hacı Rəhimin göndərdiyi naməni oxuyub, bərk fikrə getdi. Üzünü Məcidə tutub:

 

– Ay oğul, bizim vəziyyətimiz müşküldür, ümidimiz bir Allaha qalıb, – dedi. Sonra sazını sinəsinə basıb Hacı Rəhimin sözünə cavab olaraq üç bənd şeiri Məcidə nəql elədi. Məcid də vaxt itirmədən aşığın dediyi bu cavabnaməni ağ kağıza köçürüb döş cibinə qoydu. İndi görək Aşıq Nəcəfin Məcidə nəql etdiyi cavabnamə nə məzmunda idi.

 

Hacı, günahlarım bağışlanılmaz,

Eldən ayrı saldı fitnə-fel məni.

Qəzanın dəryası göz önündədir

Aparacaq bax bu daşqın, sel məni.

 

İki gündür Tanrıverdi tutulub,

Səməd ağa zindanlara atılıb.

Bizdən ötrü dar ağacı çatılıb

Kimsəsiztək qoy ağlasın el məni.

 

Nəcəf daha gözünüzdən uzaqdı,

Nur bərq vuran üzünüzdən uzaqdı,

Xoş ləhcəli sözünüzdən uzaqdı,

Bir də dostlar çətin görə, bil məni.

 

Aşıq Nəcəf Məcidə dilcavabı bildirdi ki, Hacı Rəhimə söylə ki, bizim aqibətimiz çox çətindir. Səməd Ağa, Kor Tanrıverdi və onun oğlu Ələkbər iki gündür tutulub, ermənilər hər yanda pusqu qurub, eşitmişəm ki, indi də məni axtarırlar. Özüm tək olsam bir yol tapa bilərəm, amma bu qədər külfət ilə harasa getmək, özünü bilərəkdən güllənin ağzına verməkdir. Günlərdi buradan çıxmaq üçün tədbir yolu fikirləşirəm. Bu gecə görüm köçümü arana tərəf sürə bilirəmmi. Hacıya de ki, sağ-salamat qayıtmasam, məni bağışlasın.

Məcid Aşıq Nəcəflə sağollaşıb qara kəhərin üzgəngisinə ayağını qoyanda, Nəcəfin ürəyindən elə bil tel qırıldı. Başına gələcək bütün müsibətlər ona təzədən ayan oldu. Hiss edirdi ki, bu görüş Məcidlə, əhli-əyalı ilə son görüşüdü. Ürəyində "Allaha pənah" deyib, Məcidə tapşırdı ki, işıqlaşmamış kəndə çat. Ermənilər indi hər yanda pusqu qurub. Məcid Aşıq Nəcəflə halal-hümmət eləyib gecənin gird yarısı yola düşdü.

Məcid Aşıq Nəcəflə xudahafizləşib şiş qayaları ay işığında güzgülənən dağ kəndlərindən keçib Daşkəndə çatmaq istəyirdi. Qoşabulağın örüşündən "Qulağalı" yoluna endiyi vaxt, sağ tərəfdən möhkəm gurultu qopdu. Gurultunun vahiməsindən qara kəhər diksinib iki ayağı üstündə geri addım atdı. Məcidin də bədəni üşəndi. Məcid arxaya baxmaq istəyəndə, gördü ki, aylı gecədə toz muncuq kimi göyə sovrulur. Əlini kürəyinə atanda bildi ki, ermənilərin ingilislərdən alıb atdıqları topun mərmilərinin qəlpəsi ciyərini dağıdıb. Sən demə, ermənilər "Oyuxlu"ynan Qoşabulağın üstünə çıxıb "Quluağalı" yolunu kəsiblərmiş. Məcidin qızıl qırmızı qanı qara kəhəri qan içində çimizdirdi. Halsız Məcidi qara kəhər dan yeri söküləndə son nəfəsində ata evinə – Hacı Rəhimə çatdırdı.

Aşıq Nəcəfin yazdığı cavab məktubu Məcidin cibindən çıxdı. Hacı Rəhim Məcidlə bərabər, Aşıq Nəcəfin bu məktubuna və onun köməksiz halına dərin bir yas tutdu.

Əzizlərim, qulluğunuza ərz edim ki, Aşıq Nəcəfgil Hacı Kərimin evində qalsalar da, tez-tez yerlərini dəyişməli olurdular. Daşnakların axtarışlarından qorunmaq üçün adətən tövlələrdə, uçuq daxmalarda gizlənirdilər. Hasanqulunun, Abuzərin, Şəmiddinin və Şəmistanın ailələri iki-bir, üç-bir bölünərək ayrı-ayrı tövlələrdə iynə üstündə gün keçirirdilər.

Ancaq qəza elə gətirmişdi ki, daşnak dəstələri çoxdan axtardıqları Nəcəfin sorağını Şişqayadan almışdılar. Mərdimazar nə ölüb, nə də öləcək… Xainlər yerli daşnaklara Nəcəfin ailəsi ilə birlikdə sığındığı evi nişan vermişdilər. Daşnaklar gecələr kəndə od vurub, günahsız insanları tövlələrə dolduraraq kütləvi şəkildə yandırırdılar. Uzun müddət idi ki, Nəcəfi axtarıb tapa bilmirdilər, indi isə onu külfəti ilə birlikdə tələyə salmışdılar.

Daşnaklar Şişqaya kəndini oda tutaraq əhaliyə cəhənnəm əzabı yaşadırdılar. Evlərdən yüksələn qara tüstü burum-burum göyə zillənirdi. Od içində yanan insanların, körpələrin ah-naləsindən yer də, göy də qan ağlayırdı. Bütün canlılar – zəncirdə bağlı qalmış itlər, dərələrə səpələnmiş sahibsiz mal-qara, qoyun sürüləri, qurd da, quş da bu müsibətə üsyan edirdi.

Aranın qarışdığını görən Hasanqulu kişi, Molla Abuzər və Aşıq Nəcəfin böyük oğlu Şəmiddin gecə yarısı məqam tapıb saxlanıldıqları tövlənin kərpiclərini sökərək Şişqayanın örüşünə tərəf qaçdılar. Arxalarınca ermənilərin gəldiyini görən Hasanqulu kişi cibindəki qızıl pulları yola səpdi. Acgöz daşnakların başı qaranlıq gecədə ulduz kimi parıldayan qızılları yığmağa qarışdığı andaca Hasanqulu kişigil gözdən itdilər. Onlar kəsə dağ yolları ilə piyada, gecəni gündüzə qataraq Göyçənin və Gədəbəyin sərt gədiklərindən aşıb üz qoydular Şəmşəddin mahalında kirvələri Ələsin evinə.

Hə, əzizlərim, qulluğunuza ərz edim ki, Şişqaya kəndində erməni quldur dəstələri insanları, o cümlədən Molla Abuzərin və Şəmistanın ailəsini tövlələrə doldurub yandırsalar da, Aşıq Nəcəfi və külfətini hələ öldürməmişdilər. Bolyanikin dəstələri Hacı Kərimin evinə basqın edib Aşıq Nəcəfin qollarını bağlayaraq, silahını üstündən götürüb öz atının üstündə sazı ilə birlikdə Tüstülüyə gətirdilər. Arvad-uşağını isə at arabasına mindirərək Tüstülüdə ac-susuz tövlədə saxlayıb, sonda veriləcək qərarı gözlədilər. Sazını Nəcəfin döşündən asıb əmiranə səs ilə dedilər:

– Aşıq, indi bizlərə o toylarda dediyin sözlərdən oxu! Nəcəf baxdı heç yandan buna kömək yoxdu. Üzünü vətəndən əsən küləyə tutdu:

 

Əsən yellər, bir Allahın eşqinə,

Mənim də ərzimi vətənə yetir.

Ümidim, pənahım, qibləgahımdı

Zülmün daşını atana yetir.

 

Qəzadan qürbətə atılıb daşım,

İtib gözlərimdən ömür sirdaşım.

Çox çəkər bəlalar bu yazıq başım,

Zəlillər dadına çatana yetir.

 

Nəcəfin də gözü qalıb sağında,

Tərlan idi, qaldı sar oylağında.

Adı əzbər olan el dodağında,

Fağırlar qolundan tutana yetir.

 

İki gün idi ki, Aşıq Nəcəf oxuyurdu. Nəcəf Tüstülüdə olduğu evin pəncərəsindən baxanda gördü ki, çöldə bir bülbül gül budağının üstünə qonub cəh-cəh vurur. Gülün budağı da əyilib qalxır. Nəcəfin yadına istəkli Gülüstanı, uşaqları düşdü… Bu dəfə qara sazı "Dilqəmi" üstündə köklədi:

 

Yaman yerdə səndən düşdüm aralı,

Günəş üzlü, Gülüstanım, hardasan?

Ürəyim nisgilli, könlüm yaralı,

Qibləgahım, din-imanım, hardasan?

 

Fələk bizə niyə baxdı qıyqacı?

Oldu şirin ağzım zəhərdən acı.

Nə ata-ana var, nə qardaş-bacı,

Tək pənahım, tək gümanım, hardasan?

 

Nəcəfin üzünə qapılar bağlı,

Taleyi qaralı, sinəsi dağlı,

El-oba həsrətli, vətən soraqlı,

Mehribanım, şirin canım, hardasan?

 

Nəcəf gözlərini gəzdirəndə baxdı ki, şişqayalı Kərbəlayı Rəhim də əsirlərin içindədir. Dedi: "Bəlkə, onu buraxdılar, gəl ondan dost-tanışa ürəyinin sözünü, başına gələn müsibəti çatdır". Görək, Aşıq Nəcəf Kərbəlayı Rəhimə nə dedi:

– Biz deyək, siz xoşbəxt olun.

 

Kəblə Rəhim, sən Əsədə deginən,

Bir mənim qeydimə qalsın, ağlasın.

Ellər məclisində, dostlar yanında,

Hərdənbir yadına salsın, ağlasın.

 

Fələk qış eylədi güllü yazımı,

Eşidən ağlayar xoş avazımı.

Sinəsi sədəfli telli sazımı,

Ələsə deginən çalsın, ağlasın.

 

Görünür uzaqdan Daşkənd oylağı,

Məscidli, Taxtayurd, Qiblə bulağı.

Ağmanqan, Nərkeçən, Keytinin dağı

İllər boyu viran qalsın, ağlasın.

 

Özüm yaxındayam, könlüm uzaqda,

Fələk məni nakam qoydu bu vaxtda.

Gəncədə, Şəmkirdə, Tovuz, Qazaxda

Yaralı "Dilqəmi" çalsın, ağlasın.

 

Köhlən at belində gəzdiyim dağlar,

Dumana, çiskinə dözdüyüm dağlar,

Nəcəfəm, əlimi üzdüyüm dağlar

Məni eldən xəbər alsın, ağlasın.

 

Nəcəf dayanmaq bilmirdi, içindəki görünməz alov sazının gümüşü tellərinə köçmüşdü, barmaqları pərdə-pərdə od saçırdı. Qara saz indi Nəcəfin sinəsində dərdini deyə biləcək yeganə həmdəminə çevrilmişdi. Nəcəf telli sazı bu dəfə "Qaytarma" havası üstə köklədi. Başını sazına söykəyib yanıqlı-yanıqlı çalmağa başladı. Gözlərini pəncərədən çölə zilləyərək uzaq yolları, o yollardan gəlib-gedib karvanları seyr etdi. Vaxtilə bu yollarla ziyarətə gedərdilər. Nəcəf astadan dilləndi:

 

Gedən, getmə, məndə gəlim yetirim,

Sən getdiyin Kərbəlaya ərzim var.

Düldülün sahibi, Qəmbər ağası –

Şiri-Yəzdan Murtuzaya ərzim var.

 

Ceyran olub yayxamadım çölləri,

Ördək olub bəzəmədim gölləri.

Fərat kənarında düşən qolları

Qolsuz qalan binəvaya ərzim var.

 

Mən Nəcəfəm, güllələrə hədəfdə,

Gözüm qaldı gərdək bağlı sədəfdə.

Arzumuydu, gedəm, qalam Nəcəfdə

Səcdəgahım bir xudaya ərzim var.

 

Bir həftə keçmişdi. Əsirlərin hamısına od vurub yandırmışdılar. Təkcə Aşıq Nəcəf qalmışdı. Daşnaklar atlandı. Aşıq Nəcəfi də bir at arabasında oturdub, qollarını bağladılar. Çaxırlının altı "Küllü təpə"də daşnaq qoşun dəstələri dayanıb, aşıq Nəcəf üçün qurduqları planı həyata keçirməyə başladılar. Aşıq Nəcəfin qollarını açıb arabadan düşürdülər. Yenidən sazını da döşünə verdilər. Aşıq Nəcəfin bayaqdan ürəyi köksündə quş kimi çırpınırdı. Yol boyu gələ-gələ gözünə doğma kəndi "Tərsə", "Keyti", "Dikpilləkən" yaylaqları dəyirdi. Telli saz ötdü, Nəcəf dilləndi:

 

Xəbər çatsa bu halıma,

Yaylaqların gülü ağlar.

Gözəllərin, göyçəklərin,

Çin-çin olan teli ağlar.

 

Sazın sinəsindən elə bil sızqa bulaq axırdı. Bu, Aşıq Nəcəfin gözlərindən ürəyinə axan qanlı göz yaşlarıydı. Dəstə başçısının arvadı da yanındaydı. Aşıq Nəcəfin köməksiz qalmış miskin halına, bənzərsiz vücuduna, yanıqlı səsinə, avazına o da ağlayırdı. Arvad yalvarırdı ki, bəlkə, Nəcəfi buraxdıra, ancaq onu eşitmirdilər. Aşıq Nəcəf sözünün sonunu oxudu:

 

Çox aşmışam o dikləri,

Şişqayalı gədikləri.

Ataların ürəkləri

Anaların dili ağlar.

 

Arzu böyük, ömür bir an,

Yad əllərdə oldum giryan.

Telli saza mizrab vuran

Sənətkarın əli ağlar.

 

Tale məni tordan asdı,

Allah bilir necə yasdı.

Həm yaralı, həm də yaslı,

Nəcəfi öz eli ağlar.

 

Nəcəfin gözləri bir anlıq dəstə başçısının yanındakılara nəsə işarə etdiyini gördü. Ancaq bu işarənin onun başına nə bəlalar açacağından hələ xəbərsiz idi. Bu dəfə qara gününün dayağı olan qara sazını sinəsinə basıb "Yanıq Kərəmi" üstündə dilləndirib görək nə dedi:

 

Könül quşu, uç, get vətən elinə,

Mənə o ellərdən bir xəbər gətir.

Yetir əhvalımı nər igidlərə,

Qasımı, Ziyadı bir təhər gətir.

 

Görsən nalə çəkir çarəsiz ana,

Denən ki, ömrü getdi bəd-fəna.

Qoy düşmən gülləsi dəyməsin mana,

Daşkənddən içməyə bir zəhər gətir.

 

Nəcəf bilmir harda qaldı Gülüstan,

Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.

İsmayıl körpəydi, çıxmadı yasdan,

Xudam, sən üzünə xoş səhər gətir.

 

Nəcəf üçün qurulmuş bu ölüm ssenarisinə erməni komandirləri Alobyan və Bolyanik başçılıq edirdi. Erməni komandir Bolyanik dedi:

– "Ərə, elə bu aşuq asma oğlanlarını görmək istəyir. Gedin onları da gətirin". Üç erməni atlısı Tüstülü tərəfə yola düşdü. Nəcəfin ürəyi, köksündə buludları yaran ildırıma dönmüşdü. Əlacsız-əlacsız başını saza söykəyib çaldıqca altdan-altdan atlılar gedən səmtə baxıb, ürəyində dedi: "Gəl, komandirə bir-iki kəlmə söz de, adını çək, bəlkə, insafa gələ".

Odur ki, Nəcəf götürüb belə dedi:

 

Səni də, məni də Allah yaradıb,

Gəl baş endir yaradana, Bolyanik.

Vermə mənə bu zülmü, sitəmi,

Batmagınan nahaq qana, Bolyanik.

 

Birdi bizdə "Allah", sizdə "Astıvas",

Adəmdi kökümüz, bilginən sərras.

Bizdə məscid, sizdə kilsə bir əsas,

Səcdə qıllıq o peymana, Bolyanik.

 

Dərd əhliyəm, çətin qəlbim kiriyər,

Tale məni çox sitəmə sürüyər.

Harayıma neçə ellər yeriyər,

Ahım çatsa, o məkana, Bolyanik.

 

Ancaq ki, Nəcəfin gözləri Tüstülü tərəfə dikilmişdi. Gördü ki, oğlanları Şəmistan, Mikayıl sinələri açıq, əlləri arxadan bağlı bayaq göndərilmiş atlının qabağında gəlirlər. O biri atlının atının döşündə Asdanla körpə İsmayılın bağrı yarılıb. Torpağın üstünə uzanıblar. Erməni gavur da onları atına tapdaladır. Nəcəfin dünya başına fırlandı, gözündən qanlı yaşlar axıtdı. İstədi irəli yeriyə, qoymadılar! Görək Aşıq Nəcəf oğlanlarının bu müsibətli halını görüb nə dedi:

 

Təzə-təzə göz açmışdıq dünyaya,

Nə gün gördük, dövran sürdük, ay oğul?

Şükür qıldıq, bağban olduq, bağ əkdik,

Xəzan vurdu, heç nə dərdik, ay oğul.

 

Hanı gəlinlərim, hanı Gülüstan?

Soldu saldığımız bağça, bağ, bostan.

Ayrı düşdük neçə qohumdan, dostdan,

Ömrü bada yaman verdik, ay oğul.

 

Qismət olsun, ölək qiblə yönündə,

Təqlid müctəhiddə, imam dinində.

Zalım yedəyində, gavur önündə,

Məhşəri ölməmiş gördük, ay oğul.

 

Şəhid oldu körpə Asdan, İsmayıl,

Fələk bəxtimizi yazıbmış zayıl.

Nəcəfəm, hər dərdə biz olduq qail,

Can evinə dərdli girdik, ay oğul.

 

Şəmistanı, Mikayılı gətirib, qolları bağlı Aşıq Nəcəflə arxa-arxaya dayandırdılar. İmkan vermədilər ki, ata və oğulları bir-birinin üzünü görsünlər. Bir böyük çala qazıb, üç qardaşı ayaq-baş, qolları bağlı-bağlı çalaya uzatdılar və üstlərini torpaqladılar. Aşıq Nəcəf bu müsibəti gözləri ilə görməsə də, bütün əzası ilə hiss edir; vücudu qəm-qüssənin alovunda tonqal kimi yanmaqda idi. Nəcəfin düşmən əlində çar-naçar qaldığı vaxtda bədənindəki bütün duyğu orqanları bu amansız müsibətə üsyan edirdi. Qolları bağlı olmasaydı, öz əlləri ilə çırpınan ürəyini köksündən, görən gözlərini isə hədəqəsindən çıxarardı.

Dəstə atlanmaq istəyirdi. Aşıq Nəcəfin sazını döşündən aldılar. Silahlar Aşıq Nəcəfə tuşlandı. Dəstə başçısının arvadı irəli yeridi:

– İnsafınız olsun, adam da heç belə aşığı öldürərmi?! Onu mənə bağışlayın! – dedi. Başcıl irəli yeriyib düz arvadının qənşərinə gəldi. Bir anda naqan susana qədər gülləni arvadının ürəyinə boşaltdı ki, niyə məndən türk aşığının xahişini edir. Artıq Nəcəfin bu ümiddən də əli üzüldü. Gördü ki, daha bunun da ölüm vaxtı çatıb, üzünü vətənə sarı tutub bir bayatı çəkdi:

 

El gəlsin, an üstəyəm,

Gedirəm, kan üstəyəm,

Nə çəkilməz dərddi bu –

Yaram yox, can üstəyəm.

 

Samovar ortada qayır-qayır qaynayırdı. Əvvəl Nəcəfin durnaboğazlı qara sazını qırıb samovara doldurdular. Sonra da odlu samovarı Nəcəfin kürəyinə doğma balası kimi şəlləyib, quldur erməni dəstələri hadisəni maraqla izləməyə başladılar. Nəcəfin kürəyi samovarın alovunu canına çəkdiyi anda bədəniylə birgə samovar da bir neçə yerindən deşildi. Zalımlar insanlığın görmədiyi müsibətlə Aşıq Nəcəfi – bir el nəğməkarını cismani olaraq öldürdülər. Aşıq Nəcəfi öldürsələr də, onun misilsiz şəxsiyyəti, bənzərsiz səsi, qaçaqlığı, qoçaqlığı tarixin əbədi yaddaşına yazıldı. Qədim Azərbaycan ellərində, Göyçədə, Daşkənd kəndində barmağı pərdə tutub, mizrab vuran neçə-neçə Nəcəflər doğuldu, böyüdü, onun ömür-gün yollarına nəzər saldı. Aşıq Nəcəfin adını tarixlərdən oxudu, sorağını sənət meydanlarından aldı. Qoşmasını, gəraylısını sinədəftər elədi. Oxuyub adıyla zinətləndirdiyi "Nəcəfi" havası saz-söz məclislərinin bəzəyinə çevrildi. Aşıq Nəcəfin sənətinə, igidliyinə qoşmalar qoşuldu, dastanlar yazıldı.

Aşıq Nəcəfin həmkəndlisi şair Sərraf Şiruyə də öz müxəmməsində el qəhrəmanı, səs sərkərdəsi, şəhid Aşıq Nəcəfi bax beləcə nəzmə çəkib, aləmə bəyan elədi:

 

Əzəl gündən öz meylini

Həqiqətə saldı Nəcəf.

Hey gördükcə haqsızlığı,

Xəyallara daldı Nəcəf.

Gavurların gözlərinə

Qanlı bıçaq oldu Nəcəf.

Ara qatan mollaları

İlan kimi çaldı Nəcəf.

Pir ustaddan dərsin alıb,

Telli sazı çaldı Nəcəf.

 

Gözəlliyə aşiq olub

Həqiqətə "can" dedi o.

Qananlara baş endirdi,

Qanmazlara "qan" dedi o.

Cəhalətdə yatanlara,

"Qəflətdən oyan" dedi o.

Öz eşqinin yollarında,

Yanmayana "yan" dedi o.

Ustadların məclisində

"Sədd-afərin" aldı Nəcəf.

 

Heç vaxt qorxub çəkinmədi,

Nə ağadan, nə paşadan.

Pak-parlaq amalı oldu

Onu həyatda yaşadan.

Ələsgərin şəyirditək

Çox çıxdı alovdan, oddan.

Qərinələr ötüb keçsə,

Silinməz zil səsi yaddan.

Sənətinin nəhəngitək

Həyata iz saldı Nəcəf.

 

Baş endirib, baş endirir

Ustada Sərraf Şiruyə.

Düz peymana, saf ilqara,

Pak ada Sərraf Şiruyə.

Çox görüb, çox eşidibdi

Qan-qada Sərraf Şiruyə.

Soraqladı yaxşıları

DünyadaSərraf Şiruyə.

Tarixlərə həkkolunub,

Ürəklərdə qaldı Nəcəf.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2026)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.