İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb.
Vidadi Əliyev barədə danışıram. O, Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988–2000-ci illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.
"Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A. Makayonok), "Əkizlər" (P. Paçev), "Qısqanc ürəklər" (M. Haqverdiyev), "Təklif" (A. P. Çexov), "Oğru" (M. Birkiyev) və s. 1988-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.
"1400 dəfədən çox oynanılan tamaşa"
Moskva şəhərində Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili aldıqdan sonra, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. "Mənim qayınanam" (G. Xuqayev) (bu tamaşa 1400 dəfədən çox oynanılıb), "3 kişi, 1 qız, 1 gecə" (T. Saakov), "Nəsrəddin" (Y. Əzimzadə, 1980), "Məhəbbət yaşayır hələ" (Hidayət, 1980) kimi tamaşalara verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verirdi.
İşində əsas gücü aktyor ifasına verən V. Əliyev, maraqlı və təkrarolunmaz yozumları ilə böyük rəğbət qazanan tamaşalar yaradırdı. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər və realistcəsinə poetik ifadələr verilir. Rejissor Nəsir Sadıqzadənin tələbəsi V. Əliyev ondan səhnə üçün mühüm olan ifa səmimiyyətinin əldə olunmasının sirrini öyrənib. Səhnə sadəliyinə, məkan genişliyinə üstünlük verən rejissor V. Əliyev, novatorluq axtarışlarını cəsarətlə səhnəyə gətirib
"Aktyorsuz, binasız qazanılan uğurlar…"
Simvolizmə böyük üstünlük verən rejissor, qurduğu tamaşaların simvolik obrazı kimi hansısa ifadə vasitələrindən (dekordan, musiqidən) istifadə edib, onu obraz kimi təqdim edib.Onun böyük uğuru kimi səhnə dilinin sadələşdirilməsi, adiləşdirilməsi uğrunda atdığı addımları qeyd etmək lazımdır. Səhnədə başqalaşmanı psixoloji çalarlarla, inandırıcılıqla gerçəkləşdirməyi aktyora təlqin edən rejissor, adi danışığı ciddi təkidlə tələb edib.
Onun quruluşlarında aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb sadə, səmimi və inandırıcı şəkildə ifa sərgiləyib. Bu cəhətlərinə görə onun quruluşları uğurlu alınıb. Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988–2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görən Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların gətirilməsi sahəsində ciddi cəhdlə çalışıb.
Öncə Mar Bayciyevin "Ər və arvad", Georgi Xuqayevin "Mənim qayınanam", Panço Pançevin "Əkizlərin nağılı", Yusif Əzimzadənin "Nəsrəddin" əsərləri əsasında qurulmuş tamaşaları bərpa edən rejissor, teatrın məhdud aktyor heyəti olmasını (teatra cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın heç bir texniki bazasının olmamasını nəzərə alaraq, səyyar göstəriyə yararlı və az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalıb. Onu da demək lazımdır ki, bu gün də, respublika teatrları içərisində ən az ştatı olan teatr məhz İrəvan teatrıdır.
Təbrizi titrədən yozum
Bütün bu çətinliklərə baxmayaraq, Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışıb. Rejissor dönəm üçün müasir olan Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" pyesinə quruluş verib. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, dini, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işlənib.
Rejissor şəhidlərimiz olan İlqarla Larisanın arzularını, milli-mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orijinal yozumla təqdim edib. Vidadi Əliyev bu obrazların psixoloji durumlarını, yaşantılarını çevik, sadə mizanlarla çatdırıb. Mərdan və Sənəm obrazlarının çalarları, koloritliyi ustalıqla işləndi və tamaşanın ümumi kompozisiyası ilə uyğunlaşdırılıb. Onun yozumunda dövrün ziddiyyətlərinin bədii inikası qabarıq duyulur.
Bir tərəfdə dininə, milli dəyərlərə qayıtmaq, hürr yaşamaq istəyən xalq, bir tərəfdə isə bu xalqı əsarətdə saxlayan imperiya və onun cəza mexanizmini hərəkətə gətirən məmurlar, əsgərlər. Bütün tamaşa boyu bu ziddiyyət inkişaf etdirilib və toqquşma anı yüksək bədiiliklə çatdırılıb. Əli silahlı əsgərlər günahsız insanları öldürüb, növbə anaya çatanda, o, oğlu İlqarın köksündə qana bulaşmış Quranı qoparıb onu hədəfə alan əsgərin üzünə tutub.
Epizod xalqın iradəsinin, inancının qələbəsi simvoluna çevrilib. Bu olaylardan keçən hər bir obrazın mənəvi xüsusiyyətləri aydın şəkildə göstərilir. Azadlıq savaşı hər bir qəhrəmanın taleyindən keçib. Kiminin şəhidlik zirvəsinə ucalmasına, kiminin azad yaşamasına, kiminin əbədi cəhənnəm odunda qovrulmasına gətirib çıxarıb.
Filmoqrafiya
- Ailə — İsmayılın qohumu
- Bayquş gələndə... (film, 1978)
- Bəsdir, ağlama! (film, 1999)
- Bulağıstan (film, 2009)
- Cavid ömrü (film, 2007)
- Dayanacaq (film, 2009)
- Doğma sahillər (film, 1989)
Teatr fəaliyyəti
Rejissor kimi
- "Ər və Arvad" (Mar Bayciyev. 1980)
- "Mənim qayınanam" (Georgi Xuqayev. 1980)
- "Əkizlərin nağılı" (Panço Pançev. 1980)
- "Nəsrəddin" (Yusif Əzimzadə. 1991)
- "Allah onlara rəhmət eləsin" (Süleyman Rəşidi. 1993)
- "Dəli Domrul" (Aydın Haqqarar. 1994)
- "Madam Badam" (Vidadi Əliyev. 1994)
- "Abbasqulu bəy Şadlınski" (İnqilab Vəlizadə. 1996)
Aktyor kimi
- Balaş («Sevil» Cəfər Cabbarlı)
- Yaşar («Yaşar» Cəfər Cabbarlı)
- Bəhram («Solğun çiçəklər» Cəfər Cabbarlı)
- Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah»,Mirzə Fətəli Axundzadə)
- Xan («Lənkəran xanının vəziri», Mirzə Fətəli Axundzadə)
- Areluizi («İki ağanın bir nökəri», Karlo Haldoni)
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 31 iyul 2019
- "Teatr Xadimi" qızıl medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 2007
- "Tərəqqi" medalı — 25 iyun 2013
- "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)


