Həm elmi, həm ədəbi, həm türkoloji fəaliyyət Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Almaz Ülvi adı çoxunuza tanışdır. Elmi, ədəbi, türkoloji fəaliyyəti daim gündəmdədir. Onu həm də 20 yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi olaraq tanıyırlar.

 

Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində ziyalı-müəllim ailəsində doğulub. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlayıb və Bakı Dövlət Universitetində ali təhsil alıb. 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Əmək fəaliyyətinə xalçaçılıqla başlayıb.

9-10-cu siniflərdən, daha sonra isə təhsilini qiyabi davam etdirərək Basarkeçər rayonunda fəaliyyət göstərən “Ayqorq” xalça fabrikində onlarla xalça toxuyub təhvil verib, toxuduğu xalçalar Almaniyaya eksport mal kimi fabrik tərəfindən ixrac olunub. 1980-ci ildə (aprel) III kursda təhsil alarkən doğulduğu kənddə məktəbə işə qəbul edilib. 1984-cü ildə universitetin son kursunda diplom işi olaraq “Nəbi Xəzri” adlı şəxsi biblioqrafiya tərtib edib.

 Bu əməyi yüksək qiymətləndirilərək Bakı şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasında işə dəvət edilib. Kitabxanada keçirilən tədbirlər barədə “Bakı” və “Baku”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində informasiya yazıları, kitabxananın fəal əməkdaşları haqqında irihəcmli məqalələri dərc etdirir.

1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir.

25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb.

1988-ci ildə Qarabağ hadisələri başladı. Həmin ilin dekabr ayında bütün Qərbi Azərbaycanlılar kimi, onun da ailəsi öz doğma yurdundan, evindən didərgin edildilər. 1990-ci il 20 Yanvar hadisələri zamanı Almaz Binnətovanın ailəsində faciə baş verdi. Ailənin ilk oğul nəvəsi, tələbə-şair Ülvi Bünyadzadə - Almaz xanımın qardaşı Yusifin böyük oğlu şəhid olub.

Bu hadisə sonra uzun zaman bütün yazılarını ancaq Ülvi Bünyadzadəyə həsr eləyib. Onun şeirlərini, hekayələrini, əsgərlik vaxtı göndərdiyi məktublarını, “And”ını çalışdığı “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdi. Az sonra Ülvi adını yaşatmaq üçün Almaz Ülvi imzası yazıları göründü, artıq ötən 35 ildə Almaz Ülvi ilə yazır. 1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" yaradıb.

Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Ülvi duyğularım" (55 səh.), "Bir ölümün acığına" (256 səh.), "Ömrüm sənin eşqindi" (256 səh.), "Sənin oxşarın bənövşədi" (495 səh.), "Ömür yolu (poema 2 dildə), "Ömür yolu (poema 5 dildə) kitabların, eləcə də bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir.

Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, xalq şairi Nəriman Həsənzadə mətbuatda tez-tez məqalələri dərc olunan Almaz Binnətovanı həmin qəzetə işə dəvət edib, beləliklə, 1987-1994-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1994-1997-ci illərdə Dövlət Əmlak Komitəsinin mətbuat katibi, 1997-2017-ci illərdə isə “Xalq qəzeti”nin “Ədəbiyyat və mədəniyyət” şöbəsində müxbir kimi fəaliyyət göstərib.

Eyni zamanda, 1995-ci ildən bu günə qədər AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, baş elmi işçi olmuş, hazırda “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri vəzifəsində (2016, şöbənin yarandığı vaxtdan) çalışır. 1995-98-ci illərdə və 2017-ci ildən hal-hazıra kimi Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsində müəllimə kimi fəaliyyət göstərir.

 

Kitabları

- "Almaz Ülvi. Poeziyada milli-azadlıq duyğuları" (Məmməd Araz, Xəlil Rza Ulutürk və Ülvi Bünyadzadənin yaradıcılıqları əsasında)

- "Almaz Ülvi. Ülviləşən Ülvim" (Şəhid-şair Ülvi Bünyadzadə haqqında mətbuatda dərc edilmiş məqalələr)

- "Almaz Ülvi. Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı: Heydər Əliyevin Azərbaycan ədəbiyyatına böyük qayğısından, himayədarlığından bəhs olunur) / Red: Nazim Süleymanov

- "Almaz Ülvi. Müharibə ağrılarım. Sənədli publisistik düşüncələr, ədəbi qeydlər" — I kitab / Red: Nazim Süleymanov

 

Məqalələri

- Göylər təki sevgili

- Azərbaycanına pərvanə vurğunluğu ilə yanan oğul

- Onu xatırlayanda çöhrələrə təbəssüm qonur

- Heç demirsən, Ələsgərim hardadı?

- Əfsanə ulduzlu Daşkənd

 

Mükafatları

1. Özbəkistan Respublikası Prezidentinin Fərmanı ilə “Dostluq” ordeni

2. “Aşıq Ələsgər – 200” qızıl medalı

3. TÜRKSOY-un “Məhtimqulu Fəraqi -300” medalı

4. "Xalqlar dostluğu” medalı (Qazaxıstan, 2021)

5. Beynəlxalq Türk Akademiyasının “Gümüş medalı” (Astana, 2022)

6. “Dünya türk istedadları” medalı (Bişkek, 2021)

7. “Qırğız Akın-Yazıçıları” medalı

8. “Əlişir Nəvai” medalı (Özbəkistan, 2022)

9. “Əhməd Yəsəvi” qızıl medalı (Almatı, 2023)

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.