Sinəsində yeddi oğul dağı gəzdirən aşıq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan aşıq sənətinin Məkkəsi, Mədinəsi hesab edilən Göyçə mahalı. Aşıq Ələsgərlər, Aşıq Alılar yetişdirən bir ocaq. Bu ocaqdan çıxan bir ad da var - Xəstə Bayraməli.

 

Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.

Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb.

 O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyub.

Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub.

Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb. 1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illər ərzində öz populyarlığını saxlayır.

 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub. 2008-ci ildə "Nərgiz" (Bakı) nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.

Bunlardan əvvəl və sonra da bir çox almanaxlarda şairin əsərləri özünəməxsus yer tutub. Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.

1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib. 14 aprel 1995-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilib.

 

Kitabları

- Mənim Göyçəm

- Mənim Göyçəm (fars əlifbası ilə)

- Mən ulu Göyçəmin şair oğluyam (şeirlər) (Toplayanı və tərtib edəni: Maşallah Xudubəyli)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.