İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tanınmayan tanınmışlar rubrikasında haqqında danışdığım şəxs jurnalistikamızın çox parlaq bir imzası olub. Xatırlamalı və yada salmalıyıq bu cür fədakar insanları.
Bu gün nasir, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Nəcəfovanın doğum günüdür.
O, 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlayan Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində, "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, daha sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb.
"Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Sonradan təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak edib. Ramiz Əliyarov ilə ailə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.
Svetlana xanım Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilib.
İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olub. ABŞ-nin "kim kimdir?" nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerq və hekayələri dövri mətbuatda dərc olunub.
Kitabları
- Qırmızı qalstuklar klubu
- Ömrə sevinc gətirənlər
- Hər ömür nəğmədir
- Biz beynəlmiləlçilərik
- Onun taleyi
- Azərbaycanın qeyri-hökumət qadın təşkilatları
Mükafatları
Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilən Svetlana xanım 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Qızıl Qələm", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali media və s. mükafatlarına layiq görülüb.
O, 16.05.2021-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)


