İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2023-cü ilin 22 mart tarixində yeni Bakı-Saray-Novxanı yolunda "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşdı. Avtomobili idarə edən 54 yaşlı Azərbaycan teatrının, televiziyasının, şou-biznesinin görkəmli nümayəndəsi Oqtay Əliyev vəfat etdi. Avtomobildə olan xalq artisti Mehriban Zəki və mərhumun həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər aldılar...
Oqtay Əliyev həqiqətən də sənətində ad eləmişdi, gözəl layihələrlə daim gündəmdəydi. Bu gün xüsusi gündür, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin doğum günüdür.
Oqtay Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil alıb. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
"Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.
Müəllif və Baş prodüser kimi
1. Həftə çal-çağırı
2. İşdən sonra
3. Zarafatyana
4. Çal-çağır
5. Qırmızı xətt
6. Qərib filmlər
7. Yeni ulduz (Pop idol) beynəlxalq musiqi yarışması
8. Xalq ulduzu milli musiqi yarışması
9. Kim kimdir? (İntuition) beynəlxalq layihə
10. Çal-çağır şou
11. Burada və indi
12. Yalan doğru (Detector show) beynəlxalq layihə
13. Zəhmətkeş ulduzlar
14. Gülmək qadağandır
15. Yuxunuz şirin olsun
16. Cehiz
1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti olub. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.06.2026)


