İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yenə Qərbi Azərbaycanımızın ziyalılarından danışırıq. Ermənistan (əslində Qərbi Azərbaycan) SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri Əkbər Yeravanlı (əslində İrəvanlı) barədədir söhbətimiz.
O, 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirib. İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlayıb, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləyib.
1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olub, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olub. 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib.
Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparıb, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası", "Cəlil Məmmədquluzadə və erməni xalqı", "Nəsimi", "Xatabala" jurnalı Azərbaycan haqqında" kitabları çap olunub.
Unutmayın – bu elə bir dövr idi ki, eyni ölkədə yaşayırdıq, “Kür, Araz, Ararat, gözəldir bu həyat” mahnısı oxuyurduq.
İrəvan şəhərindəƏkbər Yeravanlının Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri", "M. Ə. Sabir və erməni xalqı", "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı", "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunub.
Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunub. Cəfakeş tədqiqatçı, nasir, dramaturq Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat edib, valideynlərinin yanında dəfn olunub.
Əsərləri
Ədəbi
Mənim günəşli ölkəm
Gözəllik və səadət nəğmələri
Azadə
Yay gecəsində
Qəlbimin çırağı
Yeddinci övladın anası (rus. Мать седьмого ребенка)
Elmi
1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası
2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri.
3. M. Ə. Sabir və erməni xalqı
4. Cəlil Məmmədquluzadə və erməni xalqı
5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər)
6. Nəsimi
7. "Xatabala" jurnalı Azərbaycan haqqında
8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı.
9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı
10. Yunis Nuri.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


