Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qərbi Azərbaycanımız yağı əllərindədir, bu səbəbdən də o torpaqlarda dünyaya gəlmiş hər bir tanınmış şəxs indi bizim üçün Vətənimizin bir parçası deməkdir, bizim üçün Qərbi Azərbaycan deməkdr...
İyunun 13-də İstanbuldan gələn xəbər Azərbaycan ictimaiyyətini sarsıtdı. Mədəniyyətimizə və ictimai fikrə həqiqətən də şox ağır itki üz vermişdi. Görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi, dünyaya Qərbi Azərbaycanda göz açmış Hidayət Orucovun ömrünün 82-ci ilində vəfatı xəbərini eşitdik.
Tərcümeyi-halını nə qədər qısaltmaq istəsək, yalnız ən əhəmiyyətli məqamlardan bəhs etsək belə yenə də upuzun bir sadalama alınır. Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Mehri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb. Hidayət Orucov 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsrlər ədəbiyyatımızı tədris edib. Və erməni millətçiliyinin tüğyan etdiyi bir zamanda bu vəzifələri daşımaq, Qərbi Azərbaycandakı soydaşlarımıza, dilimizə, milli ləyaqətimizə xidmət etmək, razılaşın ki, olduqca çətin bir missiya idi.
1984-1986-cı illərdə Nidayət Orucov Bakıda "Gənclik" nəşriyyatının baş redaktor müavini və baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyası işıq üzü görüb.
Bundan əlavə, 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ xalqları ədəbiyyatı" və digər mühüm seriyaların nəşrinə başlanılıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.
Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.
Yazıçının poeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60-dan çox kitabı nəşr olunub. Müəllifin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub. Xüsusən, “İrəvanda xal qalmadı” tamaşasının uğuru barədə geniş danışmaq olar.
Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi" fəxri adına, “Şöhrət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.
Mən onun barəsində görkəmli şəxslərin söylədikləri fikirlərə göz yetirəndə Xalq yazıçısı Sabir Rüstəmxanlının öz sosial media hesabında yazdığı sözlərdə ilişib qaldım. Məncə, Hidayət Orucovun həyat kredosu və bu itkinin ağırlığı barədə Sabir bəyin yazdıqlarını ümumiləşdirmə hesab edə bilərik:
“Bir az öncə ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim, əziz dostum Hidayətin ölüm xəbərini aldım və sarsıldım. İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim. Universitetə eyni vaxtda qəbul olunmuş, bir il yataqxanada bir otaqda qalmışdıq. Sonra o, qiyabiyə dəyişilib İrəvana qayıtmış, qəzetdə işləmiş, uzun müddət İrəvan Azərbaycan teatrının direktoru olmuşdu.
İrəvanda ondan ucaboylu adam yox idi. Orada daim Azərbaycanın bir parçası kimi, mərdliklə, çinar qüruruyla yaşadı, yazdı, kitablar nəşr etdirdi, əsərləri tamaşaya qoyuldu. Bakıya köçdükdən sonra da dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda yorulmadan çalışdı; yüksək vəzifələrdə işlədi, fədakar, təmiz, xeyirxah bir insan kimi, millət aşiqi olan bir ziyalı kimi sevildi; diplomat fəaliyyətində Azərbaycan respublikasını ləyaqətlə təmsil etdi. Amma harada yaşasa da şeirləri daim darıxırdı-Meğri üçün, Zəngəzur və Qərbi Azərbaycan üçün… Onun əsərləri də, xatirəsi də daim yaşayacaqdır. Ruhu şad olsun…”
Qeyd etdik, Hidayət Orucov Hidayət imzasıyla çox gözəl şeirlər yazıbdır. Onlardan birini – “Azərbaycan şeiri”ni xüsusən bəyənirəm. 1969-cu ildə Göyçədə yazılan bu şeirlə sizləri baş-başa qoymaq istəyirəm. O vaxt Hidayət Orucovun cəmi 25 yaşı var idi.
Yazıma başlığı da elə həmin şeirin son bəndindən seçmişəm.
Azərbaycan şeiri
Sənin nə qəribə kainatın var –
Bir gözün nəşəli, bir gözün nəmli.
Sənin nə qəribə bir həyatın var, –
Nəsimi sitəmli, Füzuli qəmli.
Yadlar çoxlarının adını pozub –
Bu dərdə dözməyə qəlbim dağ olub.
Belə yaraları ovutmaq üçün
Yaxşı ki, Nizami, Vaqif doğulub!
Məzlum olmayıbdır adın dünyada,
Hələ bu meydanda döyüşlərin var.
Dərdindən-qəmindən danışanda da
Sabir qəhqəhəli gülüşlərin var.
Dəryasan, şairlər – mirvarilərin,
Eli düşünüblər, eli anıblar.
Alovlu Müşfiqin, Vurğunun sənin
Min sözü qoynunda damla sanıblar.
Kimin ki, inləyən bir nəğməsi var,
Ona öz iniltim, yaram demişəm!
Şairsiz obaya, şersiz ömrə
Günəşi, torpağı haram demişəm!
...Ən gözəl şeirlər – ilk yaz çəməni...
Hər gün o çəməndə dinləyin məni.
Laylayla beşikdə böyüdüm, dostlar,
Dünyadan şeirlə götürün məni!..
“Ədəbiyyat və incəsənət”
(16.06.2026)


