İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdə Hüseyn Seyidzadənin 28 yaşı var idi, əslən Qərbi Azərbaycandan olan bu istedadlı gəncin ürəyi Azərbaycan kinosuna yeni şedevrlər bəxş etmək üçün riqqətlə döyünürdü. O dövrdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini də hər adam bitirə bilməzdi...
Ali təhsil aldıqdan sonra azərbaycanlıların min bir tələyə salınıb sıxışdırıldığı doğma İrəvanına qayıtmadı, xeyli əvvəl əmək fəaliyyətinə başladığı Bakıya getdi, "Azərbaycanfilm" kinostudiyasında işləməyə başaldı, 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq etdi. Sonra o, daha böyük hədəflər naminə Leninqrada (indiki Sankt-Peterburq-red.) getdi, Kuleşov və kino əfsanəsi Eyzenşteynin rejissorluq emalatxanasında, "Lenfilm", "Mosfilm", Maksim Qorki adına kinostudiyada təcrübə keçdi, öz peşəsini təkmilləşdirdi...
Rejissor Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda anadan olub. Görkəmli dövlət xadimi Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlayıb, sonra fəhlə teatrına daxil olub, aktyor köməkçisi kimi fəaliyyət göstərib. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olub. Sonra da, qeyd etdiyim kimi, Ümumittifaq Kinematoqrafiya İnstitutu.
Böyük Vətən Müharibəsi Hüseyn Seyidzadənin də arzularına çəpər çəkdi. Mövzular yalnız müharibə, vətənpərvərlik, əmək rəşadəti olamlıydı. 1943-cü ildə o, rejissor Niyazi Bədəlovla birgə “Ayna” adlı çəkməyə başaldı. Film bizə məlum olmayan səbəblərdən yarımçıq dayandırıldı. Bundan sonra yarımçıq qalan materiallardan istifadə edərək müharibə mövzusunda yeni bir film çəkdilər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan bu film müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açırdı və "Sovqat" adlanırdı. Baş rolu Leyla Bədirbəyli ifa etdi.
Ta ki, 1953-cü ilə kimi rejissor öz saatını gözlədi. Həmin il kinostudiyada "Doğma xalqıma" bədii-sənədli filminin istehsalı başladı. Filmin quruluşu rejissor Yan Fridə tapşırılmışdı. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra Hüseyn Seyidzadəyə də Yan Fridlə birgə bu filmi çəkməyə icazə verildi. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxıldı. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olundu. H. Seyidzadənin çəkdiyi "O olmasın, bu olsun" filmi isə Azərbaycan kinosunda bir inqilab olub.
1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Film dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırılmışdı. Bununla da "O olmasın, bu olsun" Hüseyn Seyidzadəyənin quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil oldu.
"O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilib. Əlbət ki, sovet ideologiyasının öz məansız və taftaloji qanunları vardı ki, bunları mədəniyyətə də şamil edirdilər. Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi.
Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" olub. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.
Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı "Dəli Kür" ssenarisini ekranlaşdırıldı. Bu film onun şöhrətinə şöhrət qatdı. Moskva senzurası bəzi kadrlarda millətçilik izləri görüb kəssə belə film möhtəşəm alındı. Ardınca isə növbəti şedevrlər sıraya düzləndi - "Yenilməz batalyon" (1965), "Koroğlu" (1960), "Qayınana" (1978) bədii filmləri H. Seyidzadənin ən yaxşı rejissor işlərindəndir.
O, 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Hüseyn Seyidzadə mübariz sənətkar olub. O, sözünü açıq deməyi xoşlayırdı. Haqsızlığı sevməz, sənət buxovlarını qəbul etməzdi, buna görə də daim təqib edilir, incidilirdi. Tapdığı ürək xəstəliyi də bu səbəbdən idi. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Lakin ölümü ilə əlaqədar bu baş tutmur. Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından olub. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir.
Filmoqrafiya
1. Bakılılar (film, 1938)
2. Bir ailə (film, 1943)
3. Bütün qadağaların fövqündə (film, 2002)
4. Dəli Kür (film, 1969)
5. Doğma xalqıma (film, 1954)
6. Əbədi odlar ölkəsi (film, 1945)
7. Əlsiz adamlar (film, 1932)
8. Fəallıq (film, 1975)
9. İlk komsomol buruğu (film, 1930)
10. İşgüzar adamlar (film, 1977)
Hüseyn Seyidzadənin əmisi nəvəsi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə ustad sənətkarı sadə, xeyirxah, ürəyiaçıq bir insan kimi xatırlayır: “Hüseyn Seyidzadə çox gözəl insan idi. Ad günlərdə, məclislərdə biz bir yerə toplaşırdıq, onun maraqlı söhbətlərinə qulaq asırdıq. O gələn kimi məclisdə ayrı bir mühit yaranırdı. Biz onunla dost idik. Həqiqətən aktyor seçiminə böyük önəm verirdi və ciddi yanaşırdı.
Sözün əsl mənasında sənətkar idi. Ümumiyyətlə, Seyidzadələr ailəsi nəsilli-nəcabətli ailə olub. 19-cu yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk xanım ortoped-travmatoloqdur. O biri bacısı Zəhra xanım mühəndis idi. Qardaşları Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, atam Bağır Seyidzadə görkəmli jurnalist, diplomat, nazir, İbrahim Seyidov təyyarə mühəndisi olub.
Ümumiyyətlə, o nəslə "Qara seyidlər" deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır. Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar, ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Həm də təəssüf ki, ömrünün sonuna qədər tək-tənha yaşadı. O, həqiqətən də bütün qəlbi ilə sənətinə, xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib Hindistana gedər, vəd edildiyi kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi qəbul etmədi. Doğma vətənini, Azərbaycanını başqa ölkəyə dəyişmədi. Burda qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə, maneələrə, ağrılara baxmayaraq. Millətinə, xalqına, vətəninə bağlı bir sənətkar kimi yaşayıb və həyatını bu cür başa vurdu”.
Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat edib. Bakıda küçələrdən biri onun adını daşıyır.
Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


