BU GÜN GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI SƏİD RÜSTƏMOVUN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"…Atam İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə olsun "Yerevan" demədi." - Bəstəkar Səid Rüstəmvun qızı Rəna Rüstəmova xatirələrində belə qeyd edir.
Səid Əli oğlu Rüstəmov və ya əsl adı ilə Mircabbar Seyidrüstəmzadə 12 may 1907-ci il tarixində Rusiya imperiyasının işğalı altında olan Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Rəna Rüstəmova atasının ailəsinin məskunlaşması və adı barədə bu cür bildirir:
"Türkiyədə adətən seyidlərin yaşadığı İydəli adlı bir yer var. Atamın əsli ordandır. Sonra İrəvana köçüblər. Atam danışırdı ki, İrəvanda evləri Göy məscidin yanında olub və seyid olduqları üçün ocaq sayılıb. Atamın əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya gələndə pasport verilən yerdə ermənilər, ya da ruslar işləyirdi. Orda işləyənlər deyir ki, bu nə addır, çox uzundur. Atam məcbur olur ki, adını Səid Rüstəmov olaraq dəyişdirib yazdırsın."
Uşaq yaşlarında atasını itirən Səid Rüstəmovun tərbiyəsi ilə böyük qardaşı Mirhüseyn Rüstəmov məşğul olub. Tar alətində çalmağı bacaran Mirhüseyn Rüstəmov kiçik qardaşı Səid Rüstəmovun musiqiyə həvəs göstərməsində də mühüm rol oynayıb. 1918-ci ildə baş verən hadisələr, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınlar bu ailənin də taleyində öz izini qoyub.
Qırğınla əlaqədar Türkiyəyə qaçmalı olan ailə tezliklə geri dönüb, lakin İrəvanda evlərinin dağıldığını gördükdə 1919-cu ildə Gəncəyə köçüblər. Səid Rüstəmovun aləsi burada çox qalmır – qardaşı Mirhüseyn Rüstəmovun ermənilər tərəfindən qətlə yetirilməsindən sonra Ağdaşa köçüblər. Demək olar ki, 12 yaşlı Səid Rüstəmovun musiqi ilə məşğuliyyəti Ağdaşda olan klubdan başlanır.
O, burada piano çalmağı öyrənib, kiçik yaşlarından qulaq asıb sevdiyi xalq melodiyalarını bu alətdə ifa edib, klubda təşkil edilən konsertlərdə çıxış edib. Həmin klubda Maqsud Şeyxzadənin "28 nisan inqilabı"adlı pyesi tamaşaya qoyulub. Səid Rüstəmov bu tamaşadan böyük təəssüratla ayrılıb, sonradan özü də bir pyes yazıb. Bunu da həvəskar aktyorlar tamaşaya qoyublar. 1921-ci ildə Rüstəmovlar ailəsi Bakıya köçüb.
Səid Rüstəmov Müəllimlər Seminariyasına daxil olub. Burada başqa fənlərlə yanaşı musiqi dərsləri də keçirilib. Səid Rüstəmov burada truba ifa etməyi öyrənib və tələbələrdən təşkil edilmiş orkestrin çıxışlarında iştirak edib. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənətinə bağlayıb. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində özü tərəfindən bu cür səslənib:
"Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb musiqiyə qulaq asmağa başladım. Birdən müəllimlərdən biri yaxınlaşdı və dedi: "Nə üçün burada durmusan?". Mən isə cavabında dedim: "Eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram" – dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu.
Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamladılar. Sonra müəllim məni o şəxsə təqdim edib – "bu uşağın yaxşı musiqi duyumu var" – dedi.
Beləliklə, onlar birlikdə mənim musiqimi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəy Hacıbəyovdur. Beləliklə, Üzeyir bəy Hacıbəyov məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi."
Rəsm çəkməyə həvəsi və istedadı olan Səid Rüstəmov rəssamlıq məktəbində də məşğul olub, həmçinin bu məktəblə bir binada məşğələlərə gəlib qulaq asmağa başlayıb. Məhz burada onun musiqi istedadını görən müəllimlərdən biri Səid Rüstəmovu Üzeyir Hacıbəylinin yanına gətirib. Bir çox başqa musiqiçilər kimi, Səid Rüstəmovun həyat və yaradıcılıq fəaliyyətindən Üzeyir Hacıbəyovla tanışlığı həlledici rol oynayıb.
1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilib. Musiqi texnikumunda Səid Rüstəmovun not üzrə müəllimi Üzeyir Hacıbəyov olub. Muğam sinfində isə o, tanınan tarzən Mirzə Mansur Mansurovdan dərs alıb. 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlayıb. Pedaqoji iş cavan yaşlarından Səid Rüstəmovun fəaliyyət göstərdiyi mühüm sahələrdən biri olub.
Müəllimlər Seminariyasında, daha sonra Pedaqoji İnstitutda təhsil alması Səid Rüstəmovun ümumtəhsil sahəsində uğurlu fəaliyyətini şərtləndirib. Onun tar müəllimi kimi inkişaf etməsində də ümumi pedaqogikanın əsaslarına, tədris metodikasına bələd olması mühüm rol oynayıb. Səid Rüstəmov 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilib.
Səid Rüstəmovun cavanlıq illərinə aid olan fotoşəkillərdən birini o, sevimli şagirdlərindən biri, sonradan İkinci Dünya müharibəsində göstərdiyi şücaətlərlə tanınan, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə ilə birlikdə çəkdirib. Üzeyir Hacıbəyov Səid Rüstəmovun namizədliyini Azərbaycan konservatoriyasının xalq şöbəsində müəllimlik etməyə irəli sürdüyü zaman o, hələ musiqi texnikumunda təhsil alırdı.
1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlayıb. O, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə konservatoriyada xalq çalğı alətləri kafedrasının açılmasını qiymətləndirən ilk musiqiçilərdən biri olub və ömrünün sonunadək bu kafedrada tar ifaçılığının sirlərini gənclərə öyrətməklə məşğul olub.
Eyni zamanda o, tədris prosesinin nəinki tar ixtisasına, eləcə də musiqi nəzəriyyəsinə aid zəruri ədəbiyyatla təmin edilməsi üçün əlindən gələni əsirgəməyib, 1931-ci ildə cavan həmkarları – Asəf Zeynallı, Fuad Əfəndiyev ilə birlikdə azərbaycan dilində olan "Not savadı" dərsliyini tərtib edib, həmçinin rus musiqiçilərinin işlərini – Georgi Konyusun "Elementar musiqi nəzəriyyəsi" və Nikolay Rimski-Korsakovun "Harmoniya" dərsliyini Azərbaycan dilində tərcümə edib.
Səid Rüstəmovun kiçik oğlu, bəstəkar Eldar Rüstəmov bu barədə qeyd edib:
"Bizim ailə albomumuzda atamın çox sevdiyi bir fotoşəkil var. Həmin şəkildə 18-19 yaşlı üç cavanın surəti həkk olunub. Üzeyir bəy Hacıbəyov məhz bu üç cavanı seçərək, onlara mühü bir iş həvalə etmişdi. Onlardan biri 23 yaşında, vaxtsız həyatdan getmiş Asəf Zeynallı, ikincisi atam Səid Rüstəmov idi. Bütün işlərində Üzeyir bəy Hacıbəyov onun müəllimi olmuşdu. Şəkildə yer alan üçüncü şəxs isə sonradan sovet təbabətində öz məktəbinin görkəmli cərrahı olacaq Fuad Əfəndiyev idi."
Səid Rüstəmov 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitunda təhsilini tamamlayıb. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynayıb. Bu günə kimi bu dərslik dəfələrlə nəşr edilib. Dərslik müasir dövrdə də orta və ali musiqi məktəblərində istifadə edilib. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunan "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmayıb.
Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap edib. Kitab Leonid Bretanitski, Səid Rüstəmov və G. Burşteynin redaktorluğu ilə "Azmusnəşr" nəşriyyatında çap edilib. "Skripka əlifbası" kitabının nəşrində əsas məqsəd – skripka çalan gənc şagirdlərə SSRİ xalqlarının mahnı və oyun havaları melodiyaları, klassik rus musiqisi əsərləri və sovet kompozitorlarının əsərləri üzərində qurulmuş ibtidai dərs kitabını vermək idi.
Səid Rüstəmov tar ixtisasından dərs dediyi uzun müddət ərzində bir çox istedadlı musiqiçilər yetişdirib. Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva, xalq artisti Hacı Xanməmmədov, Əməkdar artist Adil Gəray kimi tanınmış musiqiçilər onun tar sinfində təhsil alıblar.
Səid Rüstəmovun tələbələri içərisində həmçinin Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov, Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Oqtay Quliyev, Vaqif Əbdülqasımov, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov və başqa tanınmış musiqiçilər də mövcuddur.
1930-cu illərdən etibarən Səid Rüstəmovun həyatı və sənət yolunun mühüm bir mərhələsi başlanıb. 1931-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan xalq çalğı alətlərindən ibarət ilk notlu orkestr yaradıb. Həmin orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. Belə bir orkestrin yaradılması milli musiqi mədəniyyəti tarixində əlamətdar hadisə olmaqla bərabər, Səid Rüstəmovun həyat və yaradıcılığında da yeni səhifə açıb
Dörd il sonra Üzeyir Hacıbəyov orkestrdə rəhbərliyi Səid Rüstəmova həvalə edib. Səid Rüstəmov 1975-ci ilə qədər həmin orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Xalq çalğı alətləri orkestri Səid Rüstəmovun rəhbərliyi altında Azərbaycanın musiqi həyatında fəal iştirak edib, Bakıda və bölgələrdə konsertlərlə çıxış edib. 1937-ci ildə bu orkestrin Ümumittifaq radio festivalında iştirakı uğurlu olub. Həmin ilin fevral ayında orkestrin Moskvaya və Leninqrada ilk konsert səfərləri baş tutub və buradakı çıxışları da böyük müvəffəqiyyətlə qarşılanıb.
1938-ci ilin aprel ayında Moskvada keçirilən Birinci Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə "Böyük teatr"ın (rus. Большойтеатр) səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası həmin orkestrin müşayiəti ilə nümayiş edilib. Komediyanın musiqisini xalq çalğı alətləri üçün köçürən Səid Rüstəmov olub. Həmin il Süleyman Rüstəmov Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. Bu orkestrdə iş Səid Rüstəmovun dirijorluq fəaliyyətinin başlanğıcı olub.
Eyni zamanda orkestrlə əməkdaşlıq onun bəstəkar kimi yaradıcılığının əsasını qoymuş olub. Bu orkestr üçün xalq musiqisi nümunələrini işləməyə başlayan Səid Rüstəmov daha sonra həmin ifaçı kollektivi üçün "Bayatı-kürd" fantaziyasını, ilk orijinal əsərlərini, o cümlədən "Şadlıq rəqsi" əsərini, "Cəngi" kimi pyeslərini bəstələyib. 1930-cu illərdə Səid Rüstəmovun bəstəkar kimi yaradıcılığının janr dairəsi getdikcə genişlənib. O, dram tamaşasına musiqi sahəsində qələmini sınayır – Mirzə İbrahimovun "Həyat" pyesinə musiqi yazıb.
Sonrakı illərdə də bəstəkar bir çox tamaşalara musiqinin müəllifi kimi tanınıb. Həmin illərdə Səid Rüstəmovun musiqiçi kimi fəaliyyət sahəsi də şaxələnib, belə ki, o, folklor nümunələrinin toplanması sahəsində mühüm işlər görüb. Konservatoriya nəzdində görkəmli müğənni Bülbül tərəfindən təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edən Səid Rüstəmov xalq musiqisi nümunələrini, rəqsləri, aşıq mahnılarını toplayıb nota köçürüb.
1937-ci ildə onun "Azərbaycan xalq rəqsləri" toplusu nəşr edilib. 1938-ci ildə də Səid Rüstəmovun qələmə aldığı bir neçə dəyərləri toplu işıq üzü görür – onun Cabbar Qaryağdıoğlunun ifasından nota yazdığı "50 Azərbaycan xalq mahnısı" və "Aşıq mahnıları" adlı dörd toplusu nəşr edilib. 1930-cu illərdə Səid Rüstəmovun yaradıcılıq fəaliyyətinin daha bir mühüm istiqaməti də müəyyən edilib. O, tədris prosesi üçün zəruri olan pedaqoji repertuarın yaradılması işində fəal iştirak edib.
Səid Rüstəmov öz musiqiçi həmkarları – Asəf Zeynallı və Fuad Əfəndiyevlə birlikdə 1931-ci ildə Azərbaycan dilində ilk "Not savadı" dərsliyini tərtib edib. 1935-ci ildə Səid Rüstəmovun "Tar məktəbi" dərsliyi nəşr edilib. Dərslik bu günə kimi musiqi məktəblərində tarın tədrisində əvəzolunmazdır. 1930-cu illərdə Səid Rüstəmovun yaradıcılıq təcrübəsi musiqili komediya janrında yazılmış nümunə ilə zənginləşib. Onun Məmməd Səid Ordubadinin librettosu əsasında 1939-cu ildə "Beş manatlıq gəlin" adlı ilk musiqili komediyası yaranıb.
Bu əsər Azərbaycan musiqisi tarixinə müasir mövzuda yazılmış ilk musiqili komediya kimi daxil olub. "Beş manatlıq gəlin" musiqili komediyasının ilk tamaşası 30 aprel 1940-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilib. Bu illərdə bəstəkar həmçinin mahnı janrına müraciət edib. Bu da sonradan onun yaradıcılığında aparıcı janr kimi müəyyənləşib. Bu dövrlərdə Səid Rüstəmovun dirijorluq fəaliyyəti də olduqca uğurlu olub. Onun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri təkcə Azərbaycanda deyil, ondan uzaqlarda da tanınmağa başlayıb.
1941-ci ilin may ayında orkestr Özbəkistana qastrol səfəri edərək Daşkənd, Səmərqənd, Kokand, Əhdican və başqa şəhərlərdə çıxışlar edib. 1941–1945-ci illər İkinci Dünya müharibəsi Səid Rüstəmovun vətən mövzusu ilə bağlı fəaliyyət göstərdiyi bir dövr idi. Vətənpərvərlik motivləri onun yaradıcılığında yazdığı "Sərhədçilərin mahnısı", "Dənizçilərin mahnısı", "İrəli", "Şanlı ordumuz" kimi mahnılarında parlaq təcəssümünü tapıb.
Onun mahnı və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə yazdığı "Dinlə, cəbhə!" adlı kantatası, xalq çalğı alətləri orkestri üçün "Qəhrəmani" adlı pyesi də həmin dövrdə döyüşçülərin mübarizə ruhunu gücləndirən əsərlər sırasında idi. "Qəhrəmani" pyesi 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ifa olunaraq, böyük müvəffəqiyyət qazanıb. Eyni zamanda, Səid Rüstəmov dirijor və ictimai xadim kimi fəaliyyətini də Azərbaycan xalqının vətənpərlik ruhunun möhkəmləndirilməsinə yönəldib.
Müharibə illərində o, 416-cı Azərbaycan atıcı diviziyasında xalq çalğı alətləri orkestri təşkil edib. Hərbi hissələrdə bu orkestrin konsertləri böyük rəğbətlə qarşılanır, onun ifa etdiyi əsərlər əsgərləri qələbəyə ruhlandırırdı. Həmin dövrdə Səid Rüstəmov bir sıra dram tamaşalarına da musiqi bəstələyib. Cəfər Cabbarlının "Almaz", Mehdi Hüseynin "Nizami", Rəsul Rzanın "Vəfa" əsərlərinə musiqinin müəllifi Səid Rüstəmov idi.
Müharibə illərindəki fəaliyyətinə və milli musiqi sənətindəki xidmətlərinə görə 1946-cı ildə Səid Rüstəmov "Qırmızı əmək bayrağı" ordeni ilə, eləcə də "Qafqazın müdafiəsi uğrunda" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilib. Müharibədən sonrakı illər Səid Rüstəmovun bəstəkar, dirijor, pedaqoq və ictimai xadim kimi fəaliyyətinin genişləndiyi dövrdür. 1947-ci ildə o, Süleyman Rüstəmin librettosu əsasında "Durna" adlı yeni musiqili komediyasını yaradır.
Bəstəkarın xalq çalğı alətləri orkestri üçün 1946-cı ildə "Azərbaycan" süitası və İkinci süita, 1948-ci ildə Üçüncü süita, 1958-ci ildə Dördüncü süita və bir sıra mahnıları bu dövrdə ərsəyə gəlib. Həmin illər üçün səciyyəvi olan, əməyi tərənnüm edən mahnı janrında Səid Rüstəmovun yazdığı nümunələr – "Neftçi qız" (A. Aslanovun sözlərinə), "Həkim qız" (İslam Səfərlinin sözlərinə), 1950-ci illərdə yazdığı "Toxucu qız" (Rəsul Rzanın sözlərinə) mahnıları çox məşhurlaşıb.
1948-ci ildə kütləvi mahnıların respublika müsabiqəsində mükafata layiq görülüb, tanınan "Sürəyya" mahnısı (Zeynal Cabbarzadənin sözlərinə), eləcə də "Sumqayıt" (N. Cəfərovun sözlərinə), "Mən sülhə səs verirəm" (Hüseyn Hüseynzadənin sözlərinə), "Komsomol" (Tələt Əyyubovun sözlərinə) mahnılarına görə Səid Rüstəmov 1951-ci ildə Stalin mükafatına layiq görülüb. Rəşid Behbudov bu mahnılardan sonra Səid Rüstəmova məktub yollayaraq kiçik bir qeyd yazıb: "Əziz Səid! Bu da sənə "Sürəyya" mahnısının necə sevildiyinə dair sənəd. Mahnı dünya efirində uçur."
Sözügedən dövr Səid Rüstəmovun bir musiqi təşkilatçısı və ictimai xadim kimi fəaliyyətində parlaq səhifələrdən biri kimi tarixə düşüb. O, Fioletov adına klubun mahnı və rəqs ansamblına rəhbərlik edib, Üzeyir Hacıbəyovun vəfatından sonra, 1949-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib. O, 1953-cü ilə kimi bu vəzifədə çalışıb. 1951-ci ildən bəstəkar Azərbaycan Dövlət Xalq Mahnı və Rəqs Ansamblına rəhbərlik edib
Həmin dövrdə Səid Rüstəmovun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri kimi apardığı təşkilatçılıq və yaradıcılıq işi də uğurla davam edib. Orkestrin repertuarı genişlənib, buraya Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı dünya musiqisinin ən yaxşı nümunələri daxil edilib. Əvvəlki illərdə olduğu kimi, bu dövrdə də Səid Rüstəmov pedaqoji fəaliyyətini davam etdirərək, tar ixtisası üzrə tədris ədəbiyyatını zənginləşdirmək məqsədilə böyük iş aparıb. 1950-ci ildə onun "Tar üçün metodik etüdlər" adlı dərs vəsaiti nəşr olunub.
Həmin etüdlər hal-hazırda həm orta musiqi məktəblərinin, həm tar ixtisası üzrə mütəxəssis hazırlığı aparan ali musiqi məktəblərinin tədris proqramına daxildir. 1954-cü ildə isə Səid Rüstəmov Georgi Konyusun "Elementar musiqi nəzəriyyəsi" və Nikolay Rimski-Korsakovun "Harmoniya" dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edib. Səid Rüstəmov xalq musiqisinin öyrənilməsi sahəsində apardığı böyük iş – "Azərbaycan xalq rəqsləri" və "Azərbaycan xalq mahnıları" (iki cilddə, 1954 və 1957), "Azərbaycan xalq rəngləri" (iki dəftərdə, 1954 və 1956) toplularının işıq üzü görməsi ilə nəticələnir.
1957-ci ildə Səid Rüstəmov Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. Səid Rüstəmov bu dövrdə çoxşaxəli yaradıcılıq fəaliyyətli sənətkar olmaqla yanaşı, bir musiqiçi kimi geniş nüfuz qazanıb. Onun əsərləri Azərbaycan Bəstəkarlarının Qurultaylarında, "Zaqafqaziya baharı" festivallarında, 1959-cu ildə Moskvada keçirilən İkinci Azərbaycan incəsənəti ongünlüyündə, Moldoviyada keçirilən Azərbaycan mədəniyyəti həftəsində ifa olunaraq, böyük rəğbət qazanıb.
Səid Rüstəmovun dram tamaşalarına bəstələdiyi musiqini araşdırdıqda məlum olur ki, bu musiqi əsas etibarilə mahnılardan ibarətdir və bunların içərisində də sonradan populyarlaşaraq, müstəqil ifa olunan mahnılar mövcuddur. Bəstəkarın Abdulla Şaiqin "Nüşabə" əsərinə bəstələdiyi "Sevirəm səni", Mehdi Hüseyn və İlyas Əfəndiyevin "İntizar" tamaşasından "Alagöz" və "İntizar" mahnıları, Cəfər Cabbarlının "Od gəlini" pyesindən "Solmazın mahnısı", "Almaz" pyesindən "Lirik mahnı" mahnıları da belə nümunələrdəndir.
Səid Rüstəmov müxtəlif illərdə Məşədi Əzizbəyov adına Dram Teatrının 20-dən çox tamaşasına, o cümlədən Mirzə Fətəli Axundovun "Hacı Qara", "Xırs quldurbasan", Cəfər Cabbarlının "Yaşar", "Od gəlini", "Almaz", Səməd Vurğunun "Vaqif", Mirzə İbrahimovun "Həyat", Rəsul Rzanın "Vəfa", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Sabit Rəhmanın "Nişanlı qız", "Aydınlıq", "Toy", Mehdi Hüseynin "Nizami", İlyas Əfəndiyevin "Bahar suları", Mehdi Hüseyn və İlyas Əfəndiyevin "İntizar" tamaşasına musiqi bəstələyib.
Bəstəkar Süleyman Ələsgərov Səid Rüstəmovun mahnı yaradıcılığını qiymətləndirərək qeyd edib:
"Onun mahnılarının xalq tərəfindən rəğbətlə qarşılanmasının səbəbi nədir? Melodiyalarının orijinallığı, axıcılığı, sadəliyi, qırılmaz tellərlə bağlı olması... Səid Rüstəmovun mahnı yaradıcılığında diqqəti cəlb edən əsas cəhətlərdən biri də yüksək professionallıqdır. Səid Rüstəmov öz lirik mahnıları ilə bir daha sübut etmişdir ki, peşəkarlıq səviyyəsi bu və ya digər janrın mürəkkəblik dərəcəsi ilə deyil, sənət nümunəsi kimi daşıdığı bədii dəyərlə müəyyən edilir."
Səid Rüstəmov öz mahnılarının bir qismini ("Gözlərin aydın olsun", "Beşik mahnısı", "Maralım, gəl", "Haralısan" və s.) xalq bayatılarının mətninə bəstələyib. O, aşıq poeziyasına da müraciət etmiş, Aşıq Qurbani ("Bənövşə"), Aşıq Hüseyn Cavan ("Sənətkara aşiqəm"), Aşıq Pənah Pənahovun ("Zəfərin sənin") sözlərinə mahnılar bəstələyib.
Zemfira Səfərova yazır ki, "Səid Rüstəmovun məharəti onda özünü göstərir ki, hansı mətnə müraciət etməsindən asılı olmayaraq, bunlardan hər biri üçün bəstələdiyi musiqi şeirin həm ruhu, həm məzmunu ilə o dərəcədə ahəngdardır ki, sanki bu əsərlərin musiqisi də, mətni də eyni bir müəllifin qələmindən çıxmışdır. Bəstəkar sanki hər şeirin özünün daxilində olan musiqini sadəcə "üzə çıxarıb" səsləndirməyi bacarır."
Zemfira Səfərova qeyd edib:
"Bugünkü mövqedən yanaşdıqda, bəlkə də keçmiş sovet məkanında yaşayıb-yaratmış bir çox başqa bəstəkarlar kimi, Səid Rüstəmovun da bu mövzuları təcəssüm etdirən mahnıları "vaxtı ötmüş", aktuallığını itirmiş nümunələr kimi görünə bilər, lakin biz bu gün həmin mahnıların bədii dəyərini onların mövzusu ilə deyil, məhz musiqisinin melodik gözəlliyi, xalq qaynaqlarından qidalanıb yetişmiş ürəyəyatan musiqisi ilə ölçə bilərik.
Həmin mahnılar əbədi mövzuları deyil, yaşadığımız gerçəkliyin müəyyən bir mərhələsini əks etdirsə də, bunlardakı hərarət, səmimilik, milli xüsusiyyətlər dinləyicinin diqqətini çox zaman mətndəki məzmunun mahiyyətinə deyil, məhz musiqinin melodik gözəlliyinə yönəltmiş olur.
Və mahnı sahəsində Səid Rüstəmov xəlqiliyin elə bir yüksək peşəkarlıq səviyyəsində təzahürünə nail olur ki, folklor xüsusiyyətləri üzvi surətdə bəstəkarın musiqi dilinə daxil olaraq, bunun ayrılmaz ünsürü kimi başa düşülür və əksinə, bəstəkarın yaratdığı orijinal nümunələr təbii olaraq xalq mahnısı kimi qəbul edilir."
Musiqişünas Elmira Abbasova Səid Rüstəmovdan bəhs edən kitabında qeyd edib:
"Dillər əzbəri olan "Sürəyya" mahnısının nümunəsində bəstəkarın xalq musiqisinə əsaslanması prinsipini əyani nümayiş etdirə bilərik. Asan yadda qalan, parlaq melodikliyi və lirik xalq mahnılarının bir çoxunda rast gəlinən tipik metroritmikası ilə seçilən bu mahnını diqqətlə nəzərdən keçirdikdə onun xüsusilə birinci cümləsinin zahiri cəhətdən tam uyğun olduğu folklor prototipini müəyyən etmək bir o qədər də çətin deyil."
Bəstəkarın qızı Rəna Rüstəmova müsahibəsində bildirir ki, "Mənə elə gəlir ki, atam Səid Rüstəmovun şah əsəri "Qurban adına" mahnısıdır. Atam müğənnilərdən ən çox Şövkət Ələkbərova və Gülağa Məmmədovu sevirdi. Onlarla işləyəndə deyirdi ki, necə yazmışam elə də ifa etməlisiniz."
Şövkət Ələkbərova, Firəngiz Əhmədova və Gülağa Məmmədov qeyd edirlər ki, "Səid Rüstəmovun mahnılarını bunlara xas olan xüsusi kolorit fərqləndirir. Bunlar sanki xalq poeziyasının nəfəsi ilə aşılanmışdır – bunlarda da həmin intonasiya səmimiyyəti mövcuddur. Bəlkə elə buna görədir ki, onun yeni bir mahnısını eşitdikdə, dərhal müəllifin kim olduğunu söyləmək olar. Artıq qırx ilə yaxındır ki, respublikanın Xalq artisti Səid Rüstəmov öz əsərlərini yaradır. Bu əsərlər çoxdur, lakin bütün oxşarlıqlara baxmayaraq, bunlardan hər birinin öz "simasi", öz intonasiyası var."
Zemfira Səfərova yazır ki "Səid Rüstəmov mahnıları ilə az-çox tanış olan dinləyici elə ilk sədalardan, ilk xanələrdən müəllifi tanıyır. Çünki bəstəkarın özünəməxsus, heç bir başqa müəllifin üslubuna bənzəməyən, sabit xüsusiyyətlərə malik dəst-xətti vardır, lakin Səid Rüstəmov heç bir mahnısında özünütəkrara yol vermir, bir dəfə tapılmış uğurlu bir boyanı, melodik dönməni, naxışı başqa mahnısına köçürmür. Bu da əsl sənətkarlığın, peşəkarlığın təzahürüdür."
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Stalin" mükafatı (3-cü dərəcə)
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- "Qafqazın müdafiəsinə görə" medalı
Səid Rüstəmov 1983-cü ilin may ayında ağır infarkt keçirib. Bununla da bəstəkar xəstəxanaya aparılıb. Xəstəxanadan sonra Səid Rüstəmov Mərdəkanda, şəxsi bağ evində yaşamağa başlayıb. Səid Rüstəmovun 10 iyun 1983-cü ildə vəziyyəti ağırlaşıb, həmin gün də Bakıda, 76 yaşında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


