Dahi Nizamini farscadan tərcüməsi, Sabirə həsr olunmuş ilk iri monoqrafiya, Cənubi Azərbaycan ədəbiyyatı haqda ilk sanballı əsər... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1936-cı ildə CəfərXəndanın Bəyazgecələradlı ilkkitabı nəşrolundu. Bu, onun ilki idi. Bu kitabın əsas özəlliyi isə o idi ki, kitab ölməz şairimiz Mikayıl Müşfiqin redaktəsi ilə çıxmışdı.

Müşfiqlə bağlı hər şey bizim üçün əzizdir.

 

Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşayıb (1925-ci ilədək). Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, həm də fəhlə fakültəsində müəllimlik (1925–1929) edib. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olub.

Eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərib. M. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1941-ci ildə səfərbərliyə alınıb, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşub. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olub. Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri (1946–1947) işləyib.

Universitetin Filologiya fakültəsinin dekanı (1947–1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950–1954) olub. 1954–1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. "1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi alıb.

"Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. 1961-ci il avqustun 10-da Bakıda vəfat edib. Bakı küçələrindən biri onun adını daşıyır.

 

Əsərləri

1. Bəyaz gecələr

2. Azərbaycan ədəbiyyatı

3. Sabir (həyat və yaradıcılığı)

4. Cəbhə şerləri

5. Qafqaz

6. İlk ayrılıq

7. Mübarizə yollarında

8. Ədəbiyyat nəzəriyyəsi

9. Sovet ədəbiyyatı (I hissə)

10. Sovet ədəbiyyatı (II hissə)

11. C. Cabbarlının həyat və yaradıcılığı

12. XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri

 

Tərcümələri

- Nizami Gəncəvi. Lirika

- Heyran xanım. Qəzəllər

- M. F. Axundov. Şərq poeması

 

Əsgər Zeynalov ədibin barəsində yazır:

“1936-cı ildə Mikayıl Müşfiqin redaktəsi ilə “Bəyaz gecələr” adlı ilk kitabının nəşr olunmasından sonra şairin “Cəbhə” şeirləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) şeirlər kitabları çapdan çıxmışdır.

 

Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etmişdir. Cəfər Xəndan ilk “Müasir Azərbaycan ədəbiyyatı”nın, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifidir. Hələ 1940-cı ildə nəşr etdirdiyi “Sabir” kitabı sabirşünaslığın tarixində Sabirə həsr olunmuş ilk iri monoqrafik tədqiqat əsəri kimi xüsusi əhəmiyyətə malikdir.

Bu siyahıya alimin Cənubi Azərbaycan ədəbiyyatı haqda ilk sanballı (ikicildlik) min səhifəlik əsəri, ilk dəfə üzə çıxardığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabını da əlavə etmək olar. Bəllidir ki, repressiyadan sonra uzun illər Müşfiqin şeirləri qadağan edilmişdi. Şairin haqqında ilk monoqrafiya da Cəfər Xandana məxsusdur. О, bu əsəri 1956-cı ildə nəşr etdirmişdi. C.Xəndan həmkarı akademik M.Ariflə orta məktəb şagirdləri üçün “Sovet ədəbiyyatı” kitabını (1957) yazmış və bu kitab təkmilləşərək dəfələrlə nəşr olunmuşdur.

1940-cı ildə Sabir haqqında nəşr etdirdiyi monoqrafiya ilə kifayətlənməyən alim şairin nəhəng yaradıcılıq dünyasına yenidən qayıdaraq “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı monumental əsərini yazmışdır. Cəfər Xəndan ədəbiyyat nəzəriyyəsinə aid kitab yazmasına baxmayaraq, müntəzəm olaraq həmin sahəyə qayıtmış, bu mövzu ilə bağlı məqalələr nəşr etdirmişdi:

“Bədii ədəbiyyatda tipiklik”, “Ədəbi stil, metod və cərəyan haqqında”, “Ədəbiyyat nəzəriyyəsinin inkişaf yolları haqqında”, “Bədii ədəbiyyatın əsas predmeti”. Görkəmli ədəbiyyatşünas alimin pedaqoji fəaliyyəti diqqətəlayiqdir. О, ömrünün 30 ildən çoxunu müəllimlik sənətinə həsr etmişdir.”

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.