“Bəzən rejissor susmalıdır ki, sonra dili açılsın” – R.HƏSƏNOĞLU
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onu qısa təqdim etmək mümkünsüzdür, amma maksimum qısaldıb belə təqdim edərdim: Xalq artisti, rejissor, "Qızıl fond"da qorunub saxlanılan bir çox televiziya filminin, bədii film və teatr tamaşalarının müəllifi Ramiz Həsənoğlu.
Bu gün onun yubileyidir – 80 illiyidir!
Ramiz Həsənoğlu 1946-cı ilin bu günündə indi yağıların şəhərinə çevrilmiş İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutub. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb.
1956-cı ildə Bakıya gəliblər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənib.
Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırıb. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirib. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub.
R. Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanıb. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirib.
Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçib. Tamaşa "Humay" mükafatına layiq görülüb.
R. Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" (H. Həsənov),"Generalın son əmri"(V. Səmədoğlu) tamaşalarına da quruluş verib.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülüb. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" adlı bədii, tammetrajlı film çəkib. 1993-cü ildən bu günə kimi Azərbaycan Televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. 2019-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.
Filmoqrafiya
1. Onuncu planet
2. Gülər
3. Firuzə
4. Bir parça həyat
5. Son gecə
6. Oğulla görüş
7. Günəşin bacısı
8. Gecə müsahibi
9. Günəşlə görüşlər
10. Müsabiqə
11. Ötən ilin son gecəsi
12. Yollar görüşəndə
13. Sumqayıt
14. Ömrün yolları
15. Qatarda
16. Topal Teymur
Mükafatları
- 4 may 1989-cu ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilib.
- 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilib
- 2015-ci ildə "Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb
- 4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilib
Müsahibələrindən fraqmentlər
Klassiklərə ən çox müraciət edən rejissor siz olmusuz. Onlarda sizi özünə cəlb edən səbəblər nədir?
-Yəqin ki, oxuduğum kitablar, böyüdüyüm mühit, tərbiyə aldığım ailə... Bilirsiz, mən aktyor ailəsinə böyümüşəm. Valideynlərimin hər ikisi teatr adamı idilər və mən kulis arxasında böyümüşəm. Atam, anam teatra işə gedəndə bəzən bizi də özləri ilə aparardılar. Səhnə həyatı kulis arxasında canıma-qanıma hopub. Dünya ədəbiyyatı təbii ki, öz yerində. Amma Azərbaycan klassikası, teatr mədəniyyəti hər zaman məni özünə cəlb edib.
Bəlkə, yaşadığınız dövr və cəmiyyətin özü sizdən Mirzə Cəlilə, Haqverdiyevə, Üzeyir bəyə dəfələrlə toxunmağı tələb edib?
-Əlbəttə ki... Əslində klassika sözünün də mənası hər zaman üçün müasir olan deməkdir. Təbii ki, Mirzə Cəlilin, Axundovun, Haqverdiyevin yaradıcılığında bizim milli mentallıqla bağlı problemlər bu gün üçün də aktualdır. Bu mənada dönə-dönə onlara müraciət olunacaq. Bizdən əvvəl də onlara müraciət edilib, biz və bizdən sonrakılar da müraciət edəcəklər. Amma onlar hər zaman müasir qalacaqlar. Ədəbiyyatın, mədəniyyətin, sənətin funksiyası da bundan ibarətdir ki, insanlara bu gününü tanıtdırsın. Həmin əsər sabah, ola bilsin ki, tamamilə başqa cür və tamamilə başqa insanlara təqdim olunsun. Dəfələrlə eyni əsəri müxtəlif rejissorların quruluşunda görmüşəm. Hər biri öz fərqli yanaşmasını sərgiləyib. Ümumiyyətlə, rejissor nədir? Bu barədə dəfələrlə demişəm - Rejissorun işi onun fərqli versiyasındadır. O həmin fərqli versiya əsasında tamaşanı yönəldir. Bu yaxınlarda "Qlobus" teatrı "Hamlet"i təqdim edirdi. Getdim baxdım. Bu, bəlkə də "Hamlet"in on mininci versiyası idi. Çünki 450 ildir ki, "Hamlet" göstərilə-göstərilə gəlir. Amma hər dəfə təzədir. Çünki peşəkar, ciddi rejissor əsəri götürür və bilir ki, ona fərqli baxışla yanaşmaq lazımdır. Bu mənada, əlbəttə ki, klassikaya dönə-dönə qayıtmaq lazımdır.
Sizin fikrinizcə, bəs bizim cəmiyyət dünyanı indi hansı rəngdə görür?
-Cəmiyyət ayrı-ayrı adamlardan ibarətdir. Cəmiyyətdə həyatından razı olan insanlar da var, razı olmayanlar da. Onların da hər birinin öz mövqeyi, öz dünyagörüşü var. Bu baxımdan düşünürəm ki, cəmiyyət dünyanı müxtəlif rəng çalarlarında görür.
Ramiz Həsənoğlu üçün susmaq bu gün nə dərəcədə çətindir?
-Baxır nə barədə susursan. Ramiz Rövşəndən eşitmişəm bunu, o da yəqin, kimdənsə eşidib: Ən gözəl şeir hələ yazılmamış şeirdir. Yəni şairin susmağı da poeziyadır. O mənada düşünürəm ki, rejissorun susmağı onun yaradıcılığının bir nişanəsidir. Bu baxımdan hesab edirəm ki, bəzən rejissor susmalıdır ki, sonra dili açılsın.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


