Ömrünü milli teatrın inkişafına həsr edən Zülfüqar Abbasov Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O torpaqlar nə qədər dahi yetişdirib...

Qərbi Azərbaycanı deyirəm...

Azərbaycan Respublikasının xalq artisti Zülfüqar Abbasov da əslən oradandır...

 

Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb

1962-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

Təhsil illərində Tbilisidə İ. İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxış edib. 1967–68-ci illər də C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib, burada "Solğun çiçəklər" (C. Cabbarlı; eyni zamanda Bəhram rolunu oynamışdır), "Yağışdan çıxdıq, yağmura düşdük" (N. Vəzirov) və s. pyesləri tamaşaya qoyub. 1968-ci ildən (fasilələrlə) M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor).

 "Hacı Qara" (M. F. Axundzadə), "Eşq və intiqam" (S. S. Axundov), "Müfəttiş", "Evlənmə" (N. Qoqol), "Əliqulu evlənir" (S. Rəhman), "Cavanşir", "Şeyx Şamil" (M. Hüseyn), "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı" (İ. Əfəndiyev), "Şeytan nəsli" (H. Muxtarov), "Dar ağacı" (B. Vahabzadə), "Ölülər" (C. Məmmədquluzadə), "Almaz", "Solğun çiçəklər" (C. Cabbarlı), "Vaqif" (S. Vurğun), "Ayrılmaq anı" (M. Baycıyev) və s. əsərləri tamaşaya qoyub. Aktyor kimi də çıxış edib.

 

Orijinal süjetli pyesləri

- "Nabat xalanın çörəyi" (Mingəçevir teatrı),

- "Vətən dərdi" (Mingəçevir teatrı),

- "Qisas günü" (Mingəçevir teatrı),

- "Kefdi, bu millət" (Mingəçevir teatrı),

- "Qəribə qonşular" (Qazax teatrı) — da oynanılıb

 

Ömrünü milli teatrın inkişafına həsr edən Zülfüqar Abbasov 2022-ci il aprelin 1-də, 81 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.