İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İndi Ermənistan adlanan Qərbi Azərbaycanımızın daha bir mədəniyyət xadimi barədə söz açmaq istəyirəm. Bu gün onun anım günüdür...
Azərbaycan Respublikasının xalq artisti Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Gümrü şəhərində (Leninakanda) anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb.
O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə başlayıb, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub.
2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib.
Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış edib
Beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil edib. Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat edib İkinci fəxri xiyabanda dəfn olunub
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2006
- "Şöhrət" ordeni — 28 dekabr 2017
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.03.2026)


