Bu dünyadan bir Mövlüd Süleymanlı köçdü... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycansovetnəsrində ənantisovetromanları yazanoolub, oMövludSüleymanlı. Onun “Dəyirman” povesti tarixdə qaldıqca qalacaq. Həm məzmununa, həm də yüksək məharətlə yazıldığına görə. “Köç” romanı isə dilimizin ən dərin qatlarını ortaya çıxaran bir şedevr kimi daim oxunacaq.

 

Saytlardan biri məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Mövlud Süleymanlını “Dəyirman” necə yazması barədə danışdırmışdı. O da bunları demişdi:

-“Dəyirman” povestinin maraqlı yazılma tarixçəsi var. Arif Mustafazadə vardı, çox hörmətli bir ədəbiyyatçı idi. Yaradıcılıq baxımından ondan çox şey öyrənmişəm. Mənə şeirlər oxuyurdu. Onun dilinə, duyğularına hörmətim vardı. Uzun müddət görünmədi. Bir dəfə görəndə soruşdum ki, haralardasan, nə yazırsan, nə pozursan? Bir kəlmə söz işlətdi və o söz mənə “Dəyirman”ı yazdırdı: “Bu dəyirman xaraba qoyurmu nəynənsə məşğul olaq?” Gürcüstanda bir dəyirman qurmuşdu, kababxana eləmişdilər. Obrazlı desək, daş yox, cəmiyyət fırlanmağa başlamışdı. Bizim kənddə də iki dəyirman vardı. Bu dəyirman daha tez qurumuşdu. Mən 50-ci illərdən danışıram. Arif mənə bu sözü deyəndə həmin illər gözümün qabağına gəldi, dəhşətə gəldim. Oturdum yazdım əsəri. Mənim içimdə heç vaxt senzura olmayıb. “Azərbaycan” jurnalında çap olundu əsər. İlini deyə bilərəm: 1979-cu ildə. Dörd, ya beş aya yazmışdım. Əsər jurnalda çıxanda bütün aləm dəydi bir-birinə…

 

***

Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Qərbi Azərbaycanda - Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə gedib, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olub. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər deyib.

 

 Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirib.Ədəbiyyata ötən əsrin 70-ci illərində gələn Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlayıb.

Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M. Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.

Mövlud Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb. 1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü görüb. Bu hekayələr Mövlud Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb.

"Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır. Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir. "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açıb.

Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır. Mövlud Süleymanlının bir sıra hekayələrində və "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir.

Xalq şairi Bəxtiyar Vahabzadə "M. Süleymanlıya açıq məktub"unda yazırdı:

"Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır.

"Ceviz qurdu" — 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki fasiləli tarixin xalqın həyatında buraxdığı izlərdən, milli insana vurduğu sağalmaz yaralardan bəhs edir. Müəllif roman boyu ceviz qurdunun cevizə daraşıb, onu tamam məhv etməsini təkcə ziyanvericilərə qarşı mübarizəni təsvir üçün qabartmayıb. Burada həmçinin geniş planda cəmiyyət ziyanvericilərinin insanların mənəvi dünyasına daraşmasını, onu getdikcə məhv etməsini göstərmək üçündür.

 

"Səs" sovet cəmiyyətinin son durumunu əks etdirən sosial romandır. Ümumilikdə yazıçı "Səs" və "Ceviz qurdu" romanlarında cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirib. Hadisələr həm ailə-məişət çərçivəsində, həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı fərdlərin düşüncələrində cərəyan edib. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edib.

 

Romanlar

"Köç"

"Ceviz qurdu"

"Günah duası"

"Səs"

"Erməni adındakı hərflər

 

Povestlər

"Şanapipik"

"Duzsuzluq"

"Yel Əhmədin bəyliyi"

"Şeytan"

"Dəyirman"

 

Hekayələr

"Yamacda bir kənd"

"Yüz günümdən biri"

"Armud ağacının nağılı"

"Bərəkət"

"Füşkürək"

"Yallı gecəsi"

 

Mövlud Süleymanlı 1968-ci ildə Аzərbaycan Dövlət Radiosuna işə qəbul edilib, əvvəlcə "Gənclik", sonra "Ədəbiyyat və İncəsənət" baş redaksiyasında redaktor kimi çalışıb. O, 1992-ci ilin sonlarında Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə gətirilib, 17 il bu vəzifədə çalışıb.

Bununla yanaşı, ədib kinostudiya, 1976–1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri, 1980–1988-ci illərdə "Azərbaycan" jurnalında nəsr şöbəsində rəhbər kimi fəaliyyət göstərib. Radionun qızıl fonduna daxil olmuş, həftəlik yayımlanan "Bulaq" verilişinin, 1969-cu ilin oktyabrında ilk müəllif nömrəsini yazıb.

Verilişin uzun illər Azərbaycan folklorunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rol oynadığı əsas götürülərək 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. 1972-ci ildə Tele-Radio Verilişləri komitəsindən Moskvaya ixtisasartırma kurslarına göndərilib. 1974-cü ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına ssenarist kimi qəbul edilib

Ssenarisi əsasında "Bəyin oğurlanması" və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifarişilə "Çətirimiz buludlardır" bədii televiziya filmləri çəkilib. 1976-cı ildə Azərbaycan Yazıçılar İttifaqına işə dəvət edilib. 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Mövlud Süleymanlının 1992–1993-cü illərdə baş redaktorluğu ilə "Oğuz eli" adlı müstəqil qəzet nəşr olunub.

1992-ci ildə Azərbaycan Dövlət Televiziyasına işə dəvət edilib və televiziyanın "Xalq yaradıcılığı" redaksiyasına baş redaktor vəzifəsinə təyin olunub. Redaksiyada onun rəhbərliyi ilə folklor, etnoqrafiya yönündə yeni "Sizə hardan deyim?", "Təbriz gözəlləməsi", "Şirvan gözəlləməsi", "Yurd yeri" və s. kimi verilişlər hazırlanıb.

Azərbaycan Dövlət Radiosunda onun rəhbərliyi ilə "Respublika", "Dan yeri", 'Dünəndən bu günə", "Bizdən sonra", "Sarıtel", "Xeyrə qənşər", "Bulaq başı", "Mövqe", "Axtarış", "Dövran", "Qürbətdə qalan Vətən", "Parlament saatı", "Gündoğandan gün batana", "Eşidirsizmi?", "Qonaq eldən gələr", "Var səsimlə", "Çiyin çiyinə" və s. verilişlər efirə çıxıb

 

Mükafatları

- Şöhrət ordeni

- Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı

- Moskvada rus dilində nəşr edilmiş ilk kitabına ("Çoban İbrahim və velosiped") görə Maksim Qorki adına Ümumittifaq ədəbi müsabiqə

- Kənd həyatına həsr edilmiş ən yaxşı əsərə görə Azərbaycan Yazıçılar İttifaqının "Qızıl sünbül" ədəbi mükafatı

- Bədii-sənədli publisistika sahəsində nailiyyətlərinə görə "Araz" ali ədəbi mükafatı

- "Köç" romanına görə "İlin ən yaxşı əsərinə görə" mükafatı laureatı

- ANASAM Ödül bəlgəsi (Türkiyə)

- "Anadolu ədəbiyyatı" toplantısının "Takdir" mükafatı

- 27 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib

 

Tərcümə edilmiş kitabları

Ruscayа:

- "Çoban İbrahim və velosiped" (Povest və hekayələr. Tərcümə edən: T. Kolyaqina. Moskva, 1982)

- "Köç" (Roman. Tərcümə edən: T. Kolyaqina. Moskva, 1986)

Türkiyə türkcəsinə:

- "Köç" (çevirən S. Altaylı. 1990). Bu əsər "Ötüken" Yayın Evi tərəfindən dəfələrlə (1992, 1994, 1995, 1996) təkrar-təkrar yayımlanıb

- "Söz içində söz". Tehranda 2003-cü ildə əski əlifba ilə nəşr edilib.

- 2004-cü ildə "Üç roman" adı altında romanları "Azərbaycan" nəşriyyaında.

- 2006-cı ildə "Söz içində söz" adlı çox unikal kitabı "Ağrıdağ" nəşriyyatında.

 

Filmoqrafiya

- Ağstafa şərabçıları

- Bəyin oğurlanması

- Bəylik dərsi

- Çətirimiz buludlardır

- Dad

- Deportasiya

 

Mövlud Süleymanlı ömrünün son günlərini Şamaxı rayonunun Kərkənc kəndində keçirib. Orada Qərbi azərbaycanlı çox idi, sanki ikinci bir Qərbi Azərbaycan qurmuşdular… 21 fevral 2024-cü ildə vəfat edib. Elə o kənddəcə dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.