İnci Məmmədzadə, “Ədəbiyyat və incəsəmət”
Qərbi azərbaycanlı həmyerlilərimizdən o torpaqlarda doğulmuş son nəslin bir nümayəndəsi barədə danışmaq istəyirəm. Ruhin İsmayılov barədə.
O,1987-ci il fevralın 19-u Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub. 1-2 yaşı olanda dədə-baba torpaqlarını tərk edib Bakıya gəliblər. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub.
Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub. Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb.
2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir. Burada simli kvartet və texno-musiqiylə sintez olunan "Sarı gəlin" mahnısı Yallı kompazisiyası və Aleksandr Rıbakın "Fairytale" mahnısı təqdim olunub. 2012-ci ildə Lider TV-də yayımlanan "Lift" realiti şousunun musiqi müəllifidir.
Əsas ana musiqisinin ifaçıları Alim Qasımov, Elnur Hüseynov və Rəhim Rəhimli olub. 2013-cü ildə Xəzər TV-də yayımlanmış "Bir ailəm var" teleserialının bəstəkarı olub. 2018-ci ilin əvvəlində türk müğənnisi Pınar Süerin debüt mahnısı olan "Pamuk Şeker" sinqlının aranjimançısı olub.
Sinqlın klipi Türkiyənin ən böyük YouTube kanalı olan "netd müzik"də yayımlanıb və 1 milyondan çox izlənib. Həmin ildə 2 tammetrajlı bədii filmin; Azərbaycanda yayımlanmış "Əfsanə Qayıdır" filmində "soundtrack 1"-in bəstəkarı və aranjimançısı, Türkiyə istehsalı "Rüzgar" filminin bəstəkarı olub.
2019-cu ildə "Loopmaster" şirkətinin təşəbbüsü ilə kamança, tütək, saz və balaban kimi Azərbaycanın milli musiqi alətlərinin ilk dəfə Dünya Musiqi Səs Ensiklopediyasına təqdim edib ("Eartone" milli musiqi alətlərimizin sample bank toplusu). Bu səs ensiklopediyasından Dünyanın bir sıra məşhur və tanınmış DJ və aranjimançıları öz işlərində istifadə edir.
2019-cu ildə "Relaxing Mood Chill Out Music Albom" adlı musiqi albomunu yayımlayıb. Bu albomdan məqsəd əsasən insanların günlük yorğunluqlarını çıxarması üçün rahatladıcı instrumental musiqilər təqdim etmək olub. 2020-ci ildə Xəzər TV-də yayımlanmış "Nazlı Taksi" serialının bəstəkarı olub.
2020-ci ildə ABŞ-ın "Cinetools Freaky loops" kimi nüfuzlu musiqi və "Sound fx" şirkəti ilə müqavilə bağlayıb. Həmin ildə beynəlxalq "Rising star" yarışmasının Türkiyə proqramının finalçıları ilə çalışmaları olub. Belə ki, türk müğənnisi Vuralın Səma Aydəmirlə duet oxuduğu "Susma" sinqlının aranjimanını edib.
2020-ci ilin sonunda istehsal edilmiş və 2021-ci ilin yanvarında İctimai TV-də yayımlanan "Sən demə" tammetrajlı bədii filminin bəstəkarı olub. 2022-ci ildə "Generation" albomu yayımlanıb. Burada Azərbaycanın korifey ifaçıları ilə mövcud ifaçıları və ya öz dövrünün ifaçıları ilə duet təqdim olunur.
Bilinən populyar retro mahnıları yeni aranjmanda fərqli formada təqdim edilir. (Albomdan bəzi nümunələr: Akif İslamzadə ft Amina — "Gəl küsməyək"; Nərminə Məmmədova ft Zamiq Hüseynov — "Ay işığında", Şövkət Ələkbərova ft Mirələm Mirələmov — "Məni candan usandırdı"; Sara Qədimova ft Rübabə Muradova — "Küsüb getdi, unuda bilmirəm").
Həmin ilin sonunda yayımlanmış "Geri dönənlər" filminin bəstəkarı olub. 2023-cü ildə Türkiyə istehsalı olan "Kırmızı Başlıklı Kız ve Bizim Kahramanlar" tammetrajlı animasiya filminin bəstəkarı olub. Xəzər TV ve CBC kanallarının tv qrafik loqolarının ve həmçinin xəbərlər, hava haqqında, iqtisadiyyat və idman çarxlarının ön ident musiqilərinin müəllifidir.
Layihələr
- Avroviziya müsabiqəsinin milli seçim finalının açılış musiqisi
- "Lift" reality show
- "Eartone" milli musiqi alətlərimizin sample bank toplusu
- "Relaxing" mood chill out music albom
- "Generation" albom
İştirak və mükafatlar
1999-cu ildə BP, AzEuroTel, Açıq Cəmiyyət İnstitutu, "Parfume de France", Gənclər, İdman və Turizm Nazirliyinin sponsor olduğu Gənclərin Yaradıcılıq Festivalında müvəffəqiyyətli iştirakına görə "Ümidli Gələcək" gənclər təşkilatı (GT) tərəfindən sertifikatla təltif edilib.
2002-ci ildə uşaq yaradıcılığı bayramında iştirakına görə "Ümidli Gələcək" GT tərəfindən sertifikatla təltif edilib. 2002-ci ildə "Media Holdinq"in baş direktoru Vüqar Qaradağlı tərəfindən "İstedadlar axtarırıq" Respublika baxış müsabiqəsinin diplomantı adına layiq görülüb.
2007-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində keçirilən Bethoven adına tələbə bəstəkarların musiqi yarışmasında fortepiano üçün sonata və fortepiano ilə skripka üçün prelud əsərləri ilə iştirak edib. 2009-cu ildə Avstraliyanın Sidney şəhərində keçirilən qısametrajlı film festivalında ən yaxşı film musiqisi nominasiyasında qalib gəlib.
2016-cı ildə Kan Film Festivalının iştirakçısı olub. 17 sentyabr 2024-cü ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Dünyanın ən yaxşı musiqiçilərinin müsabiqəsi”ndə kompozisiya kateqoriyası üzrə II olub. 15 oktyabr 2024-cü ildə Polşanın Qdansk şəhərində keçirilmiş “Bax” Beynəlxalq Musiqi Müsabiqəsində kompozisiya kateqoriyasında 1-ci yaş qrupu üzrə III olub.
8 yanvar 2025-ci ildə Avstriyanın paytaxtı Vyanada “Musikverein”də keçirilən “VII Vyana Yeni İl Konserti Beynəlxalq Musiqi Müsabiqəsi”ndə Kamera musiqisi bəstəkarlığı kateqoriyasında “Fəxri Mükafat”a layiq görülüb. 25 yanvar 2025-ci ildə Polşanın Qdansk şəhərində keçirilən “Klassik Musiqi Ulduzları” beynəlxalq müsabiqəsində bəstəkarlıq kateqoriyası üzrə II olub.
“Ədəbiyyat və incəsənət”
(19.02.2026)


