Qərbi Azərbaycan ziyalıları: Cəfər Xəndan Featured

        

Nigar Xanəliyeva, "Ədəbiyyat və İncəsənət"                                                                                                                                                         

                                                                                                                                              

Cəfər Zeynal oğlu Hacıyev (ədəbi mühitdə Cəfər Xəndan kimi tanınır) 8 may 1910-cu ildə İrəvanda anadan olmuş, 10 avqust 1961-ci ildə vəfat etmişdir. Onun doğulduğu yer barədə mənbələrdə müəyyən fərqliliklər mövcuddur: bəzi tədqiqatlarda Uluxanlı mahalının Ağhəmzəli kəndi, digərlərində isə Ağhəmzəliyə bitişik Cəbəçəli kəndi doğum yeri kimi göstərilir. Eyni zamanda, təvəllüd ili ilə bağlı da ziddiyyətli məlumatlara rast gəlinir; bir sıra mənbələr 1910-cu ili, bəziləri isə 1911-ci ili qeyd edir.

 

1918-ci ildə İrəvanda azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdunu tərk edərək Gəncəyə sığınmağa məcbur olmuşdur. Bu ağır dövrdə o, valideynlərini itirmiş, bir müddət bacısı ilə birlikdə uşaq evində yaşamışdır. Təhsil yoluna Gəncə Pedaqoji Texnikumunda başlayan Cəfər Xəndan daha sonra Pedaqoji İnstitutun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsini bitirmişdir. Tələbəlik illərində paralel olaraq işçi fakültəsində müəllim kimi çalışması onun pedaqoji fəaliyyətə erkən başlamasından xəbər verir.

Elm sahəsinə dərin marağı onu aspiranturaya gətirmiş, bundan sonra o, institutda Ədəbiyyat kafedrasında əvvəlcə assistent, daha sonra dosent vəzifələrində çalışmışdır. Zaman keçdikcə Cəfər Xəndanın elmi və təşkilati fəaliyyəti daha da genişlənmişdir. O, M.F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həmçinin Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi kimi məsul vəzifələrdə çalışmışdır.

Bu dövrdə o, pedaqoji və elmi fəaliyyəti ilə yanaşı jurnalistika sahəsində də fəal olmuşdur. Cəfər Xəndan “Ədəbiyyat” qəzetinin məsul katibi, “Gənc işçi” qəzetində isə Ədəbiyyat şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

1941-ci ildə müharibənin başlanması ilə Cəfər Xəndan ordu sıralarına çağırılmış, siyasi rəhbər və hərbi jurnalist kimi müxtəlif cəbhələrdə fəaliyyət göstərmişdir. O, siyasi şöbələrdə təlimatçı kimi çalışmış, “Vətənin şərəfinə”, “Qələbəyə doğru”, “Vətən yolunda” adlı cəbhə qəzetlərində məsul redaktorun müavini olmuşdur. Müharibədən sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri və 1947–1949-cu illərdə universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 1948-ci ildə “1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1949-cu ildə professor elmi adına layiq görülmüşdür.

1950-ci ildə Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru seçilmiş və dörd il bu ali təhsil ocağına rəhbərlik etmişdir. Onun həyatının mühüm mərhələsi universitetlə bağlı olmuş, uzun illər dosent, dekan, rektor və 1952–1961-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

Cəfər Xəndanın yaradıcılığı 1930-cu ildən etibarən dövri mətbuatda görünməyə başlamış və zəngin, çoxşaxəli xarakter daşımışdır. Poeziya onun yaradıcılığında mühüm yer tutmuşdur. 1936-cı ildə Mikayıl Müşfiqin redaktəsi ilə nəşr olunan “Bəyaz gecələr” adlı ilk şeirlər kitabı bunun bariz nümunəsidir. Sonrakı illərdə “Cəbhə” şeirləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) kitabları çap olunmuşdur.

Cəfər Xəndan həm də klassik irsin tədqiqi və tərcüməsi sahəsində mühüm xidmətlər göstərmiş, Nizami, Xaqani, Ömər Xəyyam, Heyran xanım kimi sənətkarların əsərlərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir. O, ana dilində ilk “Müasir Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifi olmuşdur. 1940-cı ildə nəşr etdirdiyi “Sabir” monoqrafiyası sabirşünaslıqda ilk genişhəcmli elmi tədqiqat kimi xüsusi əhəmiyyət kəsb edir. Alimin Cənubi Azərbaycan ədəbiyyatına dair ikicildlik fundamental əsəri, eləcə də “Azərbaycan ədəbiyyatı tarixi” ilə bağlı tədqiqatları da elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Repressiyadan sonra uzun müddət qadağan edilmiş Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan ilk monoqrafiyanın müəllifi də məhz Cəfər Xəndandır (1956). O, akademik M. Ariflə birgə orta məktəblər üçün “Sovet ədəbiyyatı” dərsliyini (1957) yazmış, bu əsər sonradan dəfələrlə yenidən işlənərək nəşr olunmuşdur.

Cəfər Xəndan əsasən XX əsr və müasir Azərbaycan ədəbiyyatının tədqiqinə üstünlük vermiş, bu sahədə bir sıra mühüm monoqrafiyalar çap etdirmişdir. Onun “Sabir” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Sovet ədəbiyyatı” (I–II hissələr, 1952), “C. Cabbarlının həyat və yaradıcılığı” (1954), “Molla Nəsrəddin” (1956), “Mikayıl Müşfiq” (1956), “Şairin həyatı” (1961) kimi əsərləri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutur. Alim Sabir mövzusuna yenidən qayıdaraq “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı fundamental tədqiqatını da qələmə almışdır.

Ədəbiyyat nəzəriyyəsi sahəsində də müntəzəm fəaliyyət göstərən Cəfər Xəndan “Bədii ədəbiyyatda tipiklik”, “Ədəbi stil, metod və cərəyan haqqında”, “Ədəbiyyat nəzəriyyəsinin inkişaf yolları haqqında”, “Bədii ədəbiyyatın əsas predmeti” kimi elmi məqalələr yazmışdır. Onun pedaqoji fəaliyyəti xüsusilə diqqətəlayiqdir: o, ömrünün otuz ildən artıq bir hissəsini müəllimlik işinə həsr etmişdir.

Cəfər Xəndan eyni zamanda fəal ictimai xadim olmuş, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı və Azərbaycan KP MK-nın üzvü seçilmişdir. O, xidmətlərinə görə “Qırmızı Ulduz” (1942), “Qırmızı Əmək Bayrağı” (1946), “Şərəf nişanı” ordenləri, eləcə də “Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.